Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-123/2025 01.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1980-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmiş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, xx.xx.2025-ci il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Yusifov X1 şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 10 gün cəzadan vaxtından əvvəl şərti azad edilməsinə, yəni məhkumluğu ödənilmədən və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməməsinə baxmayaraq, islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə-heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda yəni, 0,217 qram çəkidə narkotik vasitə-heroini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 10:37 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsi, ev 170\2 saylı binanın qarşısında saxlanılıb, saat 10:39-dan 10:45-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda yəni, 0,217 qram çəkidə narkotik vasitə-heroin onun əynində olan açıq göy rəngli şalvarının sol yan cibindəki kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, əvvəllər narkotik vasitə istifadə etmişdir. xx.xx.2025-cü il tarixdə təxminən saat 10 radələrində Mingəçevir şəhəri Kolxoz bazarının arxa tərəfində piyada hərəkət edən zaman yerdən siqaretin gümüşü kağızma bükülmüş büküm tapmışdır. O, yerdən tapdığı bükümü açıb baxarkən, əvvəllər də narkotik vasitə istifadə etdiyi üçün, içərisindəki həmin kütlələnin narkotik vasitə olan heroin olduğunu anlamış və daha sonra istifadəsi üçün üzərində saxlamışdır. 28 mart 2025-ci il tarixdə saat 10:37-də Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 170\2 saylı evin qarşısında olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən üzərini video çəkilişlə yoxlayacaqlarını bildirmişlər. Yoxlama aparılmamışdan əvvəl ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirərək üzərində olan açıq göy rəngli şalvarının sol yan cibindən 1 ədəd gümüşü bükümün içərisindəki narkotik vasitəni, sağ yan cibindən bir ədəd alışqanı, qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd 20 manat, 3 ədəd 1 manat pul əskinazlarını könüllü olaraq təqdim etmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitəni Mingəçevir Kolxoz bazarının arxa tərəfində piyada hərəkət edən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyətinin olmamasını bildirmişdir. Əməlindən peşmandır. Odur ki, ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 bildirmişdir ki, 28 mart 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid1 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə saat 10:37 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 170/2 saylı binanın qarşısı ilə piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarının sol yan cibindən 1 ədəd gümüşü bükümün içərisindəki narkotik vasitə heroinə bənzər kütləni, sağ yan cibindən bir ədəd alışqanı, qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd 20 manat, 3 ədəd 1 manat pul əskinazlarını könüllü olaraq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Təqdim edilən bir ədəd şəffaf sellofan büküm açılarkən narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm ilə birlikdə narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisinin 0,35 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə bənzər kütləni tutulmazdan əvvəl xx.xx.2025-cü il tarixdə təxminən saat 10 radələrində Mingəçevir şəhəri Kolxoz bazarının arxa tərəfində piyada hərəkət edən zaman yerdən tapmasını bildirmişdir. İş üzrə məhkəmə iclası zamanı Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və məhkəmə iclasında şahid qismində ifadəsi elan olunmuş Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 da Şahid3 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş 28 mart 2025-ci il tarixli protokol və ona əlavə olunmuş videoçəkilişdən görünür ki Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynindəki açıq göy rəngli şalvarının sol yan cibindəki kağız bükümün içərisindən kağız büküm ilə birlikdə ümumi çəkisi 0,35 qram narkotik vasitə “heroinə” oxşar kütlənin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:37-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/267 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə” yazısı, adlar və imzalar yazılmış 01( bir ) ədəd zərfin içərisindəki 01( bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,217 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(051)-25/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 07 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 10 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-136/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 0,217 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroindən məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,167 qram olan narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* N°-li cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 881 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 7 saylı MİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Yusifov X1 şəhəri A.Məmmədov küçəsi 4/2, mənzil 39 ünvanında qeydiyyatdadır və barəsində heç bir şikayət daxil olmayıb. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 751 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Yusifov X1 şəhər Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 4249 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanserində narkoloji qeydiyyatdadır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 174836/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarında narkotik vasitə olan heroinin xeyli miqdarda həddi 0,15 – 2 qram müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə isə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsi və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə 01 il 07 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 10 gün müddətində vaxtından əvvəl şərti azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3 – cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4 - cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən vaxt məhkumluğu ödənilməmiş və yenidən qəsdən cinayət törətməklə cinayətlərin residivini yaratmışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Bundan əlavə, CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı və təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa, CPM-in 158.2 –ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 28 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 881 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 197.1.4-ci maddəsinə görə mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alıb maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,167 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 28 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınsın. Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,167 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelliyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №1(051)-123/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-123/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver