Məhkəmə qərarları › İş №1(051)-151/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-151/2021

20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-151/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi X5, müdafiəçi–Konsensus vəkil bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 iştirakı ilə, xx.xx.2004-cü ildə Qəbələ rayonu, Vəndam kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Hüseynov Xidil Əflatun oğlu 12 may 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən "Dostluq” parkında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yəni, Zərərçəkmiş şəxs onun ailə üzvləri barədə digər şəxslərin yanında danışmasını Zərərçəkmiş şəxs irad bildirdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs çənə nahiyyəsindən bir dəfə yumruqla vurub sonuncuya küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik alt çənə sümüyünün simfızinin və çənə bucağının açıq sınığının əmələ gəlməsi ilə nəticələnən xəsarətlər yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Hüseynov Xidil Əflatun oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayından tanıyır. Həmin vaxtlardan da aralarında dostluq münasibətləri yaranmışdır. Onların dost olduqlarından valideynlərinin də məlumatı olmuşdur. 2021-ci ilin may ayının əvvəllərində yaxın dostlarının ondan aralı gəzdiklərini hiss etmişdir. Belə ki, dostları ilə əlaqə saxladıqda ona qarşı soyuq münasibət göstərmişlər. Buna görə də o, maraqlandıqda, tanışları ona Zərərçəkmiş şəxs onun ailə üzvləri haqqında xoşagəlməz ifadələr danışması barədə məlumat vermişlər. Lakin, bu barədə məlumat verən şəxsin kim olduğunu xatırlamır. 12 may 2021-ci il tarixdə saat 14 radələrində tanışı Təbrizlə birlikdə 1 saylı orta məktəbin qarşısında dayanan zaman təsadüfən Zərərçəkmiş şəxs yaxınlıqdan keçdiyini görmüşdür. Turan onların yanına gəldikdən sonra Turanla normal görüşüb hal-əhval etmişlər. Turan onlara hazırlığa getdiyini bildirmişdir. Bundan sonra o, Təbriz və Turanla birlikdə N.Nərimanov küçəsi ilə “Dostluq” parkı istiqamətinə piyada hərəkət etmişlər. “Dostluq” parkına çatdıqda Turan ona kənara çəkilib bir qədər söhbət etməyi təklif etmişdir. Buna görə də Təbriz bir qədər kənarda dayanıb onları gözləmişdir. Həmin vaxt o, Turana nəyə görə ailə üzvləri haqqında olan söhbəti başqa şəxslərin yanında danışmasını irad tutmuşdur. Turan isə ona yaxşılıq etmək üçün ailə üzvləri barədə olan söhbəti digər şəxslərin yanında danışdığını demişdir. Həmçinin, ailə üzvləri barədə olan söhbətlə maraqlanıb nəticə əldə etdikdən sonra ona məlumat verəcəyini bildirmişdir. O da Turanın bu sözündən əsəbləşib qəflətən Turanın sol çənə nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Turan əli ilə çənəsini tutmuşdur. Dərhal Təbriz kənardan onlara yaxınlaşmışdır. Təbriz xəsarət aldığını görüb Turanı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Bir qədər sonra o da Turan və Təbrizin ardı ilə getmişdir. Turana xəstəxanada ilkin tibbi yardım göstərilmişdir. Turanla aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 12 may 2021-ci il tarixdə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq” parkında Turana xəsarət yetirməyinə səbəb Turanın onun ailə üzvləri barədə digər şəxslərin yanında nalayiq sözlər işlətməsi olmuşdur. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə zamanı bir-birinin ünvanına nalayiq sözlər işlətməmişlər, səs-küy yaranmamışdır. Həmin vaxt ətrafa digər şəxslər toplaşmamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs ona hər hansı xəsarət yetirməmişdir. Əməlindən pemandır. Ona görə də ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mingəçevir şəhər 1 saylı orta məktəbin 9-cu sinifində təhsil alır. Təqsirləndirilən şəxs təxminən bir neçə ay olar ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxsla aralarında dostluq münasibətləri olmuşdur. 2021-ci ilin aprel ayında Xidil ona bacısının digər şəxslə telefon vasitəsi ilə danışmasını aşkar etməsini bildirmişdir. Bundan sonra o, Xidillə olan münasibətini kəsmək istəmiş, bu səbəbdən də Xidillə əvvəlki kimi mütəmadi olaraq münasibət saxlamamışdır. Tanışları da tez-tez ondan Xidillə olan münasibətini kəsməyinin səbəbini soruşmuşlar Lakin o, heç kəsə bu barədə məlumat verməmişdir. Tanışı Təbrizin təkidindən sonra o, bu barədə Təbrizə məlumat vermişdir. Xidilin bacısı barədə ona dediklərini o da Rəsula demişdir. 12 may 2021-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı evdən çıxıb hazırlığa gedərkən Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən 1 saylı orta məktəbin qarşısından keçmişdir. Həmin vaxt Xidil, Təbriz və digər tanışlarının birlikdə məktəbin qarşısında dayandıqlarını görmüşdür. O da Xidilgilə yaxınlaşıb görüşərək hazırlığa getdiyini demişdir. Xidil və Təbriz digərlərindən ayrılaraq onunla birlikdə yola davam etmişlər. Piyada hərəkət edərək Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən“Dostluq” parkına çatdıqda, Xidil ona şəxsi söhbəti olduğunu bildirərək bir qədər kənara çəkilməyi təklif etmişdir. O da Xidillə birlikdə Təbrizdən aralaşıb kənara çəkilmişlər. Söhbət zamanı Xidil bacısı haqqında ona dediklərini digər şəxslərə deyib deməməyini ondan soruşmuşdur. O da Xidilə onun bacısı haqqında Xidilin ona dediklərini tanışı Rəsula dediyini bildirmişdir. Bu zaman qəflətən Xidil yumruqla onun sol çənə nahiyyəsindən zərbə vurmuşdur. Zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılarkən Xidil arxadan onun kürək nahiyyəsindən də zərbə vurmuşdur. Xidilin onu vurduğunu görən kənarda dayanmış Təbriz onlara yaxınlaşaraq aralaşdırmışdır. Təbriz onun çənə nahiyyəsində ciddi xəsarət olduğunu görüb onu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada ona tibbi yardım göstərilmiş, zərbənin təsirindən çənə sümüyünün sındığını bildirdikləri üçün o, əməliyyat olunmuşdur. Xidil ilə hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmiş, mübahisə zamanı bir-birinin ünvanına nalayiq sözlər işlətməmişlər. Mübahisə zamanı səs-küy yaranmamış, ətrafa digər şəxslər toplaşmamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmamışdır. Belə ki, təqsirləndirilən şəxs onun müalicəsinə və müayinəsinə yardım etməmişdir. Onun əməliyyat olunamsına isə atası kifayət qədər vəsait xərcləmişdir. Hazırda onun yenə də əməliyyat olunmağa ehtiyacı vardır. Lakin təqsirləndirilən şəxs bu istiqamətdə heç bir real davranış nümayiş etdirməmişdir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və məhkəmdən ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük uşağıdır. Təqsirləndirilən şəxs Əfqan oğlunu Turanın dostu kimi tanıyır. Təqsirləndirilən şəxs və ya Təqsirləndirilən şəxs ailə üzvləri ilə hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. 12 may 2021-ci il tarixdə arvadı Maviyyə telefon vasitəsi ilə ona zəng edərək Turanı tanışı Xidilin döyüb xəsarət yetirdiyini, Turanın Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olduğunu demişdir. O da dərhal Mingəçevir şəhər Mərkəzi xəstəxanasına getmiş, orada Turan ona Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Dostluq” parkında Xidillə aralarında mübahisə yarandığını mübahisə zamanı Xidilin yumruqla Turanın sifət nahiyyəsindən vurduğunu bildirmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, zərbənin təsirindən Turanın çənə sümüyü sınmışdır. Mingəçevir şəhər X2 əməliyyat olunması mümkün olmadığından sonradan Mingəçevir şəhərində yerləşən “Regional” hospitalda Turan çənə nahiyyəsindən əməliyyat olunmuş, əməliyyat və ümumilikdə Turanın müalicəsi üçün 2800 manat məbləğdə pul xərcləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə dostluq münasibətləri olubdur. Aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla tez-tez görüşüb şəhər ərazisində gəzirlər. 2021-ci ilin may ayının əvvəllərində Xidil telefon vasitəsi ilə onunla əlaqə saxladıqda ondan Turanın onun bacısı haqqında danışıb danışmadığından məlumatı olub olmamasını soruşmuş, o da Xidilə Turanın onun bacısı haqqında xoşagəlməz ifadələr işlətməsi barədə məlumatı olduğunu demişdir. Eləcə də, Turanın bu barədə təkcə onun deyil, digər tanışlarının da yanında danışdığını eşitdiyini bildirmişdir. 12 may 2021-ci il tarixdə günorta saatlarında Xidillə birlikdə Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən 1 saylı orta məktəbin yaxınlığında dayanmışlar. Həmin vaxt Turan da kənardan keçərkən, onları görüb yaxınlaşmışdır. O və Xidil Turanla normal görüşmüşlər. Turan onlara hazırlığa getdiyini bildirmişdir. Birlikdə söhbət edərək N.Nərimanov prospketi ilə Dostluq parkına doğru hərəkət etmişlər. Dostluq parkına çatdıqda Turan Xidilə kənara çəkilib söhbət etməyi təklif etdiyi üçün onlar bir qədər kənara çəkilmişlər. O isə kənarda dayanıb Turan və Xidili gözləmişdir. O, Turan və Xidili gözləyərkən başı telefona qarışmış, bu zaman qəflətən səs gəldiyini eşidib başını yuxarı qaldırdıqda Turanın əlini sifətinə tutub aşağı əyildiyini görmüşdür. Dərhal Turan və Xidilə yaxınlaşıb görmüş ki, Turanın ağızı qandır. Ona məlum olmuş ki, Xidil Turanı zərbə ilə vuraraq xəsarət yetiribdir. Dərhal o, Turanı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Orada ilkin yardım göstərildikdən sonra hər ikisinin valideynlərinin xəstəxanaya gəldiklərini görüb oradan aralaşıb getmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi eksperizasının 16 may 2021-ci il tarixli, 281 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - alt çənə sümüyünün simfızinin və çənə bucağının açıq sınığı, küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən 12.05.2021-ci il tarixə uyğundurlar, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan 05 avqust 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 12 may 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, N.Nərimanov prospektində yerləşən "Dostluq” parkında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində yəni, Zərərçəkmiş şəxs onun ailə üzvləri barədə digər şəxslərin yanında danışmasını Zərərçəkmiş şəxs irad bildirdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs çənə nahiyyəsindən bir dəfə yumruqla vurub sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2–ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla, sağlamlığa az ağır zərər vurulmaqla əlaqədar qəsdən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, habelə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə doğulmuş Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 23.06.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, «Yetkinlik yaşına çatmayanların Ədalət Mühakiməsinin icrası üçün Birləşmiş Millətlər Təşkilatının X7»nın (Pekin Qaydalarının) İİİ hissəsinin 17-ci maddəsinin «c» bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan qanun pozucusu yalnız başqasına qarşı zor işlətməklə ciddi qanun pozuntusunda günahkar sayıldıqda, həmçinin, digər müvafiq təsir növü olmadıqda azadlıqdan məhrum edilə bilər. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CMnin 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 80.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə qeyd edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərərçəkmiş şəxs sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Zərərçəkmiş şəxs Ayaz oğluna cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququna malik olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar