Məhkəmə qərarları › İş №1(051)-145/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-145/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-145/2023 29.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X7 hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09-da ayıq vəziyyətdə, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə olmadan idarə etdiyi «Vaz21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində Mingəçevir şəhərində «Qaçqınlar və Məcburi Köçkünlər» üçün salınmış qəsəbənin yaxınlığında Mingəçevir şəhəri, Avtovağzal istiqamətində saatda 70- 80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-ci maddəsinin 2-ci hissəsinin tələbini pozaraq, yəni Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini rəhbər tutmalı olduğu halda, həmin maddənin tələblərinə əsasən «işıqforun və ya nizamlayıcının» qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini «stop-xətt» qarşısında (əgər bu xətt yoxdursa piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında) piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalı olduğu halda, həmin maddənin tələblərinə əsasən, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə işıqforun qadağanedici siqnalında idarə etdiyi «Vaz 21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcına daxil etməməli, işıqforun yaşıl işığında yolayrıcına daxil olan, Şahid1 idarə etdiyi «Nissan Pathfinder» markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsiz keçməsini təmin etməli və hərəkət üçün təhlükəli şəraiti yaratmamalı olduğu halda, idarə etdiyi «Vaz 21063» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin H.Əliyev prospektində işıqforun qırmızı işığında yolayrıcına daxil olub, hərəkət istiqaməti üzrə sol tərəfdən, yəni məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış massivindən işıqforun yaşıl işığında yolayrıcına daxil olan «Nissan Pathfinder» markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq, həmin avtomobilin sağ ön hissəsindən vurduqdan sonra idarəetməni itirməsi nəticəsində avtomobili sağa doğru istiqamətləndirib, yolun sağ kənarında dayanmış piyada X9 vurub, sonuncunun qapalı kəllə beyin travması, təpə nahiyəsinin hematoması, sağ təpə gicgah sümüyünün tikişi xətti sınığı və qapalı kəllə beyin travması nəticəsində inkişaf etmiş beyin infarktı xəsarəti almasına və ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X11 aldığı xəsarətlərdən, yəni qapalı kəllə beyin travması, təpə nahiyyəsində hematoma, sağ təpə-gicgah nahiyyəsində xətti sınığı, qapalı kəllə beyin travması nəticəsində inkişaf etmiş beyin infarktı nəticəsində xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər X3 şöbəsində ölmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən çörək zavodundan Rövşən adlı şəxsin yanında anası Şahid2 adına almış olduğu Vaz 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mingəçevir şəhər ərazisində çörək paylamaqla təxminən 5 ildir Rövşən adlı sahibkarın yanında işləyir. Lakin onun VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. Lakin onun B1, B, Cl, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə idarə etdiyi VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, Ala qapı yaxınlığında Günəşli bağ massivində yerləşən marketlərə çörəkləri paylamışdır. Çörəkləri marketlərə verdikdən sonra Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə şəhər istiqamətində saatda 70-80 km/saat sürətlə gələn zaman Mingəçevir şəhəri Qaçqın qəsəbəsinin qarşısında yerləşən işıqforunun uzaqdan yaşıl yandığını və yaşıl işığın sönməyinə 3-2 saniyə qaldığını görmüşdür. İşıqforun yaşıl işığında keçəcəyini düşünsə də, işıqfora çatan zaman artıq qırmızı işıq yanmışdır və bu zaman sol tərəfdən Qaçqın qəsəbəsindən ağ rəngli Nissan Pathfinder markalı avtomobil işıqforun yaşıl işğında yol ayrıcına daxil olmuş və o, bu zaman dərhal əyləci basmışdır. Lakin o, əyləci basmağına baxmayaraq, idarə etdiyi avtomobilin sol ön hissəsi ilə Nissan Pathfinder markalı avtomobilin sağ ön hissəsindən vurmuş və idarəetməni itirdikdən sonra yolun kənarında dayanmış adını sonradan bildiyi X9 avtomobilin ön hissəsi ilə vurub dayanmışdır. Bundan sonra o dərhal avtomobildən enmiş və bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişlər. Həmin günü spirtli içki qəbul etməmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona vurulmuş maddi və mənəvi zərəri ödəmişdir. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X11 1978-ci il tarixdən ailə həyatı qurmuş və həmin nikahdan 3 uşaqları vardır. Son bir aydır ki, Mingəçevir şəhəri, Günəşli bağ massivində yaşayırlar. Əri Hüseynin səhhətində indiyənədək hər hansı bir problem olmamışdır. Onlar ünvan 3 ünvanında əri Hüseyn, oğlu Elşadın ailəsi və qızı Azirənin ailəsi ilə birgə yaşayırlar. xx.xx.2023-cü il tarixdə əri Hüseyn nəvəsi Ucal ilə birlikdə Mingəçevir şəhəri, Günəşli bağ massivində H.Əliyev prospektinə yaxın olan parkda piyada gəzmək üçün saat 09 radələrinə evdən çıxmışdır. Həmin günü saat 12 radələrində yaşadıqları evin qapısı döyülmüş və o, qapını açan zaman qapıda nəvəsi Ucal yanında tanımadığı bir qadın və bir kişi olduğunu görmüşdür. Həmin qadın ağlayaraq oğlunun idarə etdiyi avtomobil ilə əri Hüseyni vurduğunu və əri Hüseynin hazırda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olduğunu bildirmişdir. Bundan sonra oğlu Elşad Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişdir. Həmin günü saat 13 radələrində oğlu Elşad əri Hüseyni təcili tibbi yardım avtomobilində yaşadıqları evə gətirmişlər. Əri evə gələn zaman yatılı vəziyyətdə idi. Təcili tibbi yardım işçiləri əri Hüseynin qusması və ürəkbulanması olduqda təcili tibbi yardım çağırmaqlarını demişlər. Həmin günü əri Hüseyn saat 19-20 radələrinədək yatmışdır. Ərinin oyanmadığını görüb yenidən təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım işçiləri gəlsələr də, əri oyanmamış və təcili tibbi yardım işçiləri çıxıb getmişlər. Həmin günü, yəni xx.xx.2023-cü il tarixdə o, ərinin oyanmadığını görüb saat 23 radələrində yenidən təcili tibbi yardıma zəng vurmuşdur. Təcili tibbi yardım gəldikdən sonra əri Hüseyn Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılmış və reanimasiya şöbəsinə yerləşdirilmişdir. Əri Hüseyn xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər X3 şöbəsində ölmüşdür. Ölüm kağızında isə ərinin ölüm səbəbi dəqiqləşdirilməmiş koma kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərinin yas mərasimini təşkil etməyə yardım göstərmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış yaşayış kompleksindən özünə məxsus Nissan Pathfinder markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Mingəçevir şəhəri, H.Əliyev prospektinə işıqforun yaşıl işığında sol tərəf istiqamətində yolayrıcına saatda 10-20 km/saat sürətlə daxil olduqdan sonra anidən olaraq işıqforun qırmızı işığında sağ tərəfdən yolayrıcına daxil olan Vaz 21063 markalı avtomobilin gəldiyini görmüşdür. Qəzadan yayınmağa cəhd etsə də, həmin avtomobilin onun avtomobilinin sağ ön hissəsindən vurub idarəetməni itirərək yolun sağ kənarında dayanmış, adını sonradan bildiyi X9 vuraraq dayanmışdır. Bundan sonra o və Vaz 21063 markalı avtomobilin sürücüsü avtomobildən enmişlər. Hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və xəsarət alan piyada X2 şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Həmin günü içki içməmişdir, avtomobildə qəza baş verən zaman ondan başqa heç kim olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən ona həmin avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək və digər səlahiyyətlər verilmişdir. Oğlu Təqsirləndirilən şəxs Rövşən adlı şəxsə məxsus Mingəçevir şəhəri, Samux küçəsində yerləşən çörək zavodunda bişirilən çörəkləri Vaz 21063 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhər ərazisində marketlərə paylayır. Rövşən adlı sahibkarın yanında isə təxminən 5 ildir ki, işləyir. Lakin Anarın VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmasa da, sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə Anar idarə etdiyi VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, “Ala qapı” adlanan yerin yaxınlığında Günəşli bağ massivində yerləşən marketlərə çörəkləri paylayıb geri qayıdan zaman avtomobil ilə piyada vurduğunu bilmişlər. Bundan sonra onlar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Anarın avtomobil ilə vurmuş olduğu piyada adını sonradan bildiyi X7 həmin günü xəstəxanadan çıxış edib evə getdiyini, lakin daha sonra halı pisləşdiyi üçün yenidən Mingəçevir şəhər X3 Şöbəsinə yerləşdirildiyini bilmişlər. xx.xx.2023-cü il tarixdə X7 Mingəçevir şəhər X3 Şöbəsində öldüyünü öyrənmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin DYPB-nin YPX-i inspektoru vəzifəsində polis baş serjantı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Mingəçevir ŞPŞ-nin əməliyyat istintaq qrupunda olan zaman Mingəçevir ŞPŞ-nin NH-dən Mingəçevir şəhəri, H.Əliyev prospekti, Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış qəsəbənin qarşısında yerləşən işıqforda VAZ 21063 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin işıqforun qırmızı işığında yolayrıcına daxil olub qəsəbədən H.Əliyev prospektinə işıqforun yaşıl işığında daxil olan Nissan Pathfinder markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön hissəsindən vuraraq idarəetməni itirib yolun sağ kənarında dayanmış piyada X9 vurması barədə məlumat verilmiş və bundan sonra o da əməliyyat istintaq qrupunun tərkibində olduğu üçün əməliyyat istintaq qrupu ilə birgə Mingəçevir şəhəri H.Əliyev prospekti, Qaçqınlar və Məcburi Köçkünlər üçün salınmış qəsəbənin qarşısında yerləşən işıqforun yanına gəlmişlər. Onlar hadisə yerinə çatan zaman təcili tibbi yardım avtomobili X9 Mingəçevir şəhər Mərkəzi Xəsətxanasına aparmışdır. Daha sonra avtomobillərin sürücülərinin iştirakı ilə Mingəçevir ŞPŞ-nin təhqiqatçısı tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Mingəçevir şəhəri, H.Əliyev prospketi, Əli və İslam küçəsinin yaxınlığında baş vermişdir. Hadisə yerinə baxış «Vaz 2106» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətində aparılmışdır. Yol hamardır, yolun kənarındakı səki yol səthindən 30 sm hündürlükdədir. H.Əliyev prospekti ilə paralel olan Əli və İslam küçəsinin ümumi eni 10,6 metrdir. Toqquşmadan sonra hadisə yerində dayanmış «Vaz 2106» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərindən “Nissan Pathfinder” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə kimi olan məsafə 5,9 metrdir. “Nissan Pathfinder” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərindən səkiyə kimi olan məsafə 2,2 metrdir. “Nissan Pathfinder” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərindən piyada keçidinə kimi olan məsafə 2,7 metrdir. H.Əliyev prospektində yolun ümumi eni 15 metr, orta xəttdən yolun sağ və sol tərəfinə kimi olan məsafə isə 7,5 metrdir. “Nissan Pathfinder” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərindən işıq dirəyinə kimi məsafə 33 metrdir. Toqquşma yerindən işıq dirəyinə kimi məsafə 12 metrdir. Toqquşma yerindən “Nissan Pathfinder” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə kimi məsafə 21 metrdir. Hadisə yeri işıq dirəyinə bərkidilmişdir. Piyada vurulan yerdən yaxınlıqda olan işıq dirəyinə kimi olan Əli və İslam qardaşlarının adını daşıyan şəhid bulağına kimi məsafə 2,2 metr, yolun kənarında olan xəttə kimi məsafə 1,2 metr, yol nişanına kimi olan məsafə 3,2 metr. Hadisə yerində 25 metr tormuzlama izi aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi 484 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman ayıq olmuşdur. Cinayət işinin materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə BC 207311 saylı DİN BDYPİ Qİİ/Mingəçevir ASAN xidmət mərkəzi tərəfindən Təqsirləndirilən şəxs verilmiş, xx.xx.2032-ci il tarixədək etibarlıdır və B1,B,C1,C kateqoriyalıdır. Cinayət işinin materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Baş X17 İdarəsinin Yevlax RQİ və TBŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 3-13-16-11/2- 5449/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir ASAN xidmət mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə BC 207311 saylı sürücülük vəsiqəsi verilmişdir. DİN-in informasiya sistemində olan məlumata əsasən onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan BD 196281 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21063” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi X10r. Cinayət işinin materiallarında olan ƏN-Vİİİ 527154 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, “Vaz 21063” markalı ** BM *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin mülkiyyətçisi X12 etibarnamə üzrə həmin avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini Şahid2 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, X7 meyitinin müayinəsi zamanı meyitində aşkar olunan xəsarətlər:-qapalı kəllə-beyin travması, təpə nahiyyəsində hematoma, sağ təpə-gicgah sümüyü tikişi nahiyyəsində xətti sınığı, qapalı kəllə-beyin travması nəticəsində inkişaf etmiş beyin infarktı qərarda göstərilən xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. 1955-ci il təvəllüdlü X7 ölümünə səbəb, qapalı kəllə-beyin travması nəticəsində inkişaf edən uzun sürən kamatoz vəziyyətindən sonrakı beyin ödemi olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 avqust 2023-cü il tarixli 8/2271 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işi materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə ölmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs avtoqəza törədərək piyada X9 vurduğu Vaz 21063 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, qeyd edilən Vaz 21063 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil iltizamı alınaraq saxlanması üçün Şahid2 geri qaytarılmışdır. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 185.1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21063 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması və saxlanılması üçün təhvil verilməsi nəzərə alınmış, Vaz 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülki etibarnamə verilmiş Şahid2 inzibati qaydada məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09-da ayıq vəziyyətdə, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə olmadan idarə etdiyi «Vaz21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində Mingəçevir şəhərində «Qaçqınlar və Məcburi Köçkünlər» üçün salınmış qəsəbənin yaxınlığında Mingəçevir şəhəri, Avtovağzal istiqamətində saatda 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin pozuntu nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 həyat üçün təhlükəli olan ağır zərər vurmaqla, onun ölümünə səbəb olan ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09-da ayıq vəziyyətdə, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə olmadan idarə etdiyi «Vaz21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində Mingəçevir şəhərində «Qaçqınlar və Məcburi Köçkünlər» üçün salınmış qəsəbənin yaxınlığında Mingəçevir şəhəri, Avtovağzal istiqamətində saatda 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, idarə etdiyi «Vaz 21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcına daxil etməməli, işıqforun yaşıl işığında yolayrıcına daxil olan, Şahid1 idarə etdiyi «Nissan Pathfinder» markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsiz keçməsini təmin etməli və hərəkət üçün təhlükəli şəraiti yaratmamalı olduğu halda, idarə etdiyi «Vaz 21063» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə şəhərin H.Əliyev prospektində işıqforun qırmızı işığında yolayrıcına daxil olub, hərəkət istiqaməti üzrə sol tərəfdən, yəni məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış massivindən işıqforun yaşıl işığında yolayrıcına daxil olan «Nissan Pathfinder» markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq, həmin avtomobilin sağ ön hissəsindən vurduqdan sonra idarəetməni itirməsi nəticəsində avtomobili sağa doğru istiqamətləndirib, yolun sağ kənarında dayanmış piyada X9 vurub, ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X1 ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X11 aldığı xəsarətlərdən, yəni qapalı kəllə beyin travması, təpə nahiyyəsində hematoma, sağ təpə-gicgah nahiyyəsində xətti sınığı, qapalı kəllə beyin travması nəticəsində inkişaf etmiş beyin infarktı nəticəsində xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər X3 şöbəsində ölmüşdür. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.2–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21063 markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eləcə də, sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə işıqforun qadağanedici siqnalında idarə etdiyi «Vaz 21063» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcına daxil etməməli, işıqforun yaşıl işığında yolayrıcına daxil olan, Şahid1 idarə etdiyi «Nissan Pathfinder» markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsiz keçməsini təmin etməli və hərəkət üçün təhlükəli şəraiti yaratmamalı olduğu halda, idarə etdiyi avtomobil ilə işıqforun qırmızı işığında yolayrıcına daxil olub, hərəkət istiqaməti üzrə sol tərəfdən işıqforun yaşıl işığında yolayrıcına daxil olan «Nissan Pathfinder» markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə yaradaraq, “Yol hərəkəti haqqında” Qanunun tələləblərini pozmaqla cinayət hadisəsi törətmiş və ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X7 ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında tam şəkildə sübut edildi ki, zərərçəkmiş şəxsin ölümündən ibarət olan ictimai təhlükəli nəticə, məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol–nəqliyyat hadisəsi nəticəsində baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələbinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində–saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 60–cı maddəsinin 2–ci hissəsinin tələbinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, himayəsində 4 nəfər azyaşlı uşaqlarının olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il tarixdə doğulmuş Sübhan, xx.xx.2014cü il tarixdə doğulmuş Rüqəyya, xx.xx.2016-cı il tarixdə doğulmuş Dürdanə və xx.xx.2023cü il tarixdə doğulmuş Səccad adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1–ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Əlavə cəzanın müddəti isə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış “Vaz 21063” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün qanuni sahibi Şahid2 verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə həmin əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış “Vaz 21063” markalı, **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün qanuni sahibi Şahid2 verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X8 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 120 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar