Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-129/2025 01.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Xüsusi ittihamçı: X1 iştirakı ilə X2 barəsində Azərbaycan Respublikası CM–in 147.1-ci və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 tərəfindən X2 barəsində Azərbaycan Respublikası CM–in 147.1–ci və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X3 ərizəsini belə əsaslandırmışdır ki, o, Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsində yerləşən ticarət obyektində plastik qapı-pəncərələrin hazırlanması və satışı ilə məşğul olur. Bu işlə 20 ilə yaxındır ki, məşğuldur. Bu müddət ərzində işini hər zaman yüksək peşəkarlıqla yerinə yetirmiş, müştəri məmnunluğunu təmin edə bildiyini bildirmişdir. Lakin əvvəllər tanımadığı Gülnar adlı şəxs təxminən 15 gün əvvəl özünə məxsus "tiktok" sosial şəbəkəsində işlətdiyi obyekti video qeydə alaraq həmin obyekt və orada çalışanlarla (dolayısı ilə onunla) bağlı təhqir və böhtandan ibarət fikirlər səsləndirmişdir. Bu hadisə bir dəfə yox bir neçə dəfə baş vermişdir. Həmin şəxsin kimliyini müəyyən etdikdən sonra telefon vasitəsilə əlaqə saxlayaraq həmin obyektin ona məxsus olmasını, adı çəkilən ustanın orada işləmədiyini və həmin ustanın sözügedən plastik pəncərələrinin onun obyektində sifarişinin götürülmədiyini bildirərək həmin videoların silinməsini tələb etdikdə ona bildirdi ki, özünü həmin obyektin işçisi kimi təqdim etmiş bir nəfər usta tərəfindən sifarişi yarım buraxıldığı üçün belə hərəkətlərə yol vermişdir. X6 telefon danışığı zamanı onu tanımadığını etiraf etmiş, lakin videonun silinməsindən də imtina etmişdir. Bundan sonra etdiyi əməllər daha da qanunsuz hal almağa başlamışdır. Belə ki, telefon zəngindən sonra yenidən özünə məxsus "tiktok" sosial şəbəkəsində canlı yayım açaraq guya onun Gülnarı təhdid etdiyini, övladı ilə hədələdiyinə dair şər böhtan xarakterli çıxışlar etmişdir. Daha sonra obyekt bağlandıqdan sonra özbaşına olaraq obyektə gəlmiş və qapının ön hissəsinə işləri tamamlamaq üçün yerləşdirilmiş plastik pəncərəni video qeyda alaraq məhsul haqqında əsassız fikirlər səsləndirmiş, məhsulun keyfiyyətsiz, həmin obyektdə çalışan hər kəsin isə dələduz, fırıldaqçı olduğunu qeyd etmişdir. Bunlar azmış kimi demək olar ki, hər gün tiktok sosial şəbəkəsində canlı yayımlar açaraq qazanc yeri olan və demək olar ki, bütün şəhər əhalisi tərəfindən tanınan obyekt və işçiləri barədə nalayiq ifadələr işlədərək onu və ona məxsus olan ticarət obyektini nüfuzdan salmağa çalışmışdır. X4 qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İllərdir müştərilər tərəfindən heç bir narazılıq olmadan işlətdiyi ticarət obyekti günü-gündən nüfuzdan salınır, hər gün bir və ya bir neçə sifarişlər ləğv edilir, dolayısı ilə bir sahibkar kimi etibarını itirir. Gülnar Rüstəmova isə cinayətkar əməllərini heç nəyə məhəl qoymadan davam etdirir. Obyektinə, məhsuluna qanunsuz şəkildə yaxınlaşdığı və şər böhtan atdığı üçün həmin şəxs barəsində 102 xidmətinə şikayət etmişdir və hazırda iş araşdırılır. Lakin birbaşa olaraq onun adının, obyektinin mövzu olduğu video çəkilişlər və canlı yayımların təşkili isə davam etdirilməkdədir. Hesab edir ki, barəsində kütləvi informasiya vasitələrində qərəzli şəkildə yayılmış bu məlumatlar ləyaqətini va işgüzar nüfuzunu alçaldan hərəkətlər kimi qiymətləndirilməli və bunda təqsiri olan şəxs ciddi şəkildə cəzalandırılmalıdır. Beləliklə, hesab edir ki, X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və sosial şəbəkələrdə yayılmış bütün məlumatların silinərək həqiqəti əks etdirən məlumatların həmin sosial şəbəkə səhifələri üzərindən paylaşılması barədə qərar qəbul edilməlidir. Haqqında yayılmış böhtan xarakterli məlumatların yalan olmasını rəhbərlik etdiyi kollektivin böyük əksəriyyəti də təsdiq edə bilər. Odur ki, X7 barəsində Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsi, sosial şəbəkələrdə yayılmış bütün məlumatların silinərək həqiqəti əks etdirən məlumatların həmin sosial şəbəkə səhifələri üzərindən paylaşılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı X3 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, həmçinin şikayətin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin edilməsini xahiş etdi. Barəsində şikayət verilmiş X7 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o plastik pəncərə sifariş vermək üçün həmin obyektə yaxınlaşmış, obyekt bağlı olsa da oraya Ramin adlı şəxs gəlmiş və özünü usta kimi təqdim etmişdir. Obyekt bağlı olduğu üçün gəlib evdə pəncərənin ölçüsünü götürüb qiymətin razılaşdırılacağını bildirmışdir. Ramin usta evə gəlib, pəncərələrin ölçüsünü götürmüş və ona ilkin ödəniş kimi 700 manat pul vermışdir. Lakin pəncərələr gətirilib quraşdırıldıqdan sonra keyfiyyətsiz olduğunu görüb narazılığını bildirmişdir. Ramin usta bu hadisədən sonra yox olmuş, tapa bilməmişdir ki, pəncərələri səliqəli bir şəkildə düzəldib qoysun. Obyektin qarşısına gəlmişdir, lakin ona bildirilmişdir ki, Ramin adlı usta burada işləmir, PŞ-yə şikayət edəcəyini bildirdikdə Ramin ustanı tapıb gətirmişlər. Söz verilsə də, bu günə kimi pəncərələr hələ də dəyişdirilməmişdır. Ona görə də həmin plastik pəncərə qapı düzəlmə obyektinin keyfiyyətsiz iş görməsi barədə tik-tok səhifəsində paylaşım etməli olmuşdur. Bundan sonra öz səhvlərini düzəltmək əvəzinə övladının həyatı ilə ona hədə-qorxu gəlinmişdir. Ramin usta ilə həmin obyektin daxilində sifarişlə bağlı söhbət etməmişdir. Odur ki, barəsində olan şikayətlə bağlı izahatını və sübutları məhkəməyə təqdim etmək üçün vaxt verilməsini xahiş etmişdir. Barəsində şikayət verilmiş X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM–in 293.3.1–293.3.7–ci maddələrinin tələblərinə uyğun olub–olmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM–in 293.3–cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Şikayət ərizəsindən isə görünür ki, X3 Azərbaycan Respublikası CPM–in 293.3.1– ci maddəsinin tələblərinə əməl etməmiş, yəni ərizənin giriş hissəsində şikayət verən şəxs kimi özünün soyadını, adını, atasının adını və yaşayış yeri qeyd etsə də, doğulduğu ili, məşğuliyyət növünü, vəzifəsini, həmçinin şikayət ərizəsinin “xahiş edirəm” hissəsində isə cinayət qanunu ilə nəzərdə tutulmuş hansı maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etməmişdir. Məhkəmə xüsusi ittihamçının ifadəsini və barəsində şikayət verilmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM– in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM–in 302.1.3–cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM–in 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu bu Məcəllənin 293.3.1–293.3.7–ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM–in 293, 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti əsasında X2 barəsində Azərbaycan Respublikası CM–in müvafiq maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-129/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-129/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver