Məhkəmə qərarları › İş №1(051)-154/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-154/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-154/2023 20.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 433,02 qram olan çətənə bitkisindən, kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana əldə edib özündə saxlayaraq daşımış, 08 avqust 2023-cü il tarixdə saat 19:45 radələrində Mingəçevir şəhər X2 Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 1 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, həmin tarixdə saat 20:13dən saat 20:30-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd ağ rəngli kağız bükümünün içərisində təmiz çəkisi 8,02 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki göy rəngli şalvarın sol yan cibindən, 08 avqust 2023-cü il tarixdə saat 21:00-dan 21:30-dək radələrində olan müddət ərzində yaşadığı Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 1 saylı evin 1 saylı mənzilində Mingəçevir Şəhəri Məhkəməsinin qərarı əsasında baxış zamanı mənzilin qonaq otağında televizor altlığının birinci rəfində 425 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 2023-cü ilin iyul ayında Mingəçevir şəhəri Sahil küçəsində Karyer yolunda piyada gəzəndə, qamışlığın zibil yığınının yanında 01 ədəd sellofan büküm tapmışdır. Həmin bükümü maraq üçün yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə olan marixuana olduğunu bilmişdir. O, içərisində marixuana olan bükümü sonra istifadə etmək üçün götürüb yaşadığı ünvan 4 ünvanına gətirmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis Şöbəsində onun üzərinə baxış keçirildi. Baxış keçirilərkən əynindəki göy rəngli şalvarın sol yan cibindən içərisində narkotik vasitə marixuana olan həmin büküm, aşkar olunub götürülmüşdür. Daha sonra onun yaşadığı ünvan 5 ünvanına axtarış keçirilmişdir. Axtarış zaman onun evində, qonaq otağındakı televizor altlığının birinci rəfində saxladığı 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş sellofan torbanı çəkən zaman çəkisinin 455 qram olması müəyyən edilərək aşkar olunub götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da protokola imza etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə onlara Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşınması, üzərində saxlanması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Mingəçevir Şəhər Polis Şöbəsində əməliyyat qrupu təşkil edilmişdir. O həmin qrupa rəhbərlik etmişdir. Bundan sonra əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 1 saylı binanın qarşısında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmişdir. Polis bölməsində video çəkilişlə xidməti otaqda vətəndaş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, bu hərəkət aparılmazdan əvvəl Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, daha sonra üzərində qanunla daşınması və saxlanması qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümü çıxardıb masanın üstünə qoyaraq bildirmişdir ki, həmin bükümdəki narkotik vasitə qurudulmuş marixuanadır və o həmin bükümü Mingəçevir şəhəri Karyer yolu adlandırılan ərazidə qamışlığın arasında taparaq üzərində saxlamaqla gəzdirmişdir. Qalan narkotik vasitəni isə yaşadığı mənzildə saxladığını bildirmişdir. Onun təqdim etdiyi bükümə baxış keçirilmiş və müəyyən edilmişdir ki, aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadır. Daha sonra onun təqdim etdiyi 01 ədəd büküm zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilərək imzalanmışdır. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzilə vəkili X1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı televizor altlığının birinci rəfində saxladığı 01 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Təqdim olunmuş sellofan torbanı çəkən zaman çəkisinin 455 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş büküm prosesdə iştirak edən şəxslərin yanında qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-da əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 avqust 2023-cü il tarixdə təxminən saat 19:45 radələrində Şahid1la keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq əynində göy rəngli şalvarın sol yan cibindən 1 ədəd təmiz çəkisi 8,02 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, bundan əlavə xx.xx.2023-cü il tarixdə saat 21:00-dan 21:30-dək radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında baxış keçirilmişdir. Baxış zamanı həmin mənzilin qonaq otağında televizor altlığının birinci rəfində 425 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 avqust 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı Ruslan Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla daşınması və qadağan olunan əşya varsa təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir bükümü təqdim etmiş, içərisində olan narkotik vasitəni şəxsi istifadəsi üçün Mingəçevir şəhəri Sahil küçəsi Karyer yolunda piyada gəzən zaman qamışlığın yanında yerləşən zibil yığınının yanında tapmışdır. Təqdirləndiriən şəxsin yaşadığı Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi 1 saylı evin 1 saylı mənzilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı televizor altlığının birinci rəfində gizlədərək saxladığı 01 (bir) ədəd göy rəngli sellofan torbanın içərisində ümumi təmiz çəkisi 425 qram olan narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (i.v. 34-40). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Vət Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,02 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “Vət Təqsirləndirilən şəxs evindən aşkar olunan kütlə...” sözləri və imzalar olan iç-içə keçirilmiş 01 ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi - 425 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. (i.v.45-49). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 432.87 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilmişdir (i.v.83-84). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1458 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (i.v.92). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2023-cü il tarixdə, saat 20:05-dən tutulmuş hesab edilmişdir (i.v.17). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.73-74). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 avqust 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.75-76). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 15 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, İsayev X3 şəhər Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 iyun 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v.85-86). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsi tərəfindən 30 oktyabr 2023-cü il tarixli 3-13-75/2-19568/2023 məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İT-da saxlanılır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(051)-154/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə növündə qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ilkin olaraq verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar 500 qram isə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), hazrda həbsdə olması nəzərə alınmalı, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut-narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlıqdan məhrumetmənin 1 (bir) gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş maddi sübut tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 432,87 qram olan narkotik maddə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesablanmaqla məhkəmə icraatızamanı sərf edilmiş 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Mingəçevir şəhəri Vəkil Bürosunun hesabına (Hesablaşma hesabı: Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialı, VÖEN **********, hesab №AZN AZ521BAZ******************** köçürülsün. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar