Məhkəmə qərarları › İş №1(051)-148/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-148/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-148/2025 20.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1983-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 05 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmiş, məhkumluğu olan, Mingəçevir şəhəri M.S.Ordubadi küçəsi ev 7-də qeydiyyatda olmaqla, Mingəçevir şəhəri A.Şaiq küçəsi ev 7-də yaşayan xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 ( beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunsa da, məhkumluğu ödənilmədən, qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci siyahısının 83-cü bəndinə əsasən narkotik vasitə - heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edildiyi halda satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan heroini əynindəki göy rəngli şalvarının sağ kiçik yan cibində saxlayaraq daşımış, 29 aprel 2025-ci il tarixdə saat 14 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsində saxlanılaraq həmin yerdə saat 14:18-dən 14:24-dək olan müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynindəki göy rəngli şalvarının sağ kiçik yan cibindən 01 (bir) ədəd kağız bükümdə həmin çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, narkotik vasitə istifadə edir. 29 aprel 2025-ci il tarixdə saat 14:18 radələrində Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsində piyada hərəkətdə olan zaman polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən üzərini video çəkilişlə yoxlayacaqlarını bildirmişlər. Yoxlama aparılmazdan əvvəl ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Yoxlama və götürmə aparılmazdan əvvəl ona üzərində narkotik vasitə və ya psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ kiçik yan cibindən 1 ədəd içərisində narkotik vasitə-heroinə oxşar kütlə olan bükümü, əynindəki şalvarın sol yan cibindən 1 ədəd alışqanı, sağ yan cibindən isə 2 ədəd 1 manatlıq əskinazları təqdim etmişdir. Sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və ümumi çəksinin 0,41 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş heroini Mingeçevir şəhəri "Lakavarka" adlanan ərazidə yerdən tapmasını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyətinin olmamasını bildirmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Sonra onun, müdafiəçisi Müsaqif Hüseyinovun və polis əməkdaşının iştirakı ilə içərisində üzərindən aşkar olunmuş heroin olan zərf videoçəkilişlə təhqiqatçıya təqdim olunmuşdur. Bu barədə protokol tərtib olunmuş və üzəri onun, vəkil Müsaqif Hüseyinovun və proses iştirakçıları tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Odur ki, ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şaiq oğlu bildirmişdir ki, 29 aprel 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1, Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə saat 14:18 radələrində Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsində piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuşdur. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd alışqan, sağ yan cibindən 2 ədəd bir manatlıq əskinazları, əynindəki göy rəngli cins şalvarının sağ kiçik yan cibindən isə bir ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyalardan əlavə heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd büküm açılarkən narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm ilə birlikdə narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisinin 0,41 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanaraq götürülmüş, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri "Lakavarka" adlanan ərazidə yerdən tapmasını və şəxsi istifadəsi üçün üzrəində saxlamasını bildirmişdir. İş üzrə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkilləri, polis kiçik leytenantı Şahid3 və polis mayoru Şahid1 da Şahid2 Şaiq oğlunun ifadəsində göstərdiyi xüsusatları öz ifadələri ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan göy rəngli cins sağ kiçik yan cibindəki kağız bükümün içərisindən kağız büküm ilə birlikdə ümumi çəksi 0,41 qram narkotik vasitə “heroinə” oxşar kütlənin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:18-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/312 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə” yazısı, adlar və imzalar yazılmış 01( bir ) ədəd zərfin içərisindəki 01 ( bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,318 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmiş və MSY-dən dərhal azad edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1061 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edib. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli 4532 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo- Nevroloji Dispanserin xx.xx.2025-ci il tarixli 888 nömrəli arayışından görünür ki, Qasımov X2 şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir İş üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş 29 aprel 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş 1 ədəd disk, şəxsi axtarış və götürmənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/312 №-li, məhkəmə- narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1061 №-li rəyləri və əldə olunmuş maddi sübut sübut növü kimi qəbul edilərək cinayət işini materiallarına əlavə edilmişlər. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(051)-17/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 ( beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qasımov X2 şəhəri A.Şaiq küçəsində fərdi yaşayış evində yaşayır və barəsində heç bir şikayət daxil olmayıb. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında 30 aprel 2014-cü il tarixdə Şəki rayon Qeydiyat Şöbəsində 116 nömrə ilə nikah qeydə alınmışdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs anası Qasımova Fatmadır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs və Qasımova Fatmanın birgə nikahlarında doğulmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi xalis təmiz çəkisi 0,318 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroindən məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,268 qram olan narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* N°-li cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarında narkotik vasitə olan heroinin xeyli miqdarda həddi 0,15 – 2 qram müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə isə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını (CMnin 59.1-ci), həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2-ci) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə 01 (bir) il 05 ( beş) ay 24 (iyirmi dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3 – cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4 - cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən vaxt məhkumluğu ödənilməmiş və yenidən qəsdən cinayət törətməklə cinayətlərin residivini yaratmışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Bundan əlavə, CM-in 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalı və təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bundan başqa, CPM-in 158.2 –ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 aprel 2025–ci il tarixdən 01 may 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 20 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 197.1.4-ci maddəsinə görə mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alıb maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,268 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 8(səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 20 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,268 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar