Məhkəmə qərarları › İş №1(051)-15/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-15/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-15/2021 25.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi qızının iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 11 mənzil 15-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd ağ rəngli sellofanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 33,455 qram olan narkotik vasitə tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 17.05.2020-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Su anbarının yaxınlığında yerləşən çimərlikdə saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş, şəhər polis şöbəsinin MSY-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin çəkidə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 16.05.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri Su anbarının yaxınlığında yerləşən çimərlikdə suyun kənarında gəzən zaman yerdən bir ədəd ağ rəngli sellofan büküm tapdı. Həmin sellofan bükümü açıb baxdıqda içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu gördü. Çünki özü əvvəllər narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. O, bükümü əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyaraq gizlətdi. 17.05.2020-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri Su anbarının yaxınlığında yerləşən çimərlikdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Həmin vaxt tapdığı narkotik vasitə də cibində idi. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsinə vəkil dəvət edib, onun iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirmək istədiklərini bildirdilər. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Baxış zamanı onun əynində olan göy rəngli şalvarın sol yan cibindən içərisində tiryək olan bir ədəd büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ingəçevir şəhər PŞ-nin CAB-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 17.05.2020-ci il tarixdə saat təxminən 10:30 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri Şahid2, Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Su anbarının yaxınlığında yerləşən çimərlikdə olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan torbanı çıxarıb stolun üzərinə qoydu. Həmin 1 ədəd sellofan torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş l(bir) ədəd sellofan bükümün içərisindəkinin narkotik vasitə tiryək olduğunu, həmin tiryəki özü istifadə etmək məqsədi ilə üstündə saxladığım, narkotik vasitəni 16.05.2020-ci il tarixdə axşam saatlarında Mingəçevir şəhəri Su anbarının yaxınlığında yerləşən çimərlikdə suyun kənarında gəzən zaman yerdən taparaq əldə etdiyini və üzərində saxladığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir şəhər PŞ-nin PPXB-nin polis nəfərləri Şahid2, Zülfiqarov Roman Vaqif oğlu da Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İşin 29-30-cu vərəqlərində olan 17 may 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən ağ sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan tiryəkə oxşar kütlə aşkar olundu. Sorğu zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən ağ sellofana bükülmüş bükümdə içərisində narkotik vasitə hesab olunan tiryəkə heroinə oxşar kütləni 16.05.2020-ci il tarixdə axşam saatlarında suyun kənarında gəzən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. İşin 38-40-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 17 may 2020-cu il tarixli, 17/293 saylı rəyində göstərilir ki, üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş …» sözləri və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi -33,455 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin təmiz çəkisi 33,455 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 33,355 qram. İşin 89-cu vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 693 saylı 13 avqust 2020-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan opiodlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin 82-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 05.08.2020-ci il tarixli, 644 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 01.08.2014-cü ildən “kamabinoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd ağ rəngli sellofanın içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 33,455 qram olan narkotik vasitə tiryəki istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və 17.05.2020-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Su anbarının yaxınlığında yerləşən çimərlikdə saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş, şəhər polis şöbəsinin MSY-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin çəkidə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 84-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 85-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 21-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 17 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 63-cü vərəqində olan Mingəçevir şəhər Polis Şöbəsinin 19 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 17 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 16.02.2021-ci il tarixli, 1(051)-15/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. İşə əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.06.2021-ci il tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, 21 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 33,355 qram narkotik vasitətiryək məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 17 may 2020-ci il tarixdən 19 may 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli, tutulduğu vaxtdan, 21 iyun 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 33,355 qram narkotik vasitə – tiryək məhv edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 138 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar