Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-130/2025 11.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs müdafiəçisi–Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 1(039)-29/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib CM-in 66.3 və 67.1-ci maddələrinə əsasən 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1855 manat cərimə cəzası saxlanılmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 7(044)-60/2016 saylı qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təqsirli bilindiyi CM-in 186.2.2-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hökümdən xaric edilərək qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1855 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Yevlax Rayon Məhkəməsinin 7(039)- 26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 1855 manat məbləğində cərimə cəzasından azad edilmiş, məhkumluğu olan, Yevlax rayonu, Havarlı ərazi dairəsi, Hacıselli kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu, Havarlı kəndində yaşayan, hazırki cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Yevlax Rayon Məhkəməsinin 4(5- 166)-19/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə Yevlax RPŞnin İB-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 182-ci bəndinə əsasən, narkotik vasitə olan tiryəkin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 4,976 qram olan xaş-xaş bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi olmadan əynindəki tünd göy rəngli şalvarın sol yan cibində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 22:07 radələrində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saat 22:08-dən saat 22:17-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə tiryək əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Yevlax rayonu, Havarlı kəndində yolun kənarında piyada hərəkət edən zaman yerdə 1 ədəd büküm olmasını görmüşdür. Maraqlı gəldiyi üçün həmin bükümü götürüb baxan zaman içərisində narkotik vasitə tiryəkə bənzər kütlənin olmasını görmüşdür. Belə ki, narkotik vasitələrdən istifadə etdiyindən həmin bükümdə olan kütləni tanımışdır. Tapdığı bükümü istifadə etmək üçün götürüb üzərində saxlamışdır. Tapdığı narkotik vasitədən 2 dəfə istifadə etmiş və qalan hissəsini də şəxsi istifadəsi üçün sərf etmək məqsədilə saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 22:07 radələrində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 15 saylı binanın blokunda olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib yaranmış zərurət ilə əlaqədar olaraq video çəkilişdən istifadə olunmaqla üzərinin yoxlanılacağını bildirmişlər, həmçinin saxlanılan zaman ona qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzəri yoxlanılan zaman əynindəki tünd göy şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş büküm elektron tərəzidə çəkilmişdir. İçərisində narkotik vasitə tiryək olan bükümün çəkisinin 5,20 qram olması müəyyən olunmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə saat 08 radələrində Yevlax rayonu, Havarlı kəndində yolun kənarında tapdığını, həmin bükümdə olan kütlənin narkotik vasitə olmasını bildiyindən şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə tərəzidə çəkildikdən sonra onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis əməkdaşları üzərinə yoxlama aparan zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra üzərindən narkotik vasitə aşkar olunduğu üçün Mingəçevir ŞPŞ-nin inzibati binasına aparılmışdır. Polis şöbəsində X3 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Daha sonra o, vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Əməlindən peşmandır. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Ona görə də onun barəsində amnistiya tətbiq edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025- ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid3 Hasil oğlu və X4 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 15 saylı binanın blokuna olan zaman saxlayaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd sellofan büküm Təqsirləndirilən şəxs yanında açılarkən bükümün içərisində olan kütlənin narkotik vasitə tiryəkə oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar həmin bir ədəd sellofan büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 5,20 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan tiryəki 11 mart 2025-ci il tarixdə saat 08 radələrində Yevlax rayonu, Havarlı kəndində yolun kənarında 1 ədəd sellofan bükümdə taparaq əldə etdiyini, həmin sellofan bükümdə narkotik vasitəni şəxsi istifadəsi üçün əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxladığını, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri, polis serjantları Şahid3 Hasil oğlu və X4 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə içərisində 5,20 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/248 №-li rəyinə əsasən, Tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik....” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 4,976 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir.(İ siyahı) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 811 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə xx.xx.2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertizadan sonra qalıq çəkisi 4,876 qram olan narkotik vasitə - tiryək iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 1(039)-29/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən ona təyin olunmuş 2500 manat cərimə cəzasının çəkilməmiş qalan 1855 manat hissəsi CM-in 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəza ilə tamamilə birləşdirilib üzərində qəti olaraq 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 1855 manat cərimə cəzası saxlanmışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 7(044)-60/2016 saylı qərarı ilə məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası hökümdən xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzasının çəkilməmiş qalmış 1855 manat cərimə cəzası ilə tamamilə birləşdirilib üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1855 manat cərimə cəzası saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 186.2.2-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi xaric edilmiş, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2. 69.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 1855 manat cərimə saxlanılmış, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə edilmiş Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 1(039)-66/2013 saylı xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2500 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təkrar cinayət törətdiyinə görə Yevlax Rayon Məhkəməsinin 1(039)- 29/2015 saylı xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 68.2-ci maddəsi tətbiq edilməklə 1855 manat cərimə cəzası təyin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 1(039)-29/2015 saylı xx.xx.2015-ci il tarixli hökmü isə xx.xx.2025-ci il tarixdə icra edilməsi üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 7(039)-26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilmiş, məhkum Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-29/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 1855 manat məbləğində cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 1(039)-29/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, eyni zamanda həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilərək Yevlax Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzasının ödənilməmiş qalan 1855 (min səkkiz yüz əlli) manat hissəsi məhkumun üzərində qəti cəza olaraq saxlanılmışdır. Hökm xx.xx.2015-ci il tarixdə icraata daxil olmuş və məhkum Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı üçün xx.xx.2015-ci il tarixdə aidiyyatı üzrə həmin təcridxanaya göndərilmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 7(039)- 26/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək 1855 manat məbləğində cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 4(5-166)-19/2026 saylı, xx.xx.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə, yəni 2 aprel 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsəalmanın əvvəlinin təqsirləndirilən şəxsin tutulduğu, yəni 2 fevral 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 4,976 qram olan xaş-xaş bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi olmadan əynindəki tünd göy rəngli şalvarın sol yan cibində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 22:07 radələrində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saat 22:08-dən saat 22:17-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə tiryək əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət təqibinə xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktının qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə baxılan iş üzrə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il tarixdə doğulmuş Nuray adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertizadan sonra qalıq 4,876 qram çəkidə olan narkotik vasitə - tiryək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun barəsində başlanmış cinayət təqibinə xitam verildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertizadan sonra qalıq 4,876 qram çəkidə olan narkotik vasitə - tiryək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-130/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-130/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver