Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-128/2020 16.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,Mingəçevir şəhəri N.Nərminov küçəsi ev 43, mənzil 16-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,385 qram olan narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan göy rəngli şalvarın arxa sağ cibində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Mingəçevir ŞPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Kapitalbank”-ın Mingəçevir şəhər fılilının qarşısında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın arxa sağ cibindən həmin çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin yanında yerləşən idman meydançasında olan zaman yerdə bir ədəd “Vest” markalı siqaretin qutusunu görüb götürdü. Qutunun içərisinə baxdıqda içərisində iki ədəd üstü siqaretin gümüşü kağızına bükülmüş bükümlər olduğunu gördü. Bükümləri açdıqda isə gördü ki, içərisindəki heroindir. O, həmin bükümləri istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın arxa sağ cibinə qoydu. xx.xx.2020-ci il tarixdə həmin bükümlərdən birini açdı və bükümün içərisində olan heroini istifadə etdi. Qalan bükümü isə sonra istifadə etmək üçün üzərində saxladı. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Kür çayı sahilinə getmək üçün Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kapitalbank”-ın Mingəçevir şəhər filialının yanından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı narkotik vasitə də cibində idi. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı əynində olan şalvarın arxa sağ cibindən içərisində heroin olan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bu barədə protokol tərtib olundu, o da protokola imza etdi. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildidi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kapitalbank”-ın Mingəçevir şəhər filialının qarşısında görüb, ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi və baxış zamanı o, əynindəki göy rəngli şalvarın arxa sağ cibindən 1 ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb stolun üzərinə qoydu. Həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edildi. Sorğu zamanıTəqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd bükümün içərisində olan kütlənin heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə heroini xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı evin yanında yerləşən idman meydançasının yanında yerdən taparaq üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahid - Mingəçevir şəhər PŞ-nin CAB-in baş əməliyyat müvəkkili işləmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 29-30-cu vərəqlərində olan xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının kəmərinə arxa tərəfindən qoyulmuş üzərinə “İDRAK” yazılmış GPRS aparatı, şalvarının sol yan cibindən bir qutu Prima siqareti, şalvarının sağ yan cibindən bir qutu Prima siqareti və bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd alışqan, beş ədəd 10 qəpik, şalvarının arxa sağ cibindən isə bir ədəd siqaretin üst hissəsi ağ, iç hissə isə gümüşü rəngli kağız bükümü aşkar edildi. Həmin büküm açılarkən içərisində olan kütlə spesifik iyindən narkotik vasitə-heroinə bənzər kütlə olması aşkar olundu. İşin 37-39-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxx 2020-cu il tarixli, 17/404 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..kütlə.…» sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,385 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,385 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,335 qram. İşin 91-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 613 saylı xx xxxx 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 85-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2020-ci il tarixli, 645 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildən “kamabinoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,385 qram olan narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan göy rəngli şalvarın arxa sağ cibində saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində Mingəçevir ŞPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Kapitalbank”-ın Mingəçevir şəhər fılilının qarşısında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın arxa sağ cibindən həmin çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs P.Həsənovun qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 93-94-cü vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(051)-58/2019 saylı hökmündən və 89-90-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin 95-ci vərəqində olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 403/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) ay 21 (iyirmi bir) günü icra edilməmiş qalmışdır. İşin 88-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,335 qram narkotik vasitəheroin məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2(iki) il azadlığın məhdudlaşdırılma cəzasının çəkilməmiş 10(on) ay 21 (iyirmi bir) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 5 (beş) ay 10 (on) gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 1(bir) il 2(iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli tutulduğu vaxtdan, xx.xx.2020-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,335qram narkotik vasitə –heroin məhv edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-128/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-128/2020
16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver