Məhkəmə qərarları › İş №1(051)-131/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-131/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-131/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, məhkumluğu olan, Mingəçevir şəhəri Nizami küçəsi ev 4-A, mənzil 46-da qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə saxlanılan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X1 şəhər X11 Saxlama yerinə köçürülmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 38,004 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan əynindəki göy rəngli şalvarın sağ arxa cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər X6 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən “Turizm Kollecinin” yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə tiryək əynində olan göy rəngli şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Hazırda da narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Bayraq Meydanının yaxınlığında bağlar massivində qaz borusunun üzərində oturan zaman yerdən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü görüb götürmüşdür. Açıb baxdıqda bükümün içində narkotik vasitə olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə etmişdir. Həmin bükümdə olan narkotik vasitə tiryəkdən bir dəfə istifadə etdikdən sonra, yenidən münasib vaxtda ondan istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın sağ arxa cibinə qoyaraq gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən “Turizm Kollecinin” yaxınlığında piyada gedən zaman tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona dövlət hesabına vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Həmçinin bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. O da üzərində narkotik vasitə olduğunu bildirərək əynindəki göy rəngli şalvarın sağ arxa cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim etdiklərindən başqa üzərində hər hansı əşya olmadığını bildirdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyindən başqa qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm açılıb baxıldıqda bükümdə olan kütlənin kəskin iyə malik narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və gümüşü rəngli kağıza bükülmüş büküm ilə birlikdə çəkisi 38,34 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Bayraq Meydanının yaxınlığında bağlar massivində qaz borusunun üzərində oturan zaman yerdə 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə tapmışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində daha yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir ŞPŞ-nin Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili X9 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, X.Şuşinski küçəsində yerləşən Turizm Kollecinin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Mahmudov X5 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ arxa cibindən içərisində narkotik vasitə tiryək olan 01 ədəd şəffaf rəngli sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin şəffaf sellofana bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki göy rəngli şalvarın sağ arxa cibindən şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə tiryəkə oxşar olan kütlə müəyyən edilmişdir. Həmin sellofana bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan həmin büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə tiryəkə oxşar kütlənin ümumi çəkisi isə 38,34 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan kütlənin narkotik vasitə tiryək olduğunu və həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri Bayraq Meydanın yaxınlığında bağlar massivində qaz borusunun üzərində oturan zaman həmin yerin yanında yerdən 1 ədəd şəffaf rəngli sellofan büküm görüb götürdüyünü və həmin bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitənin bir hissəsini istifadə etdiyini, qalan hissəsini də şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 İlqar oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. şübhəli şəxsin tutulması haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 20 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki tünd göy rəngli şalvarın sağ arxa yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etdi. Təqdim edilən büküm açılarkən içərisində tünd rəngli, spesifik iyli narkotik vasitə-tiryəkə bənzər kütlə olması müəyyən olundu. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin narkotik vasitə-Tiryək olmasını və ona məxsus olduğunu, belə ki, təxminən həmin günü Bayraq meydanının yaxınlığında Bağlar massivindən tapdığını, öz istifadə etməsi üçün götürüb cibində gəzdirməsini, 1 dəfə üzərindən istifadə etdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış Samsung markalı mobil telefon ilə videoya çəkildi. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə-tiryəkə bənzər kütlə qeyd olunan iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkildi, tiryəkə oxşar kütlənin çəkisi isə 38.004 ( otuz səkkiz tam mində dörd) qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə-Tiryəkə oxşar kütlə götürülərək, zərfə qoyularaq, AR DİN-in 76 nömrəli möhürü ilə möhürləndi, zərfin üzəri X4 özü tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli 17/509 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 38,004 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. 22 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxsAR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham eln edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-73/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 Məcburi Narkoloji-tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 1081 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınmaq haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış tiryək iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata 0,100 qram sərf olunduğundan sonra yerdə qalan ümumi təmiz çəkisi 37,904 qram olmuş narkotik vasitə-tiryək iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Mingəçevir SPŞ-yə saxlanılması üçün verilmişdir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ-dən 08 iyul 2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Mahmudov X5 şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli 1(051)-35/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, məhkum Mahmudov X5 şəhər məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 7 ay 23 günü icra olunmamış qalmışdır. Sübutların qiymətləndirilməsi haqqında 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmişdir. təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X15 Bölməsinin 21 iyun 2022-ci il tarixli 17/509 №-li rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri X2 Məcburi Narkoloji-tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 1081 nömrəli rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 37,904 qram olmuşnarkotik vasitə-tiryək maddi sübut kimi tanınmış və Mingəçevir SPŞ-yə maddi sübutların saxlanılması üçün təhvil verilmiş, 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmiş. Bir ədəd “CD-R” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyun 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 19-cu qrafasına əsasən təmiz çəkisi 38,004 qram olan narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə davam edir və buna görə də həmin şəxsə cəza tətbiq edərkən hökmləri məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Mingəçevir şəhər Məhkəməsinin 1(051)- 35/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün 02 fevral 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini 20 iyun 2022-ci il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-35/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)-35/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməli (CM-67.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-yə maddi sübutların saxlanılması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 38,004 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki tədqiqatdan sonra qalıq qalmış 37,904 qram olmuş narkotik vasitə-tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı, 69,10 (altmış doqquz manat 10 qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mingəçevir şəhər məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay 26 (iyirmi altı) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 20 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıqdan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 37,904 qram çəkidə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə 69 (altmış doqquz)manat 10 (on) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil X13 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ521BAZ******************** saylı hesabına köçürülsün. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ELZA CƏBRAYİLZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar