Məhkəmə qərarları › İş №1(051)-121/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-121/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-121/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 12 mənzil 20-də qeydiyyatda olan və yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 37,799 qram olan şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxx 2020-ci il tarixdə saat 12:15 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12 saylı binanın yaxıınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 13:15 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sol iç döş cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 37,799 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə saat 16- 17 radələrində Mingəçevir şəhəri 12 saylı orta məktəbin stadionunda piyada gəzən zaman yerdə sellofan büküm görmüş, maraqlı olduğu üçün o, həmin bükümü əyilib yerdən götürmüşdür. Həmin bükümü açanda içərisində narkotik vasitə hesab edilən qara rəngli tiryəkə oxşar kütlə olduğunu görmüşdür. O, bükümün içərisində olan narkotik vasitəni quruluşundan və rəngindən tanımış və bükümü özü ilə götürmüşdür. Həmin bükümü əynindəki tünd göy rəngli gödəkçəsinin sağ iç döş cibinə qoyub üzərində gizlədərk saxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 12:15 radələrində o, yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 12 saylı binanın yaxınlığında olan zaman tapdığı narkotik vasitə olan tiryək bükümü əynindəki tünd göy rəngli gödəkçəsinin sağ iç döş cibində olmuşdur. Bu zaman ona mülki paltarda şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək polis şöbəsinə onu dəvət etmişdirlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində ona vəkillərin siyahısı təqdim olunub həmin siyahıdan müdafiəçi seçməyi ona təklif edilmiş, o, həmin siyahıdan müdafiəçi kimi Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istəmiş və həmin vəkil ona təqdim edilmişdir. Polis şöbəsində xx.xx.2020-ci il tarixdə saat 12:55-də vəkil Müdafiəçi iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuş, o da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Baxış keçirilməzdən əvvəll polis əməkdaşları tərəfindən ona, üzərinə video çəkiliş aparmaqla baxış keçirləcəyi halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah etmişdirlər. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçəsinin sağ iç döş cibindən şəffaf sellofana bükülmüş büküm olması müəyyən edilmişdir.Həmin büküm polis əməkdaşları tərəfindən açılarkən bükümün içindən quruluşundan və görünüşündən narkotik vasitə olan tiryəkə oxşar kütlə olması aydın olmuşdur. Sorğu zamanı, o, həmin kütlənin narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə saat 16-17 radələrində Mingəçevir şəhəri 12 saylı orta məktəbin stadionunda piyada gəzən zaman yerdən sellofan bükülmüş halda taparaq həmin bükümü əynindəki tünd göy rəngli gödəkçəsinin sağ iç döş cibinə qoyub gizlədərək üzərində saxladığını bildirmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və içərisində tiryəkə oxşar kütlə olan bükümün ümumi çəkisi 38,18 qram olduğu müəyyən edilmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfləşdirilərək möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. Səmimi peşimançığını nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hal-hazırda Mingəçevri şəhər polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkili vəzifəsində işləyir, xx xxx 2020-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtraış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2la birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 12 saylı binanın yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. Bundan sonra Cəfərov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sol iç döş cibindən şəffaf sellofan bükülmüş bir ədəd bükülü və digər əşyalar aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisindən xüsusi iyli narkotik vasitə “tiryək”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 38,18 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin “tiryək” olduğunu, həmin “tiryək”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni şəffaf sellofana bükülmüş vəziyyətdə xx.xx.2020-ci il tarixdə saat 16-17 radələrində Mingəçevir şəhəri, 12 saylı orta məktəbin stadionunun içərsində piyada gəzən zaman yerdən taparaq cibinə qoyub gizlədərək üstündə saxladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 17\313 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 37,799 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 692 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-65/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və CMnin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş. İşə əlavə olunmuş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020ci il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin 1(075)-65/2012 saylı, xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cərimə Mİngəçevir şəhər İcra və Probasiya şöbəsinin icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 37,799 qram olan şəffaf sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx xxx 2020-ci il tarixdə saat 12:15 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12 saylı binanın yaxıınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq həmin tarixdə saat 13:15 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçəsinin sol iç döş cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 37,799 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hall müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lakin Təqsirləndirilən şəxs məhkumluğu ödənilməməsinə baxmayaraq onun əməli əvvəlki törətdiyi cinayətə münasibətdə cinayətin residivini yaratmır. Belə ki, quvvədə olan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqdar cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.2-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsində göstərilmişdir ki, hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən təyin olunan əsas cəzaya əlavə cəza da birləşdirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökümlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası tam birləşdirməklə üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası və 3000 manat cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxx 2020-ci il il tarixli protokoldan və xx xxx 2020-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhəri ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74- 1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Məhkəmə təqsirləndirilən şəxsin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onun normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxsin tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69,10 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 37,699 qram tiryək Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırki hökümlə təyin edilmiş 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat cərimə cəzası tam birləşdirməklə üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 3000 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhəri ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 37,699 qram tiryək qalığı məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar