Məhkəmə qərarları › İş №1(051)-120/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-120/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-120/2023 10.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1955-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd şəffaf bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5.89 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, həmçinin həmin Qanunla müvafiq miqdarları özündə əks etdirən 3-cü siyahının 1-ci bəndində əsasən tərkibində çətənə növlü bitki olan bitkilərin xeyli miqdarının aşağı həddi 3 ədəd, yuxarı həddi 15 ədəd olduğu halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını xeyli miqdarda təmiz çəkisi 660 qram olan 14 ədəd çətənə tərkibli kolu yaşadığı Mingəçevir şəhəri, Füzuli küçəsi 20 saylı evin həyətində əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Füzuli küçəsi, 20 saylı evin qarşısında saxlanılıb şəxsin öz razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 14 ədəd tərkibində narkotik tərkibli, yəni çətənə kolu aşkar edilərək götürülmüş, bundan sonra Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 18:50-dən 19:02-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 5.89 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı Mingəçevir şəhəri Füzuli küçəsində evin həyətində olan küçə qapısının döyüldüyünü eşidərək küçəyə çıxmışdır. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib, xidməti vəsiqələrini göstərərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ünvanına baxış keçirilməsi zərurətinin olduğunu bildirmişlər. Onlar həyətə baxan zaman oğlu Ceyhunun əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini gördülər. Həmin kolları oğlu əkmiş və 6 ədəd olmuşdur. Qalan kollar yabanı şəkildə bitmişdir. Oğlu Ceyhunun barəsində cinayət işi olduğundan həmin çətənə bitkilərini özünün əkib-becərdiyini bildirmişdir ki, oğlunun məsuliyyəti ağırlaşdırılmasın. Çünki onun ayağının biri amputasiya olunmuşdur. O, özü-özünə baxa bilmir. Belə olan halda onun çətənə bitkisini əkib becərməsi qeyri-mümkündür. Bununla belə o, yenə də çətənə bitkilərini əkməyi öz üzərinə götürmüşdür. Ondan da imtina etmir, lakin orada cəmi 6 ədəd çətənə kolu olmuşdur. Qalan kollar yabanı şəkildə özü bitmişdir. Ona baxmayaraq, polis əməkdaşları hamısını onun üzərinə yazmışdır. Hesab edir ki, çətənə kollarının sayı 6 ədəd qeyd edilməlidir. Həyətyanı sahəyə baxış keçirildikdən sonra onu Polis Şöbəsinə aparmışlar və əməliyyatçıların otağında üzərinə baxış keçirməzdən əvvəl, o, üzərində təxminən çəkisi 2 qrama yaxın olan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni polis əməkdaşlarından birinə vermişdir. Sonra isə ona çəkisi artıq olan kütlə qaytarmışlar və həmin kütləni üzərinə videoçəkiliş aparılan zaman cibində çıxarıb təqdim edərək ona məxsus olduğunu bildirməyini tapşırmışlar. O da məcburiyyət qarşısında videoçəkilişlə üzərinə baxış keçirilən zaman polis əməkdaşlarının dediyi kimi narkotik tərkibli çətənə bitkilərini özünün əkib becərdiyini və qurudulmuş marixuananın isə ona məxsus olduğunu etiraf etmişdir. Halbuki, o, narkotik vasitəni corabının içində saxlamış və oradan çıxarıb polis əməkdaşına vermişdir. Üzərində olan narkotik vasitəni heç kimdən almamış, öz istifadəsi üçün saxlamışdır. O, ağrılarına görə ayda bir dəfə, düşəndə iki dəfə narkotik vasitə olan marixuana qəbul edir. Ona görə də həmin marixuananı üzərində saxlamışdır. Bununla belə o, baxış və məhkəyədək icraat zamanı etiraz etməmişdir. Hazırda da etiraz etmir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Onun bir ayağı müharibə vaxtı yaralandığına görə amputasiya olunmuşdur Ona görə İİ qrup Qarabağ əlildir, hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin BNMİ-nin QRBŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Mingəçevir ŞPŞ-nin BNMİ-NİN QRBŞ-nin baş serjanti Şahid2 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılmış və şəxsin barəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı olduğu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz yazılı razılığı ilə onun yaşadığı Mingəçevir şəhəri, Füzuli küçəsi, 20 saylı evin 1 nömrəli mənzilinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq həyətyanı sahəsində hündürlüyü 60 santimetr olan 14 ədəd tərkibində narkotik maddə olan çətənə kollarını təqdim etmişdir. Həmin kollara baxış keçirildikdən sonra kollar köklərindən qoparılaraq kisəyə yığılıb möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-yə gətirilmiş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olması bildirilmişdir. Onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kağız büküm çıxardaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olan qurudumuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 1 ədəd kağız bükümdə olan kütlənin açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə olan marixuanaya oxşar kütlənin ümumi çəkisi 6.65 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri Azərbaycan Respublikası DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin MNMİ-nin QRBŞ-nin baş serjant Şahid2 Kəmallədin oğlu da ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd ağ rəngli kağıza bükümündə ümumi çəkisi 6.65 qram olan narkotik vasitə-qurudulmuş marixuana və yaşadığı evin həyətyanı sahəsində baxış keçirilən zaman 14 ədəd tərkibində narkotik tərkibli, yəni çətənə kolları aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 14 ədəd çətənə tərkibli kolu Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Füzuli küçəsi 20 saylı evin həyətində aşkar edilib ona təqdim olunan 14 ədəd (iki ədədi dibçəkdə) olan bitki kollarının hər birinin uzunluğu 12sm.-60 sm.-dir. Bitki kolları çətənə tərkibli bitki kollarına oxşardır. Bitki kollarına aqrotexniki qaydada qulluq edilmiş, yəni gövdə ətrafı torpaq sahəsi yumşaldılmış, suvarılması üçün xüsusi qaydada qulluq edilmişdir. Bitki kolları tünd-yaşıl rəngli və spesifik iyə malikdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD” diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik tərkibli çətənə bitkisinin xeyli miqdarda təmiz çəkisi 660 qram olan 14 ədəd çətənə tərkibli kolu yaşadığı Mingəçevir şəhəri, Füzuli küçəsi 20 saylı evin həyətində əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində MNMİ-nin QRBŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Füzuli küçəsi 20 saylı evin qarşısında saxlanılıb şəxsin öz yazılı razılığı ilə yaşadığı evin həyətyanı sahəsində baxış keçirilən zaman 14 ədəd tərkibində narkotik tərkibli, yəni çətənə kolu aşkar edilərək götürülmüş, sonra Mingəçevir ŞPŞ-nə gətirilərək həmin tarixdə saat 18:50-dən 19:02-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 5.89 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2023cü il tarixli 17/338 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olunmuş 14 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər” sözləri, adlar və imzalar yazılmış sintetik kisənin içərisindəki, uzunluqları 12 sm-dən 60 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 660,0 qram olan 14 ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ kağız bükümdə, təmiz çəkisi- 5,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 984 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİ qrup əlil olduğu üçün məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə götürülmüş ilkin xalis çəkisi 5.89 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 5.84 qram olan narkotik vasitə-qurudulmuş marixuana və ilkin xalis çəkisi 660 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 659.30 qram çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmiş,Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən edilməsi məqsədilə əlavə araşdırma aparılması üçün ********* saylı cinayət işindən material ayrılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd şəffaf bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5.89 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımaqla, həmçinin qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətində əkib becərərək təmiz çəkisi 660 qram olan, 14 ədəd çətənə tərkibli bitki kolunu kultivasiya etməklə ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan üzərində saxlayaraq daşımış və xx.xx.2023-cü il tarixdə saat 16 radələrində DİN BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Füzuli küçəsi, 20 saylı evin qarşısında saxlanılıb şəxsin öz yazılı razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 14 ədəd tərkibində narkotik tərkibli, yəni çətənə kolunu əkib yetişdirdiyi aşkar olunmuş, bundan sonra Mingəçevir ŞPŞnə gətirilərək həmin tarixdə saat 18:50-dən 19:02-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı qara rəngli şalvarının sağ yan cibindən bir kağız bükümdə təmiz çəkisi 5.89 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 04 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi və tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs 2-ci qrup müharibə əllili olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrub əlildir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində 5 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddərərin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrılıqda azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını, həmin Məcəllənin 66.2-ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İİ qrup əlil olması nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Qaydaların İİ hissəsinin 3.2-ci maddəsinə əsasən ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 5.84 qram olan narkotik vasitəqurudulmuş marixuana və ilkin xalis çəkisi 659.30 qram olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il, CM-in 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 5.84 qram olan narkotik vasitəqurudulmuş marixuana və ilkin xalis çəkisi 659.30 qram olan çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar