Məhkəmə qərarları › İş №1(051)-134/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-134/2021

28.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-134/2021 28.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir şəhər Məhkəməsinin 19 iyun 2020–ci il tarixli 1(051)-54/2021 nömrəli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hazırda 2 (iki) il 3 (üç) ay 13 (on üç) gün çəkilməmiş cəzası qalmış, Mingəçevir şəhəri, 20 yanvar küçəsi ev 166, mənzil 36-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0.314 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 26.03.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı binanın birinci mərtəbəsində yerləşən Bakı aptekinin qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə-heroin əynində olan qara şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədi və məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək göstərdi ki, o, əvvəllər arabir marixuanadan istifadə etmişdir. Heroindən hec vaxt istifadə etməmişdir. Bundan başqa 26.03.2021-ci il tarixdə evində oturan zaman 14:30 radələrində tanışı taksi sürücüsü onun evinə gələrək guya soyğun baş verdiyini və baxış keçirilməsi üçün getmək lazım olduğunu bildirmişdir. O, da tanışının idarə etdiyi avtomaşına minmiş və «Bakı» aptekinin yanında polis əməkdaşları maşını saxladıb, onu düşürdüb polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona təziqlər göstərildiyi üçün o, məcburiyyət qarşısında qalıb ittiham aktında göstərilənləri etiraf etmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26.03.2021-ci il tarixdə saat 19:45 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3 və Şahid1 ilə 26.03.2021-ci il tarixdə saat 19:45 radələrində Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı binanın qarşısından piyada keçən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Hacıyev X3 ŞPŞ-yə gətirilmiş və polis şöbəsində vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş büküm aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd qara kağıza bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd qara kağıza bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə oxşar kütlənin ümumi çəkisi 0.56 qram olmuş, həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd qara kağıza bükülmüş bükümdə olan kütlənin heroin olduğunu, heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 26.03.2021-cü il tarixdə təxminən saat 19 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ‘‘Bakı" aptekinin yaxınlığından piyada keçən zaman yerdən taparaq əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyub üstündə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı Şahid3 və Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə-heroinin onun cibinə qoyulması, ən başlıcası isə özünün narkotik vasitə istifadəçisi olmaması ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun əynindəki göy rəngli şalvarın sağ yan cibindən çıxdığı videoçəkiliş zamanı öz əksini tapmışdır. Eləcə də, məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının ekspert rəyi ilə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əzab çəkdiyi təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tutulan zaman təzyiq edilməsi və yaxud döyülməsi ilə bağlı Mingəçevir şəhər prokurorluğuna müraciət etməmiş, nə də barəsində həbs qətimkan tədbiri seçilən vaxt məhkəmə iclasında vəsatət verməmişdir. Eləcə də, təqsirləndirilən şəxsin xəsarət alması ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydiyyatı aparılmamışdır. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalası ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 26.03.2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman bir ədəd qara rəngli kağız bükümünü, Mingəçevir şəhəri, H.Əliyev prospektində Bakı aptekinin yaxınlığında yerdən tapdığını, əvvəllər istifadə etdiyi üçün açıb baxarkən narkotik vasitə olmasını bildiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində bir ədəd qara rəngli kağız bükümdə olan qara rəngli narkotik vasitəyə oxşar kütlə elektron tərəzi ilə çəkilmişdir. Qara rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlənin çəkisinin isə 0.56 qram olması müəyyən edilmişdir. Samsung markalı videokamera ilə videoya çəkildi və zərfə qoyularaq AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd 5 qəpik, bir ədəd ketel markalı telefon, bir qutu maqna markalı siqaret, bir kibrit qutusu, iki ədəd fanar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 27.03.2021-ci il tarixli 17/234 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində ‘‘Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə narkotik” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0.314 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 18.05.2021-ci il tarixli 552 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0.314 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.264 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 19 iyun 2020–ci il tarixli 1(051)-54/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində 28.03.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş, həbsdə saxlama müddətinin əvvəli 26.03.2021-ci il tarixdən hesablanmışdır. Həmin tarixə məhkumun azadlığın məhdudlaşdırılması cəzasının 2 il 3 ay 13 gün müddəti ödənilməmiş qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda quru halda təmiz çəkisi 0.314 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs oğlu Mingəçevir şəhər Məhkəməsinin 19.06.2020-ci il tarxili hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub islah olunmayaraq, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qara rəngli kağız bükümün içərisində təmiz çəkisi 0.314 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 26.03.2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı binanın birinci mərtəbəsində yerləşən Bakı aptekinin qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə -heroin əynində olan qara şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 19.06.2020-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəzanı icra edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində 28.03.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edilmiş, həbsdə saxlama müddətinin əvvəli 26.03.2021-ci il tarixdən hesablanmışdır. Həmin tarixə məhkumun azadlığın məhdudlaşdırılması cəzasının 2 il 3 ay 13 gün müddəti ödənilməmiş qalmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs həmin hökm qanuni qüvvəyə mindikdən sonra, yenidən, yəni 26 mart 2021–ci il tarixdə Cinayət Məcəlləsinin həmin maddəsi ilə qəsdən cinayət törətmişdir. Sonuncu cinayəti törətdikdən sonra Təqsirləndirilən şəxs ifşa olunmuş, barəsində ibtidai araşdırma aparılmış və məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, cinayətlərin məcmusu ilə deyil, hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ, 19.04.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Hacıyev X3 şəhər Məhkəməsinin 19.06.2020-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsinə əsasən 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyi tərəfindən verilmiş 31.05.2021–ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində Mənzil Kommunal Təsərrüfatı və İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.06.2021–ci il tarixli 1(051)–54/2020 nömrəli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 2 il 3 ay 13 gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutlmaqla, 1 il 1 ay 21 gün çəkilməmiş hissəsi, yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzəasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26.03.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 26.03.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Mingəçevir Şəhər Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə 28.03.2021–ci il tarixli 4(051)–39/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin əvvəli 26 mart 2021–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM–in 93.1.4– cü maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.264 milliqram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 19 iyun 2020–ci il tarixli hökmü təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 3 (üç) ay 13 (on üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutlmaqla 1 (bir) il 1 (bir) ay 21 gün müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM–in 93.1.4–cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 0.264 milliqram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir manat) manat 94 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar