Məhkəmə qərarları › İş №1(051)-14/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-14/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-14/2024 07.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhər Məhkəməsinin 1(051)-25/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq saxlayıb, həmin narkotik vasitə heroindən 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,104 qram olan hissəsini 30 mart 2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsinin yaxınlığında Şahid1 18 (on səkkiz) manata qanunsuz olaraq satıb Şahid1 əldə etdiyi 18 (on səkkiz) manat məbləğdə puldan qalan 1(bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pulu əynindəki şalvarın sağ arxa cibində, 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,371 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq daşımış 30 mart 2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 23:05-dən saat 23:20-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,371 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, Şahid1 narkotik vasitə heroin sataraq əldə etdiyi 1 (bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pul əynindəki şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, o, tutulan zaman ona işgəncə verilib və bu işgəncəyə görə o, ona elan olunmuş ittihamla razılaşıb. O etiraf edir ki, Bəkirov Knyazla görüşüb. Həmin gün səkkiz kabelin qarşısından keçəndə polis əməkdaşları maşınla onların qarşısını kəsib və onları şöbəyə gətirmişlər. Guya o, Bəkirov Knyaza 18 manata narkotik vasitə satmışdır. Qabaqcadan planlaşdırılmış iş olduğuna görə Bəkirov Knyaz da bununla razılaşıb. Halbuki onun üzərinə baxış keçirilərkən onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Əvvəlcədən hazırlanmış plana görə o, narkotik vasitə Knyaza satır, bunun üçün onun cibinə 7-8 manat pulda qoyurlar və çəkiliş edirlər, çəkiliş zamanı o, bütün bunları etiraf edir. Növbətçi hissənin önündə çəkiliş edilərkən arxadan onun cibinə həmin pulu qoyurlar. O, etiraf edir ki, narkotik vasitə olan marixuananı çəkir. Lakin həmin gün onun cibindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Lakin Knyazın üstündə narkotik vasitə olduğunu bilmir. O bir daha etiraf edir ki, özü narkotik istifadəçisidir, lakin həmin gün onun üstündən heç bir narkotik vasitə olmayıb. O, həmin gün Knyazla sadəcə işlə bağlı görüşmüşlər. Heç bir narkotik vasitə alıb satmamışlar. O, bütün bunları tutulan zaman ona qarşı olan fiziki təzyiq və işgəncələr nəticəsində razılıq verərək ittihamı qəbul etmişdir. Lakin prokuror ondan özünü təqsirli bilib bilməməsini soruşduqda o, təqsirli olmadığını bildirmişdir. O, həmin vaxt narkotik istifadə etməmişdir. Lakin arabir marixuana istifadə etmişdir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluğu da olmuşdur. Həmin vaxt onun üstündə nəinki narkotik vasitə, heç pul da olmamışdır. Şöbədə çəkiliş zamanı Emir müəllim arxadan onun arxa cibinə pulu qoymuşdur. Bundan əlavə tutulan zaman onu və Knyazı 40 dəqiqə saxlamışlar. Əvvəlcə onları şəhərdə gəzdirmişlər. Uzun müddət keçəndən sonra onları şöbəyə gətirmişlər. Ona polis şöbəsində fiziki güc tətbiq edərək zorla həmin narkotik maddənin onun olduğunu boynuna qoyublar. Bir daha qeyd edir ki, tutulan zaman üzərində heç nə olmamışdır, ittihamda qeyd olunanları təzyiq altında boynuna almışdır. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 və ya Təqsirləndirilən şəxs əvvəllər tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid1 hər ikisi əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmuşlar. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Şahid1 Mingəçevir şəhəri A.Məmmədov küçəsi 7 saylı yaşayış binasının yaxınlığı ilə piyada hərəkət etdiyini görüb Şahid1 yaxınlaşaraq Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib Şahid1 polis şöbəsinə dəvət etmişlər. X6 Bəkirova narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib Şahid1 üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid1 da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Eləcə də şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid1 təklif olunmuş ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, Şahid1 da əynindəki şalvarının sol arxa cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd Samsung markalı mobil telefonu, sağ arxa cibindən ümumilikdə 95 qəpik pul, şalvarın sol arxa cibindən bir ədəd yaşıl rəngli kağıza bükülmüş bir ədəd büküm çıxararaq təqdim etmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Şahid1 üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Şahid1 əynindəki şalvarın sol arxa cibindən çıxarıb təqdim etdiyi 1 ədəd yaşıl rəngli büküm digər iştirakçıların yanında açılıb baxılarkən içərisindəkinin qəhvəyi rəngli, kəskin iyli kristallik kütlə yəni, narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 ədəd yaşıl rəngli kağız bükümün içərisində olan maddə ilə birlikdə elektron tərəzidə çəkilmiş, kağız bükümlə birlikdə ümumi çəkisi 0,26 qram olmuşdur. Sorğu zamanı Şahid1 həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-ci il tarixdə səhər saatlarında tanışı Elşən adlı şəxsdən Mingəçevir şəhəri A.Məmmədov küçəsinin yaxınlığında Elşənə 18 manat pul verib aldığını, bir qədərini istifadə etdiyini, qalan hissəsini isə narkotik vasitələrdən istifadə etdiyi üçün əynində olan şalvarın sol arxa cibində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə bir ədəd zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİNnin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Bundan sonra Şahid1 narkotik vasitə satmış Elşən adlı şəxsin xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri Günəş küçəsi 66№-li evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığı ilə piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirərək Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs özünün razılığı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində olan əşyaları təqdim etsin. O da əynində olan şalvarın sağ yan cibindən 1 ədəd telefon, əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümünə bükülmüş bükümü, şalvarının sağ arxa cibindən 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq əskinazları çıxarıb könüllü təqdim etmiş və üzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri Günəş küçəsində yerləşən qəbiristanlığın yaxınlığından piyada hərəkət edərkən yerdən 1 ədəd kağız bükümdə tapdığını, həmin narkotik vasitə heroindən bir qədərini özü istifadə etdiyini, bir qədərini xx.xx.2023-c-cü il tarixdə Şahid1 18 manata satdığını, qalan hissəsini üzərində yəni, əynində olan şalvarın sol yan cibində gizlədərək saxladığını, üzərindən aşkar olunmuş 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq əskinasları isə tanışı Qnyaz adlı şəxsə narkotik vasitə heroin sataraq Qnyazdan əldə etdiyi 18 manat məbləğdə puldan qalan hissəsi olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən aşkar olunmuş narkotik vasitə heroin, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq əskinaslar zərflərə qablaşdırılaraq möhürlənərək götürülmüş, bu barədə tərtib olunmuş protokola o da imza etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Mingçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar Elşənlə həbsdə bir yerdə olmuşlar. Həmin gün yol getdikləri yerdə onları tutub gətiriblər şöbəyə. Şöbəyə onların ikisini bir yerə saldılar. Sonra onları ayırdılar. Elşəni başqa yerə apardılar. Onlar həmin gün görüşmüşlər, lakin narkotik vasitə istifadə etməmişlər. Onlar həmin gün görüşsələr də Elşəndən narkotik vasitə almamışdır. O, Elşənlə yolda görüşmüşdür. Üzərilərində narkotik vasitə olmamışdır. Əvvəlcədən telefonla danışmışlar. Lakin narkotik vasitə ilə bağlı heç bir danışıqları olmamışdır. Elşəndən heç bir narkotik vasitə istəməmişdir. Polis şöbəsinə gətirilərkən üzərilərinə baxış keçirilmiş, lakin heç nə çıxamamışdır. Lakin bir iki saat sonra üzərilərindən narkotik çıxmışdır. O, həmin vaxt narkotiki Elşəndən aldığını etiraf etmişdir. Ona qarşı şöbədə təzyiq edildiyinə görə o, narkotik vasitəni Elşəndən aldığını etiraf etmişdir. O, istintaqda heç kimə izahat verməmişdir. Ona dedilər sənin işinə inzibati qaydada baxılacaq sadəcə sən yazılanlara qol çək, o da oxumadan qol çəkmişdi. Onları şöbəyə gətirərəkən üzərlərinə baxış keçirilmişdir. Tutulan zaman baxış keçirilməmişdir. Onlar şöbəyə tutulandan 2 saat sonra gətirilmişlər. Bir daha qeyd edir ki, o, Elşənə heç bir narkotik vasitə satmamışdır. Sadəcə olaraq ona qarşı fiziki və mənəvi təzyiqlər olduğu üçün o yalan ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 həmin tarixdə saat 20:15-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00 radələrində CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görür ki, Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq olmadığına görə şəxsin barəsində şübhəli şəxs statusuna xitam verilmişdir. Cinayət işinin aidiyyatı üzrə verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyətı üzrə şəhər polis şöbəsinin istintaq bölməsinə verilmişdir. Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın sol arxa cibində gizlədərək saxladığı 1 (bir) ədəd yaşıl rəngli kağız bükümün içərisindən ümumi təmiz çəkisi 0,104 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın sol yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisindən ümumi təmiz çəkisi 0,371 qram qram olan narkotik vasitə-heroin, əynindəki şalvarın arxa sağ cibindən 1 (bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pul aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmiş, DVD diskə baxış keçirilərkən Şahid1 əynində olan şalvarın sol arxa cibindən 1 ədəd yaşıl rəngli kağız bükümdə olan narkotik vasitə heroin aşkar edilməsi, Şahid1 aşkar edilmiş narkotik vasitə heroini Elşən adlı şəxsdən 18 (on) manata almasını bildirməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü tarixdə Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmiş, DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə narkotik vasitə heroin, əynindəki şalvarın sağ arxa cibindən 1 (bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pulun aşkar edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd 5 (beş) manatlıq, 2 (iki) ədəd 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (manat) manat məbləğdə pulu Qnyaz adlı şəxsə narkotik vasitə heroin verərək Qnyazdan əldə etdiyi puldan qalan hissə olmasını bildirməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli mobil telefon rabitəsi ilə ötürülən məlumatları özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlıdiskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi Şahid1 oğunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi aralarında xx.xx.2023cü il tarixdə saat 10:45-də 48 saniyə, saat 10:53-də 1 saniyə, saat 10:54-də 59 saniyə telefon danışığı baş verişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi Şahid1 oğunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi aralarında xx.xx.2023-cü il tarixdə sms əlaqəsi olmaması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/297 №-li rəyinə əsasən Tədqiqata təqdim olunmuş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,371 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “ Vət.Şahid1 üzərindən aşkar olunub götürülmüş narkotik vasitə...” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd yaşıl rəngli kağız bükümdə, təmiz çəkisi-0,104 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş 02 (bir) ədəd zərfin içərisində olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf 0,050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,054 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, tədqiqata sərf olunan 0,050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,321 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pul iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023cü il tarixli 912 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2023-cü il tarixdə ondan 18 manat müqabilində narkotik vasitə olan heroin aldığını bildirmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM–in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Mustafayev X2 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya aktının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 7(001)-615/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(051)-143/2020 nömrəli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-25/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq cəmi 4 gün təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanması hökm edilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin məktubuna əsasən Mustafayev X2 şəhər Məhkəməsinin 1(051)-25/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi zaman həbsdə olması ilə əlaqədar olaraq cəzası icra olunmamışdır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmamasını, əvvəlcədən tanıdığı Şahid1 ilə görüşməsi, Emir adlı polis əməkdaşı onun yanına gəlib şalvarının arxa cibinə narkotik vasitə qoymasını, ona fiziki təzyiq göstərilərək narkotik vasitənin onun olmasını bildirməsini, həmin narkotik vasitəni guya Qnyaz adında şəxsə satması kimi öyrədilməsi, Emirin əvvəlcədən ona dediyi kimi ilkin olaraq ifadə verməsi, Emir adlı polis əməkdaşı həmçinin onun şalvarının sol yan cibinə narkotik vasitə qoyaraq həmin narkotik vasitənin onun olduğunu deməsi, həmçinin narkotik vasitəni isə Qnyaza satmamağı ilə bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Digər hal ekspert rəyi ilə də təsdiq edilir ki, Şahid1 üzərindən çıxan narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin tərkiblərinə görə eyni olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla təkzib olunmuşdur. Bütün bu xüsusatlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədilə Şahid1 ilə əvvəlcədən razılıq əldə edərək narkotik vasitə olan heroini 18 manat məbləğində pul müqabilində ona satmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Həmçinin üzləşdirmə zamanı Şahid1 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ondan pul müqabilində narkotik vasitə heroin aldığını sonuncunun üzünə qarşı demişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımaqla, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib gizlədərək saxlamaqla və qanunsuz olaraq narkotik vasitəni satmaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə apararaq saxlayıb, həmin narkotik vasitə heroindən 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,104 qram olan hissəsini 30 mart 2023-cü il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri A.Məmmədov küçəsinin yaxınlığında Şahid1 18 (on səkkiz) manata qanunsuz olaraq satıb Şahid1 əldə etdiyi 18 (on səkkiz) manat məbləğdə puldan qalan 1(bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pulu əynindəki şalvarın sağ arxa cibində, 1(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,371 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq daşımış 30 mart 2023-cü il tarixdə saat 23 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Məmmədov küçəsində yerləşən 16 saylı orta məktəbin yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 23:05-dən saat 23:20-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0, 371 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, Şahid1 narkotik vasitə heroin sataraq əldə etdiyi 1 (bir) ədəd C ******* seriyalı 5 (beş) manatlıq, 2 (iki) ədəd B 56889357, B 20679190 seriyalı 1 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 7 (yeddi) manat məbləğdə pul əynindəki şalvarın sağ arxa cibindən, aşkar edilərək götürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin hər iki epizod üzrə ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini etiraf etməsini, həmçinin CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsini özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanununun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həmin Qanunun 1.0.11–ci maddəsinə əsasən miqdarından asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.1. Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İş materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin məktubuna əsasən Mustafayev X2 şəhər Məhkəməsinin 1(051)-25/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi zaman həbsdə olması ilə əlaqədar olaraq cəzası icra olunmadığından və hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri sonuncu hökmdən əvvəl xx.xx.2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrı-ayrılıqda azadlıqdan məhrumetmə cəzası təyin edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)-25/2024 saylı, 25 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 2 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 0,054 və 0,321 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan 1 ədəd C ******* seriyalı 5 manat, 2 ədəd B 56889357, B 20679190 seriyalı 1 manatlıq əskinaslardan ibarət ümumlikdə 7 manat məbləğində pul hökm qanuni qüvvəyə mindikdən sonra əvəzsiz olaraq Dövlət nəfinə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə,ə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəzalar Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Mingəçevir şəhər Məhkəməsinin 1(051)-25/2024 nömrəli 25 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 (bir) il 6 ay qismən toplamaqla ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 2 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 0,054 və 0,321 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 1 ədəd C ******* seriyalı 5 manat, 2 ədəd B 56889357, B 20679190 seriyalı 1 manatlıq əskinaslardan ibarət ümumlikdə 7 manat məbləğində pul hökm qanuni qüvvəyə mindikdən sonra əvəzsiz olaraq Dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar