Məhkəmə qərarları › İş №1(051)-120/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-120/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-120/2025 03.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər “Konsensus” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Mingəçevir şəhəri, N.Nərimanov prospekti 7 nömrəli evin, 16 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X2 şəhər Məhkəməsinin 23 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən islah olunmayaraq istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd ******* №-li, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-ci ildə istehsal olunmuş, «Kalaşnikov» konstruksiyalı, AKS-74 modelli, yivli, atəş üçün yararlı, texniki cəhətdən saz, odlu silah hesab edilən avtomatı, 1 (bir) ədəd, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş,döyüş sursatı hesab edilməyən, texniki cəhətdən saz, istifadəyə üçün yararlı Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - sandıqçanı, 30 ədəd zavod üsulu ilə hazırlanmış, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli « AK-74, AK-74M, AKS-74, AKS- 74U » markalı avtomat silahlarda və “RPK-74” (RPKS-74) markalı əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, atəş üçün yararlı patronları 1 ədəd idman çantasının içərisində olmaqla üzərində saxlayaraq gəzdirmiş, 11 mart 2025-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, İslamzadə küçəsində yerləşən “Kür” Olimpiya və İdman Kompleksinin yaxınlığında saxlanılıb həmin ünvanda saat 19:36-dan 19:51-dək olan müddətdə üzəri yoxlanılarkən onun əlində olan idman çantasından 1 ədəd “Kalaşnikov” konstruksiyalı, döyüş təyinatlı, yivli-odlu silah, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi - darağ və 30 (otuz) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab olunan patronlar aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, o, Mingəçevir şəhəri Samux küçəsində (arxa yolda) yerləşən və “svalka” deyə adlandırılan məişət tullantılarının toplandığı ərazidə əlvan və qara metalları toplayaraq onları metal qəbulu məntəqələrinə satmaqla dolanmışdır. Təxminən 2 ay bundan əvvəl saat 16-17 radələrində həmin ərazidə metal toplayan zaman məişət tullantılarının arasında sellofan torbanın içərisində metal bir əşya görmüşdür. Həmin torbanı açıb baxan zaman içərisində 1 ədəd avtomat, 30 ədəd patron və 1 ədəd sandıqcanın olmasını görmüşdür. Qeyd olunan əşyaları tapan zaman ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin avtomatı götürmüş və yaşadığı binanın blokunda zirzəmiyə gizlədərək saxlamışdır. Yaşadığı binanın birinci mərtəbəsində yaşayan qonşu evlərini, o cümlədən evin alt hissəsində olan zirzəmini təmir etdirdiyindən və təmir üçün zirzəmiyə girəcəyini bildiyindən gizlətdiyi avtomatı tapmaması üçün onu Kür çayına atmaq qərarına gəlmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində tapdığı “Kalaşnikov” avtomatını, həmçinin avtomata məxsus 1 ədəd sandıqca və 30 ədəd partonu aparıb atmaq məqsədilə idman çantasının içərisində qoyaraq özü ilə götürmüşdür. Təxminən saat 19:34 radələrində Mingəçevir şəhəri, İslamzadə küçəsində yerləşən “Kür” Olimpiya və İdman Kompleksinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq odlu silah saxlaması barədə polis şöbəsində məlumat olduğunu bildirmişlər. Həmçinin saxlanılan zaman ona qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzəri yoxlanılarkən əlindəki idman çantasının içərisindən 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd sandıqca və 30 ədəd patron aşkar edilmişdir. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin silahı, sandıqca və 30 ədəd patronu təxminən 2 ay bundan əvvəl məişət tullantılarının atıldığı “svalka” deyə adlandırılan ərazidə taparaq əldə etdiyini bildirmişdir. Üzərindən aşkar olunmuş avtomat, sandıqca və 30 ədəd patron onun və digər şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. Qablaşdırmanın üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə yoxlama zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra üzərindən odlu silah aşkar olunduğu üçün Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilmişdir. Polis şöbəsində X3 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Daha sonra vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid4 və Şahid3 ilə birlikdə Mingəçevir şəhər sakini, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, İslamzadə küçəsində Kür Olimpiya və İdman Kompleksinin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə polis şöbəsində məlumat olduğunu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Həmin yerdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əlindəki idman çantası yoxlanılan zaman idman çantasının içərisindən 1 ədəd “Kalaşnikov” tipli odlu silah, həmin odlu silaha aid olan 1 ədəd sandıqça və 30 ədəd patron aşkar olunmuşdur. Həmin 1 ədəd silah, 1 ədəd darağ və 30 ədəd patron onlar tərəfindən götürülərək qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, qablaşdırmanın üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd Kalaşnikov tipli odlu silahı, 01 ədəd sandıqçanı və həmin silaha aid 30 ədəd patron təxminən 02 ay əvvəl Mingəçevir şəhəri, “Svalka yolu” deyə adlandırılan, məişət tullantılarının atıldığı zibilxanadan tapdığını, silahı tapdıqdan sonra onu yaşadığı binanın zirzəmisində saxladığını, üzərində aşkar olunan zaman isə həmin silahı və onun hissələrini Kür çayına atmaq məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən odlu silahın və onun hissələrinin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid4 və Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45 dəqiqədə CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 13 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-18/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. 11 mart 2025-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, X4 üzəri yoxlanarkən onun əlində olan idman çantasından 1 ədəd “Kalaşnikov” konstruksiyalı, döyüş təyinatlı, yivli-odlu silah, Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi darağ və 30 (otuz) ədəd 5,45 mm kalibrli döyüş sursatı hesab olunan patronlar aşkar edilərək götürülmüşdür. İş üzrə xx.xx.2025-ci il tarixli qərarla təyin olunmuş məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 17/222 №-li rəyinə əsasən: - Tədqiqata təqdim edilmiş silah “1008733” №-li zavod üsulu ilə hazırlanmış, 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı, AKMS markalı yivli odlu avtomatik döyüş silahıdır. MEM-in Şəki Regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silah təqdim edilən vəziyyətdə atəşə yararlıdırmı” və “silah texniki cəhətdən sazdırmı, əgər saz deyildirsə, nasazlığın səbəbi müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. -Tədqiqata təqdim edilmiş 30 (otuz) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik Kalaşnikov konstruksiyalı “AK-74”(“AK- 74M”, “AKS-74”, “AKS-74U”) markalı avtomat silahlarda, “RPK-74 (“RPKS-74”) markalı əl pulmyotlarında və s. yivli odlu silahlardan silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır- döyüş sursatıdırlar, istifadəyə yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 5,45 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. İş üzrə xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş əlavə məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 25/836 nömrəli rəyinə əsasən: 1.Tədqiqata təqdim olunmuş 01 ədəd ******* №-li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsidir - darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 3.Təqdiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdırlar və atəş üçün yararlıdırlar.

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 3-13-11/7-6767/2025 saylı məktuba əsasən, təqdim olunmuş 01 ədəd 5,45 mm kalibrli ******* №-li Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış, ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Məhkəməballistik ekspertizasından sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş eksperimental atəşlərdən sonra 01 ədəd 5,45 mm kalibrli ******* №-li Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomat, 01 ədəd darağ və 27 ədəd 5,45x39 mm kalibrli patron iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq DİN-nin X7 Baş İdarəsinin anbarına təhvil verilməsi üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılır. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, o, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. İşdə olan 5 nömrəli MİS tərəfidən verilmiş 253 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əliyev X2 şəhəri N.Nərimanov prospekti ev 7, mənzil 16 ünvanda yaşayır. ünvan 2 Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun haqqında 5 saylı MİSə bir yaşayışçı kimi heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Əliyev X2 şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Əliyev X2 şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (müəyyən edilməmişdir) və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 mart 2025-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 01 ədəd 5,45 mm kalibrli ******* №-li Kalaşnikov konstruksiyalı, AKS- 74 modelli avtomat, 01 ədəd darağ və 27 ədəd 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X7 Baş İdarəsinə təhvil verilməli, 30,60 (otuz manat altmış qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 01 ədəd 5,45 mm kalibrli ******* №li Kalaşnikov konstruksiyalı, AKS-74 modelli avtomat, 01 ədəd darağ və 27 ədəd 5,45x39 mm kalibrli patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin X7 Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30,60 (otuz manat altmış qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.

Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar