Məhkəmə qərarları › İş №1(051)-132/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-132/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-132/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs Müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, xx.xx.2019-ci il tarixli Mingəçevir Şəhər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli 7(075)-98/2021 saylı qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2021-ci il tarixində cəzasının müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 151,04 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 6,04 qram hissəsini bir ədəd kağız bükümdə qablaşdıraraq əynindəki qara rəngli şalvarın sağ yan cibində, narkotik vasitə qurudulmuş marixuananın 145 qram olan hissəsini isə bir ədəd qara rəngli sellofan bükümdə əlində saxlayaraq özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin CİNAYƏT AXTARİŞ BÖLMƏSİNİN əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı binanın qarşısında saxlanılıb həmin tarixdə saat 19:40 radələrində ünvan 2 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən onun əlindəki bir ədəd qara rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 145 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 6,04 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda heç bir yerdə işləmir. Bir neçə ay əvvəl Mingəçevir şəhəri Karyer yolu adlanan ərazidən yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı bina istqamətində hərəkətdə olarkən yerdən 1 ədəd sellofan büküm tapmışdır. Həmin bükümü açıb baxan zaman bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Belə ki, o, əvvəllər də narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyi üçün həmin kütləni tanımış və şəxsi istifadəsi məqsədilə götürmüş və Mingəçevir şəhəri Karyer yolunda yerləşən qum-çınqıl zavodunun yaxınlığında gizlətmişdir. O, həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba haqqında heç kimə məlumat verməmişdir. İçərisində narkotik vasitə olan qurudulmuş marixuana olan torbanı tapdıqdan sonra həmin narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. 20 iyun 2022-ci il tarixdə günorta saatlarında bükümü gizlətdiyi yerə getmişdir. Gizlətdiyi bükümü tapıb oradakı kütlədən kiçik kağıza bir qədər ayırıb kiçik büküm düzəltmiş, sellofana bağlayaraq cibinə qoymuşdur. Qalan sellofan torbada olan qurudulmuş marixuananı da özü ilə götürmüşdür. 20 iyun 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı binanın qabağında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X15 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əlindəki qara rəgli sellofan bükümü və əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir ədəd kağız büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş sellofan bükümdə və kağız bükümdə olan kütlələr rəngindən və spesifik iyindən narkotik vasitə olan marixuanadır. Sonra onun və digər iştirkaçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmişdir. Ondan aşkar olunmuş bir ədəd kağız bükümün çəkisi 8,14 qram, əlindəki sellofan torbada olan bükümün çəkisi isə 150 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, bir neçə ay əvvəl Mingəçevir şəhəri Karyer yolu adlanan ərazidən yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı bina istiqamətində hərəkətdə olarkən yerdən tapdığını, şəxsi istifadəsi məqsədilə götürərək Mingəçevir şəhəri Karyer yolunda yerləşən qum-çmqıl zavodunun yaxınlığında gizlətdiyini, 20 iyun 2022-ci il tarixdə günorta saatlarında bükümü gizlətdiyi yerdən götürərək kiçik kağıza bükərək bir qədər ayırıb kiçik büküm düzəldib sellofana bağlayaraq cibinə qoyduğunu və qalan sellofan torbada olan qurudulmuş marixuananı da özü ilə götürdüyünü bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin bir ədəd kağız büküm və bir ədəd sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmçinin bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin qurudulmuş marixuanaları satmaq məqsədi olmamışdır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində daha yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:20 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 və o, Mingəçevir şəhər sakini X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı X6 Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı binanın yaxınlığında olan zaman onu görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra X1 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil dəvət olunmuş və vəkilin iştirak ilə X7 narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən X7 izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. X10 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl X7 təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. X10 əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli kağız bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin bir ədəd ağ rəngli kağız büküm X5 və digər iştirakçıların yanında açılarkən onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş bir ədəd ağ rəngli kağız bükümünün içərisində narkotik vasitə-qurudulmuş marixuanaya oxşar olan kütlə müəyyən edilmişdir. Daha sonra Ayaz Şıxəliyevin əlində olan sellofan torbaya baxış keçirilmiş, baxış zamanı onun əlində olan ağ rəngli sellofan torbanın içərisində digər bir qara rəngli sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin bükümlərin içərisində narkotik vasitəyə oxşar kütlələr bükümlərlə birlikdə elektron tərəzidə çəkilmişdir. Ayaz Şıxəliyevin əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlənin olduğu bükümün çəkisi 8,14 qram, onun əlində qara rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın çəkisi bükümlə birlikdə 150 qram olmuşdur. Həmin narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlələr ayrı- ayrı zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Ayaz Şıxəliyevin özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı X10 üzərindən aşkar edilib götürülmüş bir ədəd ağ rəngli kağız bükümündə və 1 ədəd qara rəngli sellofan bükümdə olan kütlələrin narkotik vasitə-qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni bir neçə ay əvvəl Mingəçevir şəhərində Karyer yolu adlandırılan ərazidən yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi istiqamətində hərəkətdə olarkən karyer yolunda tapdığını, həmin bükümü şəxsi istifadəsi məqsədilə karyer yolunda yerləşən qumçınqıl zavodunun yaxınlığında gizlətdiyini, həmin narkotik vasitədən bir neçə dəfə istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə isə yenə həmin yerə gedərək istifadəsi məqsədilə tapmış olduğu torbadan bir qədər kağız bükümdə götürdüyünü, qalan hissəsini də sonradan istifadəsi üçün üzərində götürərək yaşadığı bina istiqamətində getdiyini və xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 6 saylı binanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CABnın əməliyyat müvəkkili Şahid2 istintaq zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, X10 oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. şübhəli şəxsin tutulması haqqında 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X10 oğlu həmin tarixdə saat 19:20 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, cinayət işinin materiallarında olan 20 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə içərisində ümumi təmiz çəkisi 6,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs əlində olan qara rəngli sellofan bükümdə içərisində ümumi təmiz çəkisi 145 qram şəkilində narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəqurudulmuş marixuanaya oxşar kütlələr götürülərək, zərfə qoyularaq, AR DİN-in 76 nömrəli möhürü ilə möhürləndi, zərfin üzəri Təqsirləndirilən şəxs özü tərəfindən imzalandı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 21 iyun 2022-ci il tarixli 17/510 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş...” sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 6,04 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən üzərindən aşkar olunub götürülmüş...” sözləri yazılmış 01(bir) ədəd qara rəngli sellofan torbanın içərisindəki, təmiz çəkisi – 145,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkiləri-151,04 qram, tədqiqata sərf edildi-0,10 qram(hər obyektən 0,05 qram), qalıq-150,94 qram. 22 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-74/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin olunmamışdır. 22 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X2 Məcburi Narkolojitibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 1080 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınmaq haqqında” 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən, ekspertizadan sonra təmiz qalıq çəkisi 150,94 qram olan aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və Mingəçevir ŞPŞ-yə saxlanılması üçün təhvil verilmişdir Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 12 iyul 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilinərək 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(075)-98/2021 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq 03 ay (üç) 14 gün (on dörd) vaxtından əvvəl azad edilmişdir. Cəzasının müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, təqsirli bilinərək 01 il 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(075)-98/2021 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilərək, o, cəzadan şərti olaraq 03 ay (üç) 14 gün (on dörd) vaxtından əvvəl azad edilmişdir. 02 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası ƏN-nin MEM-nin X17 Bölməsinin 21 iyun 2022-ci il tarixli 17/510 №-li rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gəncə Şəhəri X2 Məcburi Narkoloji-tibbi yoxlamanın 01 avqust 2022-ci il tarixli 1080 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 150,94 qram olmuş narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Mingəçevir SPŞ-yə maddi sübutların saxlanılması üçün təhvil verilmidir. Bir ədəd “CD-R” diskdə olan videogörüntüdən görünür ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyun 2022-ci il tarixli protokola uyğun olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz çəkisi 150,94 qram olan narkotik vasitə-qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cina.yətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yuxarıda sadalanan əvvəlki hökm üzrə məhkumluğu ödənilsə də Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Şixəliyev X8 Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 20 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-nin 69.3), cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan Mingəçevir ŞPŞ-də saxlanması üçün təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 151,04 qram olan tədqiqatdan sonra qalıq qalmış 150,94 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 34,55 (otuz dörd manat, 55 qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 iyun 2022–ci il tarixdən 22 iyun 2022–ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci qismində 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Vəkil X12 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ521BAZ**********6146935270 saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevir rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 150,94 qram narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar