Məhkəmə qərarları › İş №1(051)-137/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-137/2025

19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-137/2025 19.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs müdafiəçisi-Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Şəki şəhəri G.M.Əsədov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu Turan qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83 -cü bəndinə əsasən narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda yəni, 0,246 ( sıfır tam mində iki yüz qırx altı) qram çəkidə narkotik vasitə-heroini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:48 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Teymur Qasımov küçəsində piyada hərəkət edən zaman saxlanılıb saat 17:50-dən 17:57-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda yəni 0,246 ( sıfır tam mində iki yüz qırx altı) qram çəkidə narkotik vasitə-heroin onun əynində olan göy rəngli şalvarının sol yan cibindəki qızılı-ağ rəngli kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Mingəçevir şəhərinin çıxış hissəsində olan qaçqın qəsəbəsində yerləşən «Qarabağ» marketinin yaxınlığında 6 nəfər polis əməkdaşı ona yaxınlaşmış və döyərək üzərini axtarmağa başladılar. Kənarda olan şəxslər yaxınlaşıb köməklik etmək istədikdə, polis əməkdaşları olduqlarını bildirdiklərinə görə vətəndaşlar oradan uzaqlamışlar. Üzərindən siqaret, mobil telefon və evin açarları çıxmışdır. Sonra yenidən üzərinə baxış keçirmək üçün öz avtomaşınlarından bir büküm narkotik vasitə gətirib, dedilər ki, bunu etiraf etməlisən, o isə qəbul etməmişdir. Ona görə də polis əməkdaşları daha da aqressivləşmişlər. Sonra onu avtomaşına mindirib Günəşli bağlar ərazisinə apardılar, maşınla yolu keçib saxladıqdan sonra yenə də onu döymüşlər. Belə ki, polis əməkdaşları məcbur etdilər ki, o bükümdəki narkotik vasitəni üzərinə götür, bir gecə saxlayıb buraxacaqlar. Orada çəkiliş apardılar, oradan da PŞ-yə apardılar. Artıq əli şişmişdi, qan gəlirdi, məcbur qalıb razılaşdı və onu MSY-də saxladılar, sonra Mərkəzi xəstəxanaya apardılar, rentgenə saldıqdan sonra dedilər ki, heç nəyi yoxdur. 48 saatdan sonra onu buraxdılar, səhərigün xəstəxanadan həkim çağırıb, biləyinin sınmasına dair sənədləri ona vermişdir. Onun izahatları da polis əməkdaşlarının diktəsi ilə yazılmışdır. O, bir ildən artıq müddətdir heroindən istifadə etmir. FHN-dən işdən çıxdıqdan sonra qısa müddət ərzində istifadə etmişdir. O, polis əməkdaşlarının heç birini tanımamışdır. Mingəçevir şəhərinə Novruz adlı dostu ilə görüşməyə gəlmişdir. O, uşaqlıqdan Mingəçevir şəhərində dayısıgildə yaşadığına görə Novruzla dostluq etmişdir. Həmin gün Novruzu da evdə tapmamışdır. Ona dan sonra dayısıgilə getmək istəmiş, lakin polis əməkdaşları onu saxlamışdır. ŞPŞ-də polis əməkdaşlarından qorxduğu üçün müdafiəçisinə də heç nə deməmişdir. Sonra qolu sındığına və azadlıqda olduğuna görə bütün başına gələnləri müdafiəçisinə danışmışdır. Müdafiəçisinin köməyi ilə prokurorluğa şikayət yazmışdır. Lakin prokurorluq da qərarı ona və müdafiəçisinə təqdim etməmişdir. Halbuki, o və müdafiəçisi dəfələrlə müraciət etmişdir. Qeyd etdiyi kimi Polis əməkdaşlarının adlarını və soyadlarını bilmədiyinə görə onu hansı polis əməkdaşının vurması yadında qalmamış, ancaq o yadındadır ki, bir nəfər polis əməkdaşı ona badalaq vurub yıxmış, digərləri isə hər tərəfdən onu təpiklə vurmuşdur. O, yıxılanda qolu daşa dəyib sınmışdır. Sonra onu kobudcasına avtomoşına mindirmişlər. Doğrudur, üz nahiyyəsinə və bədən nahiyyəsinin görünən hissələrinə vurmasalar da, onu pis formada döymüşlər. Günəşli bağ massivi 2-3 dəqiqə masəfədə yerləşirdi. Orada yenə də həmin narkotik vasitəni üzərinə qoydular və etiraf etməyə məcbur etdilər. Müstəntiqin yanına getməzdən əvvəl, həmin polis əməkdaşları ona yaxınlaşıb hədə qorxu gəlmiş, təkrar onu tutub döyməsinlər deyə, o da qorxusundan həmin ifadəni vermişdir. Hazırda isə artıq polis şöbəsində olmadıqları üçün doğru danışır. Anası xəstədir. Ona baxır, həbs olunmaq istəmir. Mingəçevir şəhərinə saat 12-13 radələri arasında gəlmişdir. Polis əməkdaşlarının deməsinə görə izahatında saat 10:30 radələri göstərmişdir. Anasının xəstəliyi ilə əlaqədar vaxt edib Prokurorluğun qərarından şikayət verməmişdir. X1 vəkili ilə görüşməyinə maneçilik törətmişdir. Prokurorluq tərəfindən dəvət edildikdə, polis əməkdaşları bunu bilib onu PŞ-yə dəvət edib hərə-qorxu gələrək PŞ-də verdiyi izahatı təsdiq edəcəyinə məcbur etmişlər. Prokurorluqda da polis əməkdaşlarının təzyiqi ilə başına gələnləri danışa bilməmişdir. Ona görə də özünü təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-ın ə/m-li vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. 13 mart 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, Şahid1 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:48 radələrində Mingəçevir şəhəri Teymur Qasımov küçəsində piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuşdur. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins çalvarının sağ yan cibindən bir ədəd Prima markalı siqaret qutusunu, sağ arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu, sol yan cibindən bir ədəd qızılı-ağ rəngli kağız bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Təqdim edilən bir ədəd qızılı-ağ rəngli kağız büküm açılarkən içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə qızılı-ağ rəngli kağız büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qızılı-ağ rəngli kağız büküm ilə birlikdə narkotik vasitə olan heroinə oxşar kütlənin ümumi çəkisinin 0, 43 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə, zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanaraq götürülmüş, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə oxşar kütləni tutulmazdan əvvəl xx.xx.2025-ci il tarixdə, təxminən saat 12 radələrində, Mingəçevir şəhərinin girəcəyində piyada hərəkət edən zaman yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 da ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-ın ə/m-li vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Hazırki tədbir əməliyyatçı Şahid1 əməliyyatı olmuşdur. Həmin əməliyyata kömək məqsədilə getmiş, kənardan durub əraziyə nəzarət etmişdir. O, əməliyyat tədbirində fəal surətdə iştirak etməmişdir. Bildiyinə görə Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçan zaman yıxılıb dizini sıyırmışdı. O gələndə isə artıq təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi ilə bağlı çəkiliş aparılmasını görmüşdür. Ona görə də kənarda dayanıb baxmışdır. O, təqsirləndirilən şəxsin telefonuna gələn zəngi açmaq üçün ona təzyiq göstərməmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxsin onun barəsində bildirdiklərinin heç bir həqiqətə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün yalan danışır, o, ona heç bir təzyiq göstərməmişdir. Marşrutdan yıxıldığını bilmir. Əməliyyat qrupunda olmamışdır, bəlkə dəstək lazım olar deyə, əməliyyat aparılan əraziyə getmişdir. O, təqsirləndirilən şəxsi əvvəldən tanımamışdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan narkotik vasitə heroinin onun üzərindən aşkar edilməməsi ilə bağlı istinad etdiyi dəlillər, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını və üzərindən narkotik vasitə heroinin aşkar olunduğunu etiraf etməyə məcbur edildiyini, bununla da o, pis rəftara məruz qaldığını bildirmişdir. Məhkəmə istintaqında tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixli diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində yoxlama aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindəki qızılı-ağ rəngli kağız bükümün içərisindən 0,43 qram çəkidə, narkotik vasitə heroinə oxşar kütlənin aşkar edilməsi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni tutulmamışdan bir qədər əvvəl xx.xx.2025-ci il tarixdə, təxminən saat 12 radələrində, Mingəçevir şəhərinin girəcəyində piyada hərəkət edən zaman yerdən tapmasını və öz istifadəsi üçün üzərində saxladığını bildirdiyi müəyyən olunmuşdur. Ondan sonra Mingəçevir ŞPŞ-nin inzibati binasında aparılan videoçəkiliş zamanı müdafiəçi ondan, heroinin özünə məxsus olub olmamasını, həmçinin ona qarşı təzyiq göstərilib-göstərilməməsini soruşmuşdur. Bütün hallarda təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona təzyiq göstərilmədiyini, qolu və dizi ilə bağlı isə marşrutdan düşəndə yıxıldığını demişdir. Bütün bu xüsusatlar isə video diskdə öz əksini tapmışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixli Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Aida Kərimovanın cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi Şəki şəhəri, Turan qəsəbəsi sakini Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından keçirilməsi ilə bağlı müraciəti əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs ərizə ilə şəhər prokurorluğuna müraciət edərək xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər marşrutundan yıxılmadığını, həmin tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zorakılığa məruz qaldığını bildirmiş, bu səbəbdən əlavə izahatının alınmasını xahiş etmişdir. Əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 243/MEŞ nömrəli ekspert rəyində Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk örtüyünə və ya küt əşyalar dəyməsi nəticəsində törənmələrinin daha inandırıcı olması, burulma, sıxılma və ya küt əşya ilə yetirilmiş zərbələrin təsirindən törənmələrinin inandırıcı olmaması göstərilmişdir. Həmin qərara əsasən toplanmış 72/C-25 nömrəli materialda heç bir şəxsin əməlində cinayət tərkibinin əlamətləri mövcud olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə həmin qərardan şikayət vermək hüququ izah edilmiş, lakin həmin qərardan şikayət verilməmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zor tətbiqinə məruz qalması, narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla belə, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan göy rəngli şalvarının sol yan cibindəki qızılı-ağ rəngli kağız bükümün içərisindən kağız büküm ilə birlikdə ümumi çəkisi 0,43 qram narkotik vasitə “heroinə” oxşar kütlənin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/231 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə.“ yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,246 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 913 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindəki qızılı-ağ rəngli kağız bükümün içərisindən 0,43 qram çəkidə, narkotik vasitə heroinə oxşar kütlənin aşkar edilməsi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni tutulmazdan bir qədər əvvəl xx.xx.2025-ci il tarixdə, təxminən saat 12 radələrində, Mingəçevir şəhərinin girəcəyində piyada hərəkət edən zaman yerdən tapmasını və öz istifadəsi üçün üzərində saxladığını bildirdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli Mingəçevir şəhər prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Aida Kərimovanın cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi Şəki şəhəri, Turan qəsəbəsi sakini Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasından keçirilməsi ilə bağlı müraciəti şəhər prokurorluğuna daxil olmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs ərizə ilə şəhər prokurorluğuna müraciət edərək xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhər marşrutundan yıxılmadığını, həmin tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zorakılığa məruz qaldığını bildirmiş, bu səbəbdən əlavə izahatının alınmasını xahiş etmişdir. Araşdırma zamanı əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 243/MEŞ nömrəli ekspert rəyində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində sol mil bilək oynağının noxudabənzər sümüyünün sınığı, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları aşkar adilmişdir. Noxudabənzər sümüyün mil- bilək oynağında yerləşən əl daraqarxası sümüklərə aid olub mil- bilək oynağı nahiyəsinin ön-iç bucağında (əlin ovuc səthi müstəvisində) yerləşməsini və Təqsirləndirilən şəxs bədən səthində qeyd olunan sıyrıqların bədənin qabarıq hissələrində yerləşməsini nəzərə alaraq demək olar ki, A.V.İbrahimovun bədənində aşkar edilmiş xəsarətlərin ilkin izahatında göstərdiyi şəraitdə, yəni öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk örtüyünə və ya küt əşyalar dəyməsi nəticəsində törənmələri daha inandırıcıdır; burulma, sıxılma və ya küt əşya ilə yetirilmiş zərbələrin təsirindən törənmələri inandırıcı deyil. Həmin qərara əsasən toplanmış 72/C-25 nömrəli materialda heç bir şəxsin əməlində cinayət tərkibinin əlamətləri mövcud olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə həmin qərardan şikayət vermək hüququ izah edilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli protokollarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 0,43 qram olmaqla küstar üsulla hazırlanmış narkotik vasitə heroindən məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq çəkisi 0,196 qram olan narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilərək saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə cəmi 0,246 qram çəkidə narkotik vasitə-heroinin əldə edilməsi mənbəsini müəyyən etmək məqsədilə ********* №-li cinayət işindən material ayrılması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,246 ( sıfır tam mində iki yüz qırx altı) qram çəkidə narkotik vasitə-heroini üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda yəni, 0,246 ( sıfır tam mində iki yüz qırx altı) qram çəkidə narkotik vasitə-heroini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:48 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Teymur Qasımov küçəsində piyada hərəkət edən zaman saxlanılıb saat 17:50-dən 17:57-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda yəni 0,246 ( sıfır tam mində iki yüz qırx altı) qram çəkidə narkotik vasitə-heroin onun əynində olan göy rəngli şalvarının sol yan cibindəki qızılı-ağ rəngli kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2025–ci il tarixdə saxlandığı Mingəçevir ŞPŞ–nin MSY– dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, Şəki rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,196 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Şəki rayonunun ərazi hüdudlarını tərk etməmək, Şəki rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəki rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq çəkisi 0,196 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar