Məhkəmə qərarları › İş №1(051)-131/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-131/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-131/2024 29.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1969-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 86-cı bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə həşiş qatranının aşağı həddi üçün 0,4 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə həşiş-qətranını əynindəki göy rəngli cins şalvarın sol arxa cibində saxlayaraq daşımış və 09 may 2024-cü il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən "Güllü Bağ"-ın yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 11:50-dən 12:05-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə həşiş qətranı onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhərinin "Qum Karxanaları”-na gedən yoldan keçərkən yerdə 1 ədəd şəffaf sellofan büküm görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin bükümün içərisindəkinin narkotik vasitə həşiş qətranı olduğunu bilmişdir. Çünki özü də narkotik vasitələrdən istifadə edir. Həmin şəffaf sellofan bükümdə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarın sol arxa cibində gizlətmişdir ki, sonra istifadə edər. Həmin narkotik vasitədən bir qədərini özü istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən "Güllü bağ”-ın yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, həmin şalvarın sol arxa cibindən bir ədəd içərisində narkotik vasitə həşiş qətranı olan şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd şəffaf sellofan büküm açılıb baxıldıqda qutuda olan kütlənin tünd rəngli, kəskin iyə malik kütlə, yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 1 (bir) ədəd şəffaf sellofan büküm ilə birlikdə ümumi cəmi çəkisi 12,81 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin şəffaf sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. O, psixi xəstəlikdən əziyyət çəkir və İİİ qrup əlildir. Eyni zamanda 1-ci Qarabağ müharibəsi veteranıdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid1 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən "Güllü bağ”-ın yaxınlığında görüb ona yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, həmin şalvarın sol arxa cibindən bir ədəd içərisində narkotik vasitə həşiş qətranı olan şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol arxa cibindən aşkar olunmuş şəffaf sellofan büküm açılıb baxıldıqda bükümdə olan kütlənin tünd rəngli, kəskin iyə malik kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofan bükümündə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd şəffaf sellofan büküm ilə birlikdə ümumi cəmi çəkisi 12,81 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhərinin "Qum Karxanaları”-na gedən yoldan keçərkən yerdən 1 ədəd şəffaf sellofan bükümünda tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİNnin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin iş yeri Xankəndi şəhər polis şöbəsinə dəyişdirildiyinə və xidməti vəzifəsinin icrası ilə əlaqədar məhkəməyə gələ bilmədiyinə görə məhkəmə istintaqında iştirakı mümkün olmamış Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibində gizlədərək saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 12,29 qram olan narkotik vasitə-həşiş qətranı aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə həşiş qətranı aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/443 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik maddəyə oxşar kütlə." yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 12,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 367 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə və kompensasiya mərhələsində olması səbəbindən o, öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə və kompensasiya mərhələsində olması səbəbindən o, xx.xx.2024-cü il tarixdə öz hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1147 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan həşişdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 (bir) ədəd şəffaf sellofan bükümündə olan kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı iş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqatda sərf olunan 0.10 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 12,19 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə həşiş-qətranını üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 12,29 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə həşiş-qətranını əynindəki göy rəngli cins şalvarın sol arxa cibində saxlayaraq daşımış və 09 may 2024-cü il tarixdə Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Güllü Bağ"-ın yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 11:50-dən 12:05-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə həşiş qətranı onun əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan təqsirləndirilən şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin əlil olmasını, müharibə veteranı olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarında olan 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 5 saylı Mənzil İstismar Sahəsinə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə əlaqədar 3-cü qrup əlildir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və MSY-dən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024–cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1147 saylı rəyinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlil olduğundan, ona narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra yerdə qalan ümumi çəkisi 12.19 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatlara sərf olunduqdan sonra yerdə qalan ümumi çəkisi 12.19 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 manat 55 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar