Məhkəmə qərarları › İş №1(051)-135/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-135/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-135/2021 12.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1973-cü ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 15 mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda 17.04.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,198 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli yaz gödəkçəsinin sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 20:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 Yanvar küçəsi 15 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20:20 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli yaz gödəkçəsinin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, 16 aprel 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Maqomayev prospektinin kəsişməsində yerləşən «Güllü Bağ» adlanan ərazidə piyada gəzişərkən piyada səkisinin kənarından 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünün ayağına dəyməsini görüb dayanmış, əyilib həmin bükülünü yerdən götürərək açıb içərisinə baxanda içərisindəkinin narkotik vasitə olan heroin olmasını anlamışdır. O, heroindən istifadə etdiyinə görə bükülünün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və bükülünü özü ilə götürmüşdür. İçərisində narkotik vasitə heroin olan bükülüdən istifadə etməyə fürsət tapmamış, həmin narkotik vasitəni daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli yaz gödəkçəsinin sağ yan cibinə qoyaraq gizlətmişdir. 17 aprel 2021-ci il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən binanın yanında olarkən 16 aprel 2021-ci il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Maqomayev prospektinin kəsişməsində yerləşən «Güllü Bağ» adlanan ərazidə təkbaşına piyada gəzişərkən piyada səkisinin kənarından tapdığı narkotik vasitə heroin də üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X8 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində 17.04.2021-ci il tarixdə saat 20:20 radələrində vəkil X5 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan əynindəki göy rəngli yaz gödəkçəsinin sol yan cibindən 1 ədəd «İNOİ» markalı mobil telefon, 1 ədəd alışqan, plastik kartlar, içəri cibindən salfetlər, qoruyucu maskalar və açarlar, sağ yan cibindən 1 ədəd açar və siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində olan tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildiyini, 16 aprel 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Maqomayev prospektinin kəsişməsində yerləşən «Güllü Bağ» adlanan ərazidə təkbaşına piyada gəzişərkən piyada səkisinin kənarından 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünün içrəsində olan həmin narkotik vasitəni taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli yaz gödəkçəsinin sağ yan cibinə qoyub gizlədərək üzərində saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd heroin kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.42 (sıfır tam yüzdə qırx iki) qram olmuşdur. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ona cəza təyin edərkən səmimi etirafını və peşmançılıq hissi keçirməyini nəzərə alaraq ona ytüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 17 aprel 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakin Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 17.04.2021-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid2, Şahid3 və Roman Zülfiqarovla birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən binanın qarşısında dayanmasını görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Qarayev X3 ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X8 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan göy rəngli yaz gödəkçəsinin sol yan cibindən 1 ədəd «İNOİ» markalı mobil telefon, 1 ədəd alışqan, plastik kartlar, içəri cibindən salfetlər, qoruyucu maskalar və açarlar, sağ yan cibindən 1 ədəd açar və qızılı-ağ rəngli kağıza bükülmüş bükümün içərisində olan tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlə aşkar olunmuşdur. Aşkar edilən kağız bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 0.42 (sıfır tam yüzdə qırx iki) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə və məhlul zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin “heroini”nı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 16 aprel 2021-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə M.Maqomayev prospektinin kəsişməsində yerləşən «Güllü Bağ» adlanan ərazidə təkbaşına piyada gəzişərkən piyada səkisinin kənarından 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükülünün içrəsində olan həmin narkotik vasitəni taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli yaz gödəkçəsinin sağ yan cibində gizlədərək üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18.04.2021-ci il tarixli 17\276 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ….kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0.198 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08.05.2021-ci il tarixli 527 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui- istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 09 iyun 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, 17.04.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd, qızılı-ağ rəngli kağız bükümdə ilkin xalis çəkisi təmiz çəkisi 0,198 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə – heroindən məhkəməkimyəvi ekpertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan qalıq 0,148 qram olan narkotik vasitə - heroin maddi sübut kimi maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan DİN BƏSİİ-nin 27.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Vərəmli Məhkumlar üçün X1 117 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hər iki ağciyərin ocaqlı vərəmi bərkimə fazada 3-cü mərhələ diaqnozu ilə 09.02.1999-15.11.1999-cu il tarixə qədər müalicə olunmuşdur. İşə əlavə olunmuş sənədlərdən də görünür ki, Təqsirləndirilən şəxs himayəsində xəstə anası vardır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda 17.04.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,198 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki göy rəngli yaz gödəkçəsinin sağ yan cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 20:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 Yanvar küçəsi 15 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20:20 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli yaz gödəkçəsinin sağ yan cibindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin himayəsində xəstə anasının olmasını, törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69 manat 10 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,148 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,148 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar