Məhkəmə qərarları › İş №1(051)-156/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-156/2025

09.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-156/2025 09.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu ildə Ucar rayonu Qazıqumlaq kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə həmin məhkəmənin 10 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 5 (ay) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü il tarixdə cəzası bitmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24№-li evin 26№-İi mənzilində qeydiyyatda olmaqla Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Şirəliyev X2 şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (ay) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, Mingəçevir şəhər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 5 (ay) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 11 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunduqdan sonra islah olunmayaraq 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə heroinin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,265 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki boz rəngli cins şalvarın sağ kiçik yan cibində saxlayaraq daşımış və 29 aprel 2025-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri R.Məmmədov küçəsində saxlanılaraq həmin yerdə saat 13:01-dən 13:07-dək olan müddət ərizində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan boz rəngli cins şalvarın sağ kiçik yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda da narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri R.Məmmədov küçəsi ilə piyada hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə yoxlanış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Üzəri yoxlanılarkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzəri yoxlanılan zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməsi ona bildirilmişdir. O da əynindəki yaşıl rəngli gödəkçənin sağ yan cibindən 1 qutu “Prima” markalı siqareti, sol yan cibindən 1 ədəd alışqanı, əynindəki boz rəngli cins şalvarın sağ kiçik yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan başqa, üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzəri yoxlanılmışdır. Onun üzəri yoxlanılarkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Təqdim etdiyi kağız büküm açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli kəskin iyə malik, narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə narkotik vasitə heroinin çəkisinin 0,37 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütləni tarixini dəqiq xatırlamadığı vaxtda Bakı şəhərində olarkən tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyətinin olmadığını bildirmişdir. Törətdiyi əməldən peşmadır. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 29 aprel 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1, Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixdə saat 13:01 radələrində Mingəçevir şəhəri Rüstəm Məmmədov küçəsində piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ kiçik yan cibindən bir ədəd bükümü, əynindəki yaşıl gödəkçənın sağ yan cibindən 1 ədəd “Prima “ markalı siqaret qutusunu, sol yan cibindən isə bir ədəd alışqanı könüllü olaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyalardan əlavə heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd büküm açılarkən narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm ilə birlikdə narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanaraq götürülmüş, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə axşam saatlarında yaşadığı Mingəçevir şəhəri “Vaqonlar” qəsəbəsində küçədən keçərkən yerdən tapmasını və şəxsi istifadəsi üçün üzrəində saxlamasını bildirmişdir. İş üzrə məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid Mingəçevir şəhər polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişlər. Sübutların tədqiqi: Cinayət işi materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs üstü yoxlanılarkən əynində olan boz rəngli cins şalvarının sağ kiçik yan cibindəki kağız bükümün içərisindən kağız büküm ilə birlikdə ümumi çəksi 0,37 qram narkotik vasitə “heroinə” oxşar kütlənin aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:01-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/310 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə...’’yazısı, adlar və imzalar yazılmış 01 ( bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,265 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmiş və həmin tarixdə MSY-dən dərhal azad edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1062 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixi 4515 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdəı Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixo- Nevroloji Dispanserin xx.xx.2025-ci il tarixli 890 nömrəli arayışından görünür ki, Şirəliyev X2 şəhər Rayonlararası Psixo- Nevroloji Dispanserdə xx.xx.2007-ci ildən anamnezində nevrotik reaksiya diaqnozu ilə müşahidəyə götürülüb. Cinayət işi materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli 136/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2024-cü ıl tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2025-ci İl tarixli 483 sayh rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi faaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəlik əlamətləri müşahidə edilmir. Hadisəni törədən zaman Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik keçirməməsi səbəbindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur. Buna görə də X3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. X1 hərəkətləri Azərbaycan Respublikikası CM-nin 21 və 22-ci maddələrinin təsiıi altına düşmür, onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Şirəliyev X2 şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Mingəçevir şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 6 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası 11 (on) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 02 (iki) ay 04 (dörd) gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(051)-164/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi xalis çəkisi 0,265 qram şəkidə kustar üsulla hazırlnamış narkotik vasitə heroindən məhkəmə kimyəvi ekspertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalıq 0,215 qram olan narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilərək saxlanması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Cinayət işi materiallarında olan 4 saylı MİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şirəliyev X2 şəhəri Vaqonlar yaşayış massivində yaşayır və barəsində heç bir şikayət daxil olmayıb. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarında narkotik vasitə olan heroinin xeyli miqdarda həddi 0,15 – 2 qram müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə isə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini etiraf etməsi və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər məhkum edilməsinə baxmayaraq yenidən məhkumluğu dövründə cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, CPM-in 158.2 –ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 aprel 2025–ci il tarixdən 01 may 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 09 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1062 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 197.1.4-ci maddəsinə görə mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alıb maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,215 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69,10 (altmış doqquz manat, on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 3(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 09 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,215 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar