Məhkəmə qərarları › İş №1(051)-143/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-143/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-143/2024 17.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Mingəçevir şəhəri, X.Şuşinski küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni təmiz çəkisi 7,21 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı 01 (bir) ədəd kibrit qutusunun içərisində əynindəki boz rəngli idman şalvarının sol yan cibində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 12 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 11:55-dən saat 12:03-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hərdən narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Əşya Bazarı”nın yaxınlığında olan zaman yerdə 1 ədəd kibrit qutusu olmasını görüb və həmin kibrit qutusunu götürüb cibinə qoymuşdur. Lakin həmin kibrit qutusunun içərisinə baxmamış və onun içərisində nə olmasını bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:15 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 12 saylı binanın qarşısında hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona müdafiəçi təyin olunmuş, və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməli olması izah edilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kibrit qutusu açılarkən içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bilmişdir. Belə ki, özü əvvəllər həmin narkotik vasitədən istifadə etdiyi üçün həmin kütləni tanımışdır. Sonra kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin ümumi çəkisi 10,29 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Mingəçevir şəhəri, Nizami küçəsində yerləşən “Əşya Bazarı”-nın yaxınlığında yerdən tapdığını, lakin həmin qutunun içərisində nə olmasını bilmədən həmin kibrit qutusunu götürüb üzərində saxladığını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin 01 ədəd kibrit qutusunda olan kütlə onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Sonra şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokolu imzalamışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. Daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə daxil olmuş məxfi məlumatda Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nm əməliyyat rabitə qrupunun baş operatoru polis baş serjantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 12 saylı binanın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı barəsində polis şöbəsində məlumat olduğunu və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ona izah olunaraq polis şöbəsinə dəvət edildi. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməmiş və Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs raportla təqdim edildikdən sonra təhqiqatçı polis kapitanı Rəşad Cəfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi təyin olunaraq növbədə olan vəkil X2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra ŞPŞ-nin inzibati binasında Növbətçi Hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə onun müdaifəçisi və polis əməkdaşlarının habelə onun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilmiş və üzərindən xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nakrotik vasitə qurudulmuş marixuana olmasını və taparaq əldə etməsini bildirmişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs özü və müdafiəçisi habelə onunla yanaşı digər polis əməkdaşı tərəfindən zərf və şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib edilmiş protokol imzalanmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Mingəçevir ŞPŞ-nin CAB-ın ƏRQ-nun baş operatoru vəzifəsində polis baş serjantı xüsusi rütbəsində xidmət edən Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. “Şəxsi axtarış və götürmə keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərindəki boz rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit kutusu aşkar edilmiş, həmin kibrit kutusuna baxıldıqda içərisində yaşıl rəngli, kəskin iyli kütlə olması aşkar olundu. Həmin kibrit kutusunun içərisində olan kütlə spesifik iyindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması məlum oldu. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokola uyğun olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16-2-17/562 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olumuş, üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi -7.21 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1570 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 7.19 qram olan narkotik vasitə - qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Kuçarbayev X1 Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. İşdə olan MKT İB tərəfindən verilmiş 584 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kuçarbayev X1 şəhəri X.Şuşinski küç ev 12 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Kuçarbayev X1 şəhəri X.Şuşinski küç ev 12 ünvanında qeydiyyatdadır. Onun haqqında MKT İB-nə heç bir şikayət daxil olmayıb. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2112 nömrəli arayışdan görünür ki, Kuçarbayev X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatında yoxdur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1339 saylı arayışdan görünür ki, Kuçarbayev X1 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər eyni maddə ilə məhkum edilməsinə baxmayaraq yenidən həmin cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 35 (otuz beş) manat 37 (otuz yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub– olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan qalıq 7,19 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 37 (otuz yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar