Məhkəmə qərarları › İş №1(051)-129/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-129/2023

13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-129/2023 13.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 67-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,332 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, 15 may 2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Nizami küçəsi 2 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N°-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 19:50-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,332 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, xeyli müddətdir narkotik vasitə və psixotrop maddə metamfetamin istifadəçisidir, xx.xx.2023-cü il tarixda saat 15:00 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 7 saylı binanın arxası ilə gedərkən səkinin kənarında bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümü görüb götürmüşdür. Bükümün açıb içərisinə baxdıqda, rəngindən və spesfik iyindən tanıdığı psixotrop maddə metamfetamin olmasını müəyyən etmişdir. Tapdığı bükümün içərisində olan metamfetamini gələcəkdə özü istifadə etməsi üçün bükümü büküb əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində Mingəçevir şəhəri Nizami küçəsi 2 saylı binanın yaxınlığında olan zaman iki nəfər polis işçisi ona yaxınlaşmış, özlərini təqdim edib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını söyləyib onu polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Şəhər polis şöbəsinin inzibati binasına daxil olduqdan sonra şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuş, ona növbədə olan vəkil X3 dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim olunmuşdur. O, müdafiəçi və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunub video çəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Bundan sonra aşkar edilmiş bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümün içərisinə baxış keçirən zaman rəngindən və spesifik iyindən psixotrop maddə metamfetamin olması müəyyən olunmuşdur. Üzərindən aşkar edilərək götürülmüş bükümün içərisində olan metamfetamin onun və müdafiəçisi X1 iştirakı ilə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan sonra axtarış və götürmə barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Həmin psixotrop maddə metamfetamini taparaq əldə etmiş, kimsədən satın almamışdır və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımış, onu satmaq məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Həmçinin özü İİ qrup əlildir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 15 may 2023-cü il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı almışlar. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 15 may 2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün manqa komandirləri, polis baş serjantları Şahid2 və Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Nizami küçəsi 2 saylı binanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Mingəçevir ŞPŞnə məlumat daxil olduğu üçün üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Buna görə də tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin olunmuş və vəkil X3 dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olmasını və həmin gün Mingəçevir şəhər Nizami küçəsi 2 saylı binanın yaxınlığında büküm halında taparaq əldə etdiyini özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş Təqsirləndirilən şəxs və müdafiəçisi X3 da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin xidməti vəzifələrinin icrası ilə bağlı məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir ŞPŞ-nin PPXB-nin manqa komandirləri Şahid2 və Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,332 qram olan psixotrop maddə metamfetamin aşkar edilmiş Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “DVD” diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,332 qram olan psixotrop maddə metamfetamin aşkar edilmiş və Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023cü il tarixli 17/402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bəncər kütlə” sözləri, ad və imzalar yazümış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,332 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 1312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, tədqiqata təqdim olunan psixotrop maddə metamfetamindən tədqiqat üçün 0,050 qram hissəsi istifadə edildikdən sonra qalıq çəkisi 0,282 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan psixotrop maddə metamfetamindən tədqiqat üçün 0,050 qram hissəsi istifadə edildikdən sonra qalıq çəkisi 0,282 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Nizami küçəsi 2 saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 N°-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 19:50-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynindəki qara rəngli şalvarın sağ cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,332 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və İİ qrup əlil olmasını onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan 018538 №li Vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş Abdurrahmən və xx.xx.2015-ci il tarixdə doğulmuş Davud adlı iki nəfər azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlandığı Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1312 saylı rəyinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilsə də, Təqsirləndirilən şəxs İİ qrup əlil olduğuna görə onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Qaydaların İİ hissəsinin 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş təmiz çəkisi–0,332 qram olan, tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,282 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 may 2023-cü ildən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş təmiz qalıq çəkisi 0,282 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69.10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar