Məhkəmə qərarları › İş №1(051)-151/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-151/2024

31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-151/2024 31.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1973-cü ildə Yevlax rayonu, Hürüuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Yevlax rayonu, Hürüuşağı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,41 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 21:10-dan 21:25-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər də bir neçə narkotik vasitələrdən də istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb binanın qarşısından piyada keçən zaman yerdən bir ədəd kibrit qutusu tapmışdır. Narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün kibrit qutusunu açıb baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və istifadə etmək məqsədi ilə əynindəki qara rəngli şalvarın sağ yan cibində gizlətmişdir. Həmin narkoik vasitəni istifadə etmək üçün uyğun vaxt gözləmişdir. Həmin günü axşam saatlarında yəni təxminən 21 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını, onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları polis şöbəsinin təhiqatçısmı dəvət etmişlər və bundan sonra hüquqlarını müdafiə etmək üçün vəkil X3 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O, könüllü olaraq əynindəki qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd kibrit qutusundakı narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmiş, daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir.Baxış zamanı üzərindən qanunla saxlanması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra onun könüllü olaraq təqdim etdiyi bir ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin kibirit qutusunun içərisində olan kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 9,35 qram olmuşdur. Narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı binanın yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Mustafayev X4 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı binanın qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədzadə X1 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin bir ədəd kibrit qutusu açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuana oxşar kütlə olması aşkar olunmuşdur. Hamin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 9,35 qram olımış, həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞnin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd kibrit qutusunda kütlənin qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, Y.Muradov küçəsi 39 saylı binanın yaxınlığında yerdən tapdığını və özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən xeyli miqdarda narkotik vasitə aşkar edilməsi faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Şəxsi axtarış və götürmə keçirilməsi barədə 21 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 9,35 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 21 iyul 2024-cü il tarixli protokola uyğun olmuşdur. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/653 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi – 6,41 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,41 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 6,39 qram. Məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2024-cü il tarixli 1598 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanımaq haqqında 07 avqust 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ilkin xalis çəkisi 6,41 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,39 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İdarəsinin 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 19 saylı xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Məmmədzadə X1 şəhəri Y.Muradov küçəsi ev 39, mənzil 20 ünvanda yaşayır. Onun haqqında 9 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədzadə X1 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədzadə X1 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər həmin maddə ilə məhkum edilməsinə baxmayaraq yenidən həmin cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı 21 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub– olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 6,39 qram narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar