Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-124/2024 07.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ofisiant vəzifəsində işləyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, 998 saylı HH-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:46-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddələrin tələblərinə əsasən sürücülük vəsiqəsi olmadan, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin təsiri altında nəqliyyat vasitəsini 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə hərəkət sürəti 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda bunlara əməl etməyərək sürücülük vəsiqəsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda idarə etdiyi «Mercedes Benz C180 » markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə asfalt yolla Yevlax rayon Xaldan qəsəbəsi istiqamətində 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətdən artıq sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin H.Əliyev prospektinin “Azpetrol” YDM-nin qarşısından keçən hissəsində yolun sağa dönən hissəsində avtomobilin sükanını ani hərəkətlərlə sağa daha sonra sola hərəkət etdirdiyi üçün avtomobilin idarə etməsini itirərək, avtomobili səkiyə çıxarıb ehtiyat torpaq sahəyə aşıraraq avtomobilin salonunda sağ qabaq oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sağ çənə şaxəsinin oynaq çıxıntısının, alt çənə sümüyü cisminin qapalı yerdəyişən sınıqları, alt çənədə sol 4-5-ci dişlərinin sınıqları, kəllə təpə və ənsə-gicgah nayihələrinin hematomalarının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurulmasına və avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, hər iki sirkə kasasının dibinin az yerdəyişən sınığı, oma sümüyünün soldan qəlpəli, yerdəyişmiş sınıqları, sol oturaq sinirinin travmatik neyropatiyası, sağ diz oynağının kantrakturası (bükmə 100 dərəcə), sol pəncənin sallanması, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan və ümumi əmək qabiliyyətini 1/3-dən çoxunun daimi itirilməsinin əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə yetirilərkən həyat üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətlərin yetirilməsinə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, H.Əliyev prospektində yolun dönən hissəsində idarə etdiyi nəqliyyat vasitəsi idarəetmədən çıxdığı üçün hadisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq şəhər mərkəzi xəstəxanasına özü də müraciət etmişdir. Sürücülük vəsiqəsi yoxdur, hadisə zamanı idarə etdiyi Mercedes Benz C 180 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus deyil. Belə ki, qohumu, yəni qayınatası Telmana məxsusdur. xx.xx.2023-cü il tarixdə axşam saatlarında qohumu Toğrul və dostu Mirzə ilə görüşmüşlər. Birlikdə Mingəçevir şəhər Füzuli küçəsində yerləşən “Qala” restoranında əyləşib yemək yemişlər, onunla Toğrul spirtli içki içmişlər. Lakin hərəkətlərini idarə edəcək vəziyyətdə olmuşlar. Daha sonra restorandan çıxdıqda onu evə düşürmələrini qohumundan xahiş etmişdir. Toğrul və Mirzə onu avtomobillə yaşadığı Mingəçevir şəhər A.Məmmədov küçəsi 16 saylı binanın qarşısına gətirib düşürüb getmişlər. Lakin təxminən bir saat sonra siqareti qurtardığı üçün Toğrul və Mirzədən gəlib onu götürmələrini və birlikdə siqaret alıb daha sonra onu qaytarmalarını xahiş etmişdir. Toğrul və Mirzə onun xahişi əsasında yaşadığı binanın qarşısına gəlib onu avtomobillə götürmüşlər. Həmin vaxt o, sükan arxasında, Toğrul sağ qabaq oturacaqda, Mirzə isə arxa oturacaqda əyləşmiş və birlikdə 20 Yanvar küçəsində yerləşən marketə getmişlər. Su və siqaret alıb, daha sonra şəhər ərazisində avtomobillə bir qədər gəzib daha sonra evə qayıtmaq istəyini bildirmiş, Toğrul və Mirzə də etiraz etməmişlər. O, şəhərin Alaqapı adlanan ərazisinə, yəni Havarlı kəndi istiqamətinə H.Əliyev prospekti ilə hərəkətdə olarkən avtomobili təxminən 80 km/saat sürətlə hərəkət etdirərkən yolun Azpetrol YDM-nin qarşısından keçən hissəsində yol təxminən 45 dərəcə bucaq altında sağa doğru əyilən hissəsini keçərkən qəflətən idarəetməni itirmiş və avtomobil arxası sürüşmüş, bundan sonra idarəetməni ələ ala bilməmiş və nəticədə yolun sol kənarında olan səkiyə avtomobil çırpılaraq yolun kənarına aşmışdır. Həmin hadisə nəticəsində özü də xəsarət almış və buna görə də polis əməkdaşları hadisə yerinə gələnədək hadisə yerində gözləyə bilməyib avtomobildə xəsarət almış Toğrul və Mirzə ilə birlikdə xəstəxanaya getmişlər. Zərərçəkmiş şəxslərlə barışıq əldə etmişlər, Mirzənin müalicəsi davam edir və ona maddi yardım etmişdir. Zərərçəkmiş şəxslərin müalicəsini qarşılamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında dostu Toğrul və Rəşad ilə birlikdə Mingəçevir şəhər Füzuli küçəsində yerləşən “Qala” restoranında əyləşib yemək yemişlər, Toğrul və Rəşad spirtli içki içmiş, lakin o, spirtli içki qəbul etməmişdir. Daha sonra restorandan çıxıb Toğrula məxsus Mercedes Benz C180 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək əvvəlcə Torğulla birlikdə Rəşadı aparıb, Mingəçevir şəhər A.Məmmədov küçəsində yerləşən yaşadığı evə düşürmüşlər. Daha sonra Toğrulla birlikdə şəhərdə avtomobillə gəzərkən təxminən 40 dəqiqə sonra Rəşad onlara zəng edərək su və siqaret almalı olduğunu bildirib onu evdən götürmələrini xahiş etmişdir. Onlar yenidən Rəşadın yaşadığı evin yaxınlığına getmişlər. Rəşad gəldikdə avtomobilin sükanı arxasına əyləşmək istədiyini bildirmiş və o, sükan arxasından düşmüş, Təqsirləndirilən şəxs sükan arxasına əyləşmişdir. Daha sonra birlikdə Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən marketdən siqaret və su almışlar, daha sonra Rəşad avtomobillə gəzmək istədiyini bildirmiş və həmfikir olduqları üçün üzü Yevlax rayon Havarlı kəndi istiqamətində yola düşmüşlər. O, həmin vaxt sürücünün arxasında arxa oturacaqda, Toğrul sağ qabaq oturacaqda, Rəşad isə sükan arxasında əyləşmişdir. Saat təxminən 01 radələrində onlar Mingəçevir şəhər H.Əliyev prospekti ilə üzü Havarlı kəndinə doğru gedərkən Azpetrol YDM-nin qarşısında yolun əyri hissəsindən keçərkən Rəşad idarəetməni itirmiş və nəticədə avtomobil H.Əliyev prospektində qarşı hərəkət yolunu da keçərək hərəkət yoluna nəzərən yolun sol tərəfində yerləşən səkinin üzərinə çıxaraq səkidən sol tərəfə aşaraq dayanmışdır. Həmin hadisə nəticəsində o, xəsarət almış və hər üçü xəstəxanaya müraciət etmişlər. Hadisə baş verən zaman o, avtomobildə arxa oturacaqda əyləşdiyi üçün avtomobili idarə etdiyi sürət barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən H.Əliyev prospektində yolun Azpetrol YDM-nin qarşısından keçən hissəsi döngəlidir, yol tədricən sağa doğru dönür, ola bilsin ki, Rəşad yolun həmin döngəli hissəsində idarəetməni itirmiş və mercedes markalı c seriyalı həmin avtomobillərin arxa hissəsi sürüşməyə meylli olduğundan o idarəetməni bərpa edə bilməmiş və nəticədə yolun sol kənarın çıxmaqla aşmışdır. Təqsirləndirilən şəxs onun müalicəsinə maddi yardım etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında qohumu, yeznəsi Rəşad və dostu Mirzə ilə birlikdə Mingəçevir şəhər Füzuli küçəsində yerləşən “Qala” restoranında əyləşib yemək yemiş, həmin vaxt o və Rəşad spirtli içki içmişlər. Daha sonra restorandan çıxmışlar, ona məxsus Mercedes Benz C 180 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəlcə Mirzə ilə birlikdə Rəşadı aparıb Mingəçevir şəhər A.Məmmədov küçəsində yerləşən yaşadığı evə düşürmüşlər. Daha sonra birlikdə şəhərdə avtomobillə gəzərkən təxminən 40 dəqiqə sonra Rəşad ona zəng edərək su və siqaret almalı olduğunu bildirib onu evdən götürmələrini xahiş etmişdir. Onlar yenidən Rəşadın yaşadığı evin yaxınlığına getmişlər. Rəşad gəldikdə avtomobilin sükanı arxasına əyləşmək istədiyini bildirib və sükan arxasına əyləşmişdir. Daha sonra birlikdə Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən marketdən siqaret və su almış, daha sonra Rəşad avtomobillə gəzmək istədiyini bildirmiş və həmfikir olduqları üçün üzü Yevlax rayon Havarlı kəndi istiqamətində yola düşmüşlər. O, həmin vaxt sağ yan oturacaqda, Mirzə isə arxa oturacaqda, Rəşad isə sükan arxasında əyləşmişdir. Təxminən saat 01 radələrində onlar Mingəçevir şəhər H.Əliyev prospekti ilə üzü Havarlı kəndinə doğru gedərkən Azpetrol YDM-nin qarşısında yolun əyri hissəsindən keçərkən Rəşad idarəetməni itirmiş və nəticədə avtomobil H.Əliyev prospektində qarşı hərəkət yolunu da keçərək onların hərəkətinə nəzərən yolun sol tərəfində yerləşən səkinin üzərinə avtomobil çıxıb daha sonra səkidən sol tərəfə aşaraq dayanmışdır. Həmin hadisə nəticəsində onunla yanaşı Rəşad və Mirzə xəsarət alaraq xəstəxanaya müraciət etmişlər. Təqsirləndirilən şəxs idarəetməni itirməsinin səbəbi həmin hissədə, yəni H.Əliyev prospektində yolun Azpetrol YDM-nin qarşısından keçən hissəsi döngəli, yol tədricən sağa doğru dönməsi olmuş, Rəşad yolun həmin döngəli hissəsində idarəetməni itirmiş və mercedes markalı c seriyalı həmin avtomobillərin arxa hissəsi sürüşməyə meylli olduğundan o idarəetməni bərpa edə bilməmiş və nəticədə yolun sol kənarın çıxmaqla aşmışdır. Avtomobili etibarnamə ilə idarə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2012-ci ildən DİO-da, həmin ildən də Mingəçevir şəhər X3 X5 Yol Patrul Xidməti inspektoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Mingəçevir şəhər X3 X5 Yol Patrul Xidməti inspektoru Şahid2 ilə birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin Yevlax rayon Xaldan qəsəbəsinə gedən yolda H.Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında Mercedes markalı avtomobilin aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişlər. Orada məlum olub ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C 180 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirmiş və yolun sol kənarına səkinin üzərinə çıxaraq kənarda olan boş torpaq sahəsinə aşmışdır. O və Şahid2 hadisə yerinə çatanda artıq Təqsirləndirilən şəxs və xəsarət almış sərnişinlər kənar şəxslərin də köməkliyi ilə xəstəxanaya aparılmışdır. Hadisə yerinə əməliyyat qrupu gəlmiş və hadisə yerinin müayinəsi başa çatanadək orada xidmətdə olmuşlar. Onlar hadisə yerinə çatanda sürücü Təqsirləndirilən şəxs və sərnişinlər xəsarət aldıqlarına görə xəstəxanaya getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin DYPB-nin YPX inspektoru Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən yer Mingəçevir şəhəri, H.Əliyev prospektidir, yol asfalt örtüklü olub quru və düzdür. Yolun ümumi eni 20 metrdir. Yolun sağ və sol tərəflərində hündürlüyü 20 sm olan və sağ tərəfdə eni 1.7 metr, sol tərəfdə 2.3 metr olan səki yerləşir. X6 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili H.Əliyev prospekti ilə şəhər istiqamətindən Yevlax rayon Havarlı kəndi istiqamətində yolun sağ hərəkət hissəsində hərəkət etdirərkən H.Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin qarşısındakı yolun 45 dərəcəli bucaq altında əyilən hissəsini keçdikdən sonra idarəetməni itirərək yolun əks hərəkət istiqamətini keçərək üzü Yevlax rayon Havarlı kəndinə nəzərən yolun sol kənarında yerləşən səkiyə çıxaraq səkinin kənarına aşmışdır. Hadisədən sonra Mercedes Benz markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil arxası H.Əliyev prospektinə doğru, avtobus dayanacağına 14 metr aralı məsafədə dayanmışdır. Mercedes Benz markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil H.Əliyev prospektində yerləşən “Azpetrol” YDM-nin qarşısında yol əyilən hissədən (döngədən) 70 metr sonra idarəetməni itirmiş, 67 metr qarşı hərəkət yolunda gedərək səki ilə toqquşmuş, səkidən aşmış və 20 metr qarşıda ağaclıq ərazidə dayanmışdır. Sürət həddi 60 km/saat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə və baxış keçirilməsi barədə protokoldan görünür ki, Mingəçevir şəhər H.Əliyev prospektində quraşdırılmış Təhlükəsiz Şəhər kameralarından yol-nəqliyyat hadisəsinin baş vermə videogörüntüləri DVD diskə köçürülməklə götürülmüşdür. Həmin görüntülərdən aydın olur ki, xx.xx.2023-cü il tarixdə saat 00:46 dəqiqədə Mingəçevir şəhərindən üzü Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan Mercedes markalı avtomobil H.Əliyev prospektində idarəetməni itirərək yolun sol kənarında yerləşən səkinin üzərinə çıxaraq aşmışdır. Bundan başqa H.Əliyev prospektində quraşdırılmış təhlükəsiz şəhər kamerasında qeydə alınmış digər videogörüntüdə üzü Xaldan qəsəbəsinə doğru hərəkətdə olan Mercedes markalı avtomobil yolun Azpetrol YDM-nin qarşısından keçən hissədə yolun sağa doğru əyilən hissəsini keçdikdən sonra idarə etməni itirib yolun sol kənarına aşması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli 1994 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2024-cü il tarixli, 806 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar xəsarətlər və onların fəsadları aşkar olundu: - sağ bud sümüyünün yuxarı 1/3-nin açıq yerdəyişən sınığı, hər iki sirkə kasasının dibinin az yerdəyişən sınığı, oma sümüyünün soldan qəlpəli, yerdəyişmiş sınıqları, sol oturaq sinirinin travmatik neyropatiyası, sağ diz oynağının kantrakturası (bükmə 100 dərəcə), sol pəncənin sallanması, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan və ümumi əmək qabiliyyətini 1/3-dən çoxunun daimi itirilməsinə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2024-cü il tarixli, 807 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ çənə şaxəsinin oynaq çıxıntısının, alt çənə sümüyü cisminin qapalı yerdəyişən sınıqları, alt çənədə sol 4-5-ci dişlərinin sınıqları, kəllə təpə və ənsə-gicgah nahiyyələrinin hematomaları, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2023-cü il tarixli, 808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 may 2024-cü il tarixli 8/1409 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili yaşayış məntəqəsi ərazisində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Yevlax RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi və sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab edilir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılması nəzərə alınması, Zərərçəkmiş şəxs2 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, onun barəsində İXM-nin 335.3 və 336.3-cü maddələri ilə inzibati xəta haqqında icraat aparılması üçün qərarın surəti Mingəçevir ŞPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 ona məxsus “Mercedes Benz C180” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili saxlanılması üçün təhvil almışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:46-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda idarə etdiyi «Mercedes Benz C180 » markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə asfalt yolla Yevlax rayon Xaldan qəsəbəsi istiqamətində 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərkən yolnəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq şəhərin H.Əliyev prospektinin “Azpetrol” YDM-nin qarşısından keçən hissəsində yolun sağa dönən hissəsində avtomobilin sükanını ani hərəkətlərlə sağa daha sonra sola hərəkət etdirdiyi üçün avtomobilin idarə etməsini itirərək, avtomobili səkiyə çıxarıb ehtiyat torpaq sahəyə aşıraraq avtomobilin salonunda sağ qabaq oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığına ehtiyatsızlıqdan az ağır zərər vurulmasına və avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263-1.2–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili yaşayış məntəqəsi ərazisində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1-ci hissəsinin tələbinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə əsasən velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanununun 36–cı maddəsinin 1–ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla) hərəkət etməlidirlər. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olan ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il tarixdə doğulmuş Ayliz adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona vurulan ziyan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmiş və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona vurulan ziyan təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir. Ona görə də hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 1 saylı MİS-ə şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz C 180” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Mercedes Benz C 180” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-124/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-124/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver