Məhkəmə qərarları › İş №1(051)-130/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-130/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-130/2024 28.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 21 mart 2024-cü il tarixdə saat 15 radələrində Kür çayının Mingəçevir şəhəri Mingəçevir kəndi ərazisindən keçən hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 rezin kombinezon və 01 ədəd uzunluğu 50 metr olan “Lina” adlandırılan balıqovlama vasitəsi ilə çaya daxil olub, “Lina” adlandırılan balıqovlama vasitəsini qanunsuz balıq tutmaq üçün çaya qurduqdan sonra yaşadığı ünvana qayıtmış, 23 mart 2024-cü il tarixdə saat 12 radələrində yenidən həmin ərazidən Kür Çayına daxil olaraq, qeyd olunan müddətədək “Lina” adlandırılan balıqovlama vasitəsi ilə 94 ədəd hər biri 11 manat olmaqla 1034 manat dəyərində çapaq balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (bir min otuz dörd) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 13 radələrində X5 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 94 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, maddi vəziyyəti ağır olduğu üçün Kür çayının Mingəçevir şəhəri, Mingəçevir kəndi ərazisindən keçən hissəsindən balıq tutmaqla ailəsinə qida əldə etmişdir. Balıq tutmaq üçün 1 ədəd rezin kombinezon və uzunluğu 50 metr olan 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsindən istifadə etmişdir. 21 mart 2024-cü il tarixdə növbəti dəfə balıq tutmaq məqsədi ilə saat 15:00-da Mingəçevir şəhəri Mingəçevir kəndi istiqamətində Kür çayının sahilinə getmişdir. Orada özünə məxsus 1 ədəd rezin kombinezondan istifadə etməklə Kür çayına daxil olmuşdur. Əvvəlcədən özü ilə götürdüyü uzunluğu 50 metr olan “Lina” adlandırılan balıqovlama vasitəsini Kür çayında qurub yaşadığı ünvana qayıtmışdır. Qurduğu balıqovlama vasitəsinə balıq düşməsi üçün təxminən 2 gün gözləmişdir. xx.xx.2024-cü il tarixdə saat 12:40-da yenidən Mingəçevir kəndi istiqamətində Kür çayının sahilinə gəlmişdir. Yenidən 1 ədəd rezin kombinezondan istifadə edərək Kür çayına girmişdir. Əvvəlcədən qurduğu “Lina” adlandırılan balıqovlama vasitəsinə baxan zaman çoxlu sayda çapaq balıqları tutduğunu görmüşdür. Həmin gün saat 13:00-da balıqları və “Lina” adlandırılan balıq ovlama vasitəsini sudan çıxardıb sahilə çıxarkən Mingəçevir XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd rezin kombinezon və uzunluğu 50 metr olan 1 ədəd “Lina” adlandırılan balıq ovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 94 ədəd çapaq balıqlarını aşkar edib maddi sübut kimi götürmüşlər. Kür çayından balıq tutmağa rəsmi icazəsi olmamışdır. Polis əməkdaşları ondan aşkar edilmiş balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsindən istifadə etməklə Kür çayından qanunsuz tutduğu 94 ədəd çapaq balıqlarına baxış keçirib videogörüntü ilə çəkiliş apararaq müvafiq protokol tərtib etmişlər. Hazırda əməlindən peşmandır. Balıq ehtiyyatlarına vurmuş olduğu 1034 manat məbləğində ziyanı tamamilə ödəmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Su NPİ-nin Mingəçevir xətt polis şöbəsinin əməkdaşları ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Mingəçevir şəhər sakini Məmmədov X3 şəhəri Mingəçevir kəndi istiqamətində Kür çayı ərazisində qanunsuz balıq tutarkən saxlanılmış və baxış zamanı ondan 01 ədəd kombinezon, 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi 94 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz balıq tutması nəticəsində balıq ehtiyyatlarına 1034 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs balıq ehtiyyatlarına vurduğu 1034 manat məbləğində ziyanı tamamilə ödəmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən yekun qərar qəbul edilərkən ifadəsində göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 ifadəsində göstərdi ki, o, 2007-ci ildə DİO-na xidmətə qəbul olmuşdur. Su NPİ-nin Mingəçevir XPM-nin rəisi vəzifəsində xidmət edir. 23 mart 2024-cü il tarixdə X5 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 13 radələrində Kür çayının Mingəçevir kəndindən keçən hissəsində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd “Lina” adlanan balıqovlama vasitəsi və 94 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 94 ədəd çapaq balıqlarını “Lina” adlandırılan balıqovlama vasitəsilə Kür çayının Mingəçevir kəndi ərazisindən keçən hissəsindən tutduğunu bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə baxış keçirilmiş, baxış zamanı 01 ədəd rezin kombinezon, uzunluğu 50 metr olan 01 ədəd “Lina” adlanan balıqovlama vasitəsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “CD” diskə baxış keçirilmiş, baxış zamanı “CD” diskin yaddaşında 1 ədəd faylın olması, həmin faylda video görüntünün əks olunması, 03:03 dəqiqədən ibarət olması, 03:03 dəqiqə ərzində bir nəfər şəxsin qanunsuz balıq tutduğuna görə saxlanılması, həmin şəxsdən götürülmüş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilməsi, saxlanılan şəxslərin balıqları Kür çayından tutmasını bildirməsi, həmçinin saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs 94 ədədi hər biri 11 manat olmaqla 1034 manat dəyərində çapaq balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1034 (bir min otuz dörd) manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-249/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin materiallarında olan 20 may 2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin kombinezon, uzunluğu 50 metr olan 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi və 94 ədəd çapaq balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2024-cü il tarixdə müvafiq qaydaya əsasən X4 verilməsi nəzərə alınmış (fiziki şəxs VÖEN **********) və 01 ədəd rezin kombinezon və uzunluğu 50 metr olan “Lina” adlanan balıqovlama vasitəsi saxlanılması üçün X5 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan 20 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 23 mart 2024-cü il tarixli baxış protokoluna əlavə edilmiş 01 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Kür çayının Mingəçevir şəhərinin Mingəçevir kəndi ərazisindən keçən hissəsindən 94 ədəd çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1034 manat məbləğində ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 21 mart 2024-cü il tarixdə saat 15 radələrində Kür çayının Mingəçevir şəhəri Mingəçevir kəndi ərazisindən keçən hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 rezin kombinezon və 01 ədəd uzunluğu 50 metr olan “Lina” adlandırılan balıqovlama vasitəsi ilə çaya daxil olub, “Lina” adlandırılan balıqovlama vasitəsini qanunsuz balıq tutmaq üçün çaya qurduqdan sonra yaşadığı ünvana qayıtmış, 23 mart 2024-cü il tarixdə saat 12 radələrində yenidən həmin ərazidən Kür Çayına daxil olaraq, qeyd olunan müddətədək “Lina” adlandırılan balıqovlama vasitəsi ilə 94 ədəd hər biri 11 manat olmaqla 1034 manat dəyərində çapaq balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1034 (bir min otuz dörd) manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 256.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 256.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu 1034 manat məbləğində ziyanı tamamilə ödəməsini və zərərçəkmiş hüquqi şəxslə barışmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, Vətən müharibəsində iştirak etməsini, Suqovuşanın azad edilməsi medalı ilə təltif olunmasını, müharibə veteranı olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Mingəçevir Branch filialının xx.xx.2024-cü il tarixli 24520 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına təbiətə vurduğu 1034 manat ziyanı ödəmiş və cinayət işi üzrə mülki iddia tələbi kimi göstərilmiş 1034 manat tamamilə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs əməli nəticəsində dəymiş 1034 manat məbləğində ziyan tamamilə ödənilmişdir. Buna görə də mülki iddia tələbini müdafiə etmir. Odur ki, məhkəmədən yekun qərar qəbul edilərkən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmadığının nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş Damla adlı azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə verilmiş 118351 nömrəli vəsiqənin surətindən görünür ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin materiallarında olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı 1034 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu 1034 manat ziyanı tamamilə ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1–ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr və cinayət yolu ilə əldə etdiyi əmlaklar məcburi qaydada hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlaklar kimi müəyyən olunmuşdur. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixdə müvafiq qaydaya əsasən fiziki şəxs X4 təhvil verilmiş və təhvil verilərkən 3 manat dəyərində qiymətləndirilmiş, 94 ədəd çapaq balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış, X5 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd rezin kombinezon, uzunluğu 50 metr olan 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi isə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd rezin kombinezon, uzunluğu 50 metr olan 01 ədəd “Lina” adlandırılan balıqovlama vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs cinayəti törədərkən əldə etdiyi xx.xx.2024-cü il tarixdə müvafiq qaydaya əsasən fiziki şəxs X4 təhvil verilmiş və təhvil verilərkən 3 manat dəyərində qiymətləndirilmiş 94 ədəd çapaq balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar