Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-143/2025 21.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:45 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti, Kür kompüter zavodu yaxınlığında yerləşən uşaq baxçasının qarşısında saxlanılaraq saat 19:45-dən 19:51-dək üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində, Mingəçevir şəhəri, Gəncə şossesi yaxınlığında yerləşən qum karxanası yaxınlığından piyada keçən zaman yerdə bir ədəd kibrit qutusu olduğunu görmüş və o, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyi üçün həmin kibrit qutusu maraqlı gəldiyindən, həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxan zaman içərisindəkinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. O, ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra içərisində qurudulmuş marixuana olan kibrit qutusunu əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. O, həmin narkotik vasitədən istifadə etmək üçün uyğun vaxt gözləmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində o, piyada Mingəçevir qaçqın qəsəbəsi tərəfdən yaşadığı evə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərinin yoxlanılacağını bildirmişlər. O isə etiraz etməmişdir. Həmin vaxtı üzərinin yoxlanılması videoçəkilişlə keçirilməyə başlanılmışdır. Üzəri yoxlanılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş və üzəri yoxlanılmışdır. Həmin kibrit qutusuna baxış keçirilən zaman o, polis əməkdaşlarına üzərindən aşkar edilmiş kibrit qutusunda olanın qurudulmuş marixuana olduğunu və həmin kibrit qutusunu xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri, Gəncə şossesi yaxınlığında yerləşən qum karxanası tərəfdən keçən zaman yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş və həmin kibrit qutusunun içərisindəki kütlə ilə birlikdə çəkisi 9,58 qram olmuşdur. Bundan sonra o Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmiş və qanunsuz olaraq narkotik vasitə saxladığına görə Mingəçevir ŞPş-nin təhqiqatçısı tərəfindən vəkilin iştirakı ilə protokol tərtib edilmiş və o, AR CM-in 234.1-ci maddəsi ilə tutulmuşdur. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 19:45 radələrində o, Şahid1 və Şirəliyev X5 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Nəsimi küçəsi, Firəngiz şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirmiş və üzərinə video çəkiliş aparılmaqla yoxlanış keçiriləcəyini, videoçəkilişdən istifadə edilməklə keçirildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinə yoxlanış keçirilməsinə etiraz etməmiş və üzərinə yoxlanış keçirilməzdən öncə Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilən zaman qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd kibrit qutusunu açıb içərisinə baxış keçirilən zaman spesifik iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edildi. Daha sonra proses iştirakçılarının yanında həmin bir ədəd içərisində kütlə olan kibrit qutusu elektron tərəzidə çəkildi və ümumi çəkisi 9,58 qram oldu. Daha sonra həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olan bir ədəd kibrit qutusu qablaşdırıldı və üzəri iştirakçılar tərəfindən imzalandı. Soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda olan kütlənin marixuana olduğunu və həmin narkotik vasitəni Mingəçevir şəhəri, Qum karxanası yaxınlığından yerdən tapdığını bildirdi. Bundan sonra Mehdiyev X3 ŞPŞ-nə gətirilmiş və Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı ilə AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 9,58 qram olduğu müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/323 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi-6,68 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1017 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 6,68 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,66 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən edilməsi üçün cinayət işindən material ayrılması qərara alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-16/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 29 aprel 2020-ci il tarixdən 01 may 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsi qəti cəza müddətinə hesablanmaqla cəza çəkməsinin əvvəli 14 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Mehdiyev X3 Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda təmiz çəkisi 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:45 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospekti, Kür kompüter zavodu yaxınlığında yerləşən uşaq baxçasının qarşısında saxlanılaraq saat 19:45-dən 19:51-dək üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 5 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Mehdiyev X3 Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə 177.2.3-cü maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 14 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən, xx.xx.2025-ci il tarixdə qəsdən az ağır cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, xx.xx.2025-ci il tarixdə saxlandığı Mingəçevir ŞPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,66 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 330 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,66 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 330 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-143/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-143/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver