Məhkəmə qərarları › İş №1(051)-121/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-121/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-121/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, Ağdam rayon Seyidli kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 6 mənzil 45-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış, 23 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metafetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,131 qram və bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,257 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,388 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, o, 23.02.2021-ci il tarixdə təxminən saat 19-20 radələrində tanışları Şahid3 və Şahid6lə birlikdə yaşadığı mənzildə oturub çay içən vaxt qapının zəngi çalınmış, o, qapını açan kimi 10-15 nəfər polis əməkdaşı mənzilə daxil olmuş və heç bir söz demədən qolunu burub, başını yerə dikib onu tanışları Elbrus və Vaqiflə birlikdə Mingəçevir ŞPŞ-yə aparmışlar. ŞPŞ-də onların ayrı-ayrı otağa salıb saxlamışlar. Bir müddət sonra Elbrusla Vaqifi buraxmışlar. O isə ŞPŞ-də həmin otaqda qalmışdır. Ondan sonra əməliyyatçılar «lampanın» içərisinə nə isə bir maddə qoyub və qara kazığa bükülü vəziyyətdə onun qarşısına stolun qoymuşlar. Həmin bükülünün içərisində metamfetamin olduğunu deyərək, onu üzərinə götürməsini tələb etmişlər. Əks halda qanunsuz silah saxlama ilə ilə «sroka» göndərəcəklərini bildirmişlər. Ona görə də o, onlarla razılaşmaq məcburiyyətində qalmışdır. Ondan sonra əməliyyatçılar onu ŞPŞ-nin növbətçi hissəsinə aparmış və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Çəkiliş vaxtı o, məcbur qalıb həmin maddənin ona məxsus olduğunu etiraf etmişdir. Həmin psixotrop maddə yerə tökülməyib ki, o, onu tapsın. Əməliyyatçılar ona söz verdilər ki, həmin psixotrop maddənin özünə məxsus olduğunu etiraf etsən, 48 saatdan sonra azad olunacaqdır. Lakin əməliyyatçılar verdikləri sözə əməl etmədilər və onun barəsində həbs qətimkan tədbiri seçildi. Halbuki, o, heç vaxt metamfetamindən istifadə etməmiş, yalnız əvvəllər ara-bir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Hazırda polis əməkdaşları bidirir ki, guya onu binanın qarşısında tutmuşlar, ancaq polis əməkdaşlarının ifadələri həqiqətə uyğun deyildir. Onu yaşadığı evin içərisindən tutub aparmışlar. Həmin vaxt onun arxası ilə 10 nəfərdən çox polis gəlmişdir. O yalnız Emiri tanımış, digərlərini birinci dəfə görmüşdür. Dindirmə zamanı isə ona qulaq asmadan müstəntiq öz yazdığına imza etdirmişdir. Eləcə də, onun barəsində narkomaniyadan əzab çəkməyi ilə bağlı verilmiş ekspert rəyi ilə də razı deyildir. Çünki polis işçiləri onu nə Gəncə şəhərində, nə də 2 saylı istintaq təcridxanasında ekspertizadan keçirməmişlər. Sonradan məhkəmə tərəfindən təyin edilən ekspertiza zamanı da ekspert ondan heç bir qan nümunəsi götürməmişdir. O, heç vaxt narkotik vasitədən asılı vəziyyətdə olmamışdır. Hesab edir ki, ona qarşı qərəzli münasibət olmuşdur. Hazırda özünü təqsirli hesab etmir. Odur ki, məhkəmədən onun təqsirsiz elan edilərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 23 fevral 2021-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair polis şöbəsinə məxfi məlumat daxil olduğunu, həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunduğunu və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunduğunu, Əməliyyat-axtraış tədbirinin həyata keçirilməsi çərçivəsində 23.02.2021-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid2, X6 ilə birlikdə Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri H.Əliyev prospekti, Yeni Qəsəbə 6-cı binanın yaxınlığında Təqsirləndirilən şəxs və Şahid3 görüb onlara yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirib onları polis şöbəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs və Şahid3 etiraz etmədiklərini, bundan sonra Təqsirləndirilən şəxs və Şahid3 tərəflərindən Mingəçevir ŞPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil X7 dəvət olunduğunu, müdafiəşinin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuş, daha sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkil Müsqif Hüseynovun iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd şüşə flakon və 1 ədəd ağ rəngli kağıza bükülmüş büküm və qara rəngli tibbi maska, digər ciblərindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi və pul, həmçinin 1 qutu “Vinston” markalı siqaret çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd ədəd şüşə flakon və kağız bükümün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs şüşə flakon və kağız bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olmasını bildirdirmiş və bir neçə gün əvvəl təxminən 15-16 fevral 2021-ci il tarixdə Mingəçevir şəhər Avtovağzalının yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədilə üzərində daşıyaraq saxladığını bildirmişdir. Ondan sonra həmin şüşə flakon və kağız bükümün içərisndə olan kütləyə baxıldıqda, psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən olunduğundan, müdafiəçi və Təqsirləndirilən şəxs, habelə digər şəxslərin iştirakları ilə aşkar olunmuş flakon və kağız büküm elektron tərəzidə çəkilmiş, şüşə flakon içərisindəki kütlə ilə birlikdə 4,11 qram və kağız büküm içərisində olan kütlə isə 0,50 qram olması müəyyən olunmuşdur. Ondan sonra həmin maddələr ekspertizaya təqdim olunması üçün boş zərfdə qablaşdırılaraq zərfin üzəri möhür ilə möhürlənmiş və zərfin üzəri, həmçinin bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, müdafiəçisi və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün bu hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verdi və onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2021-ci ilin fevral ayının 16-da yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi ilə piyada gəzən zaman yerdən bir ədəd şüşə flakon tapmış və həmin şüşə flakonun baş hissəsində olan pambığı çıxaranda tlakonun içərisindəki maddənin iyindən və görünüşündən psixotrop maddə metafetamin oldğunu tanımışdır. Əvvəllər psixotrop maddə metafetamindən istifadə etdiyinə görə tapdığı kütləni iyindən, rəngindən, görünüşündən və toz halında olmasından metafetamin olmasını bildiyi üçün həmin şüşə flakonu daha sonra münasib vaxtda istifadə etmək üçün əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibinə qoymuşdur. Sonra əlverişli vaxt tapan kimi şüşə flakonda olan psixotrop maddə metafetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə yenə də gödəkçəsinin sol iç cibinə qoyaraq saxlamışdır. 23.02.2021-ci il tarixdə saat 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə əvvəlcə onun yaşadığı evdə yemək yeyib araq içmişlər. Sonra isə Semur ona balla çay içməyi təklif etmiş, o da Semurun təklifi ilə razılaşaraq, çay içmək üçün Semurun yaşadığı evə getmişdir. Onlar evə çatdıqdan bir az sonra Semurun tanışı Şahid6 gəlmişdir. Onunla Seymur arasında nə isə pul söhbəti olmuşdur. Şahid6 gəldikdən 10-15 dəqiqə sonra qapı döyülmüş və 7-8 nəfər polis işçisi evə daxil olmuşdur. Polislər evə daxil olan kimi onların hər üçünü ŞPŞ-yə aparmışlar. O, Semurdan ayrı otaqda saxlandığı üçün nə baş verdiyindən xəbəri olmamışdır. O, polis şöbəsində olarkən hüquqlarının müdafiəsi üçün vəkil X12 dəvət olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Ondan sonra, üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən içərisində psixotrop maddə metafetamin olan bir ədəd şüşə flakon aşkar edilərək götürülmüşdür. Sonra həmin şüşə flakon tərəzidə çəkilmiş, şüşə flakonun çəkisi isə 4,47 qram olmuş, daha sonra həmin şüşə flakon onun, müdafiəçisinin və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərinə, həmçinin polis işçiləri təərfindən şəxsi axtarış zamanı tərtib edilmiş protokola özü və müdafiəçi imza etmişdir. Üzərindən aşkar olunmuş metafetamini o, Təqsirləndirilən şəxs almamış, nə də o, Təqsirləndirilən şəxs metamfetamin satmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Şahid6 Xurşud oğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Mingəçevir şəhərində məskunlaşdıqları vaxtdan tanımışdır. Onunla Semur arasında yaxın münasibət olmuşdur. Semur tutulan zaman o da onun evində olmuşdur. Belə ki, Semurun ona borcu olduğuna görə o, borcunu almaq üçün Semurun dəvəti ilə onun evinə getmişdir. O, Semurun yaşadığı evə çatanda, orada Elbrus adlı şəxsin də orada olduğunu görmüşdür. Həmin vaxt onların kefi yaxşı vəziyyətdə olmuşdur. O evə gələn vaxt Semur çay gətirmiş, o çayı içmək istəyən zaman, qapı döyülmüşdür. Semur qapını açdıqda 5-6 nəfər polis əməkdaşları içəri daxil olmuş və onların ŞPŞ-yə getməli olduqlarını bildirişdilər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə qarşı heç bir artıq hərəkət etməmişlər. Ondan sonra polis əməkdaşları Semurun qoluna qandal vuraraq evdən çıxarıb avtomaşınlara doğru aparmışlar. Həmin vaxt onları ayrı-ayrı maşınlara mindirib RPŞ-yə aparmışlar. Orada onun üzərinə baxış keçirilmiş və heç bir şey aşkar olunmadığına görə sərbəst buraxmışlar. Onun həmin vaxt Semurdan və Elbrusdan xəbəri olmamışdır. Sonradan eşitmişdir ki, Semurun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid4 12.10.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, X1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə həmin şahidlərin məhkəmə iclasında elan olunmuş ifadələrini tədqiq edərkən müəyyən etdi ki, həmin şahidlərin ifadələri özgənin sözləri əsasında verilmiş məlumatlardan ibarətdir. Bu isə ittihamın düzgül həll edilməsi üçün sübut edilməli olan halların və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Ona görə də məhkəmə ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 və X1 ifadələrini ittihamın mahiyyəti üzrə həll edilməsi üçün sübut növü kimi qəbul etmir və nəzərə almır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs Abbasov Semur Hidayət oğlunun məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə-metafetaminin onun cibinə qoyulması, ən başlıcası isə özünün narkotik vasitə istifadəçisi olmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki qara rəngli qış gödəkcəsinin iç cibindən çıxdığı videoçəkiliş zamanı öz əksini tapmışdır. Eləcə də, məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının ekspert rəyi ilə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkdiyi təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin məhkəmə–narkoloji ekspertizasından keçirilməsi ilə bağlı onun ekspertə təqdim edilməməsi barədə bildirdikləri isə təkrar təyin edilmiş məhkəmə–narkoloji ekspertizası tərəfindən verilmiş və məhkəmə islasında tədqiq edilmiş rəylə təkzib olunmuşdur. Bununla başqa, təqsirləndirilən şəxs özünün küçədən deyil, yaşadığı evdən Şahid6 və Şahid3 Çingiz oğlu ilə birlikdə polis əməkdaşları tərəfindən qanunsuz aparılması ilə bağlı bidirdikləri də işin həqiqi halları ilə ziddiyyət təşkil edir. Belə ki, şahidlər Şahid6 və Şahid3 Çingiz oğlu ibtidai araşdırma zamanı həmin hallarla bağlı ifadə vermədikləri halda, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin bildirdiklərini təsdiq etmişlər. Halbuki, həmin şahidlər təqsirləndirilən şəxslə uzun müddət dostluq münasibətlərində olduğundan, onlarla təqsirləndirilən şəxs arasında emosional bağlılıq yaranmışdır. Bu da onu deməyə əsas verir ki, həmin şahidlər ifadələrini emosional bağlılığın təsiri altında verilmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə bütövlükdə tənqidi yanaşır, onun ifadəsini inandırıcı saymır, həmçinin şahidlər Şahid6 və Şahid3 Çingiz oğlunun ifadələrini də emosional bağlılığın təsiri altında verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir və nəzərə almır. . Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 23.02.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd şüşə lampanın içərisində və bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 fevral 2021ci il tarixli 17/153 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.. sözləri yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd başlığı qırıq şüşə lampada və 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,131 qram, 0,257 qram ümumi təmiz çəkiləri 0,388 qram olan maddələr kustar üsulla hazırlanmış, psixotrop maddə-metafetaminlərdir. Məhkəmə-kimyəvi ekspertizasının xüsusi hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş psixotrop maddələrin təmiz çəkisi 0,131 qram, tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,081 qram, təmiz çəkisi 0,257 qram, tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,207 qram qalmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08.05.2021-ci il tarixli 525 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metafetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarında olan təkrar ambulator məcburi narkoloji tibbi yoxlamanın 06.09.2021-ci il tarixli 3276 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmişdir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən 17 may 2021-ci il tarixdə verilmiş “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd şüşə lampada təmiz çəkisi 0,131 qram və bir ədəd qara- ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,257 qram olmaqla ümumi təmiz çəkisi 0,388 qram olan psixotrop maddə metamfetaminin müəyyən hissəsi məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,288 qram olan psixotrop maddə metafetamin iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞyə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 20.05. 2021–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir Şəhər Məhkəməsinin 09.08.2016-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28.10.2017-ci il tarixdə cəzasının sonu ilə əvəz edilmişdir. Hal-hazırda məhkumluğu ödənilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metafetamini əldə edib üzərində gəzdirməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış, 23 fevral 2021-ci il tarixdə saat 22:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospekti 6 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı 1 (bir) ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,131 qram və bir ədəd qara-ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,257 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,388 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metafetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mİngəçevir şəhər Bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Mİngəçevir şəhər Bölməsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmədə, saxlamada və daşımada ifadə olunmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən törədilən hüquqazidd, cəzalanmalı əməldir. Təqsirləndirilən şəxs oğlu əvvəllər, yəni 09.08.2016-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə narkomaniyadan məcburi müalicə olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi halda, yenidən eyni cinayət əməlini törətmişdir. Baxmayaraq ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş, lakin cəzanın çəkilməsindən sonra da onun cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edən neqativ kriminal xarakter formalaşmışdır. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23.02.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 23.02.2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin 25.02.2021-cü il tarixli, 4(051)- 30/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 27.02.2021-ci il tarixli 4(051)-31/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 14 mart 2021-ci il tarixli 4(051)-34/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da Təqsirləndirilən şəxs 23.02.2021-ci il tarixdən 23.11.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət 8 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Həmin Məcəllənin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd şüşə lampada təmiz çəkisi 0,131 qram və bir ədəd qara- ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,257 qram olmaqla qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,388 qram olan psixotrop maddə-matafetamin məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına müəyyən hissəsi sərf edildikdən sonra qalan qalıq 0,288 qram psixotrop maddə-matafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:271311341 Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdən 23 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlama müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzanı tam əhatə etdiyindən, cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs oğlu yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,288 qram olan psixotrop maddə-matafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:271311341 Hesab № AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar