Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-157/2021 20.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Perm vilayəti, Kizel şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 13.08.2020-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində barəsində 07.06.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi isteklak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 408,45 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq yaşadığı ünvan 2 ünvanına gətirmiş, həmin narkotik vasitənin 395,00 qram olan hissəsini bir ədəd yaşıl rəngli sellofan torbanın içərisində yaşadığı mənzilin qonaq otağında olan dolabın sağ aşağı gözündə gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 6,68 və 6,77 qram hissələrini isə ayrı-ayrılıqda iki ədəd kibrit qutusunda qablaşdıraraq əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq, özü ilə daşımış, 05.06.2021-ci il tarixdə saat 17:40 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı evin yaxınlığında saxlanılıb həmin tarixdə saat 18 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən iki ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 6,68 və 6,77 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki qara rəngli şalvarın sol yan cibindən, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli qərarına əsasən, yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi, 6 saylı evin 5 saylı mənzilinə axtarış keçirilərkən həmin mənzilin qonaq otağında olan dolabın sağ aşağı gözündən 395,00 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, hazırda heç yerdə işləmir. 2020-ci ilin sentyabr ayında Yevlax rayon Qaraoğlan kəndində olan zaman orada çətənə bitkisinin olduğunu görmüşdür. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün çətənə bitkisini tanımış və onları yığıb qurudaraq öz istifadəsi üçün saxlamaq qərarına gəlmişdir. Bundan sonra çətənəni toplayıb qurudaraq şəxsi istifadəsi üçün yaşadığı evə gətirib qonaq otağındakı dolabın sağ aşağı gözündə gizlətmişdir. O, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba haqqında heç kimə deməmişdir. 05.06.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan sellofan torbadaki marixuandan iki ədəd kibrit qutusuna töküb öz istifadəsi üçün əynindəki qara şalvarın sol yan cibinə qoyub, evdən çıxmışdır. Saat 17:40 radələrində yaşadığı evin yaxınlığında yerləşən çayxananın yanında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X6 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində marixuana olan iki ədəd kibrit qutusu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Qutuda olan kütlənin rəngindən və spesifik iyindən narkotik vasitə olan marixuana olduğu müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və kibrit qutularının ayrı-ayrılıqda ümumi çəkiləri 9,84 və 9,77 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitəni 2020-ci ilin sentyabr ayında Yevlax rayon Qaraoğlan kəndində olan zaman orada çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini, həmin narkotik vasitədən istifadə etdiyini və qalan narkotik vasitənin isə yaşadığı evdə olmasını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin kibrit qutuları onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra, polis əməkdaşları onu Mingəçevir Şəhər Məhkəməsinin 16.05.2021- ci il tarixli yaşadığı evdə axtarış aparmaq üçün verilmiş qərarla tanış edərək, evinə axtarış keçirmək istədiklərini bildirmişlər. O da yaşadığı evdə narkotik vasitə olduğunu bildirmiş və evində axtarış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları və vəkil ilə birgə yaşadığı evə baxış keçirməyə getmişlər. Həmin vaxt o, evində narkotik vasitə olan marixuana olduğunu səmimi etiraf etmiş və onu təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra yaşadığı evin qonaq otağındakı dolabın sağ aşağı gözündə gizlətdiyi içərisində narkotik vasitə marixuana olan yaşıl rəngli sellofan torbanı təqdim etmişdir. Sorğu zamanı, həmin narkotik vasitəni də, üzərindən aşkar olunmuş kibrit qutuları ilə birgə 2020-ci il senytabr ayında Yevlax rayonu Qaraoğlan kəndindən çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini və özü narkotik vasitə marixuanadan istifadə etdiyinə görə, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün evində gizlətdiyini bildirmişdir. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və sellofan bükümün ümümi çəkisi 410 qram olmuşdur. Həmin qurudulmuş marixuananı satmaq məqsədi isə olmamışdır. Əməlindən peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05.06.2021-ci il tarixdə saat 17:40 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı evin yaxınlığında saxlayıb, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirərək polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Rzayev X5 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X7 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirilmişdir. R.Səfərovun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində qurudulmuş marixuana olan iki ədəd kibrit qutusunu könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin iki ədəd kibrit qutusu Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar olunmuş iki ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin kibrit qutularının içərisində narkotik vasitəyə oxşar kütlə qutularla birlikdə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olduğu kibrit qutularından birinin çəkisi 9,84, digərinin çəkisi isə 9,77 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ- nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş iki ədəd kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni 2020-ci ilin sentyabr ayında Yevlax rayonu, Qaraoğlan kəndinin ərazidən çətənə (kannabis) bitkisini yığıb qurutmaqla əldə etdiyini, yığdığı narkotik vasitəni yaşadığı evdə saxladığını və 05.06.2021-ci il tarixdə isə evdən çıxan zaman həmin narkotik vasitəni saxladığı torbadan götürərək şəxsi istifadəsi məqsədilə iki ədəd kibrit qutusuna yığmaqla əynindəki qara şalvarın sol yan cibinə qoyduğunu və təxminən saat 17:40 radələrində yaşadığı Mingəçevir şəhəri, Ə. Vahid küçəsi 6 saylı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs Yevlax rayonu, Qaraoğlan kəndinin ərazidən çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyi narkotik vasitə hesab edilən qudurulmuş marixuananı yaşadığı mənzildə saxladığını bildirmişdir. Sonra 16.05.2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı ünvana Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3, onun və vəkil X2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında olan dolabın sağ aşağı gözündə yaşıl rəngli sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək, onu təqdim etmişdir. Təqdim olunmuş həmin 01 ədəd sellafon torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 1 ədəd sellofan torbanın içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin sellafon torbada olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 410 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş bir ədəd sellofan torbada olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni də 2020-ci ilin sentyabr ayında Yevlax rayonu, Qaraoğlan kəndinin ərazisində çətənə bitkisinin olduğunu görüb çətənəni yığıb qurutmaqla şəxsi istifadəsi məqsədilə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək üçün yığdığını və onları quruduraq yaşadığı evin qonaq otağındakı dolabın sağ aşağı gözündə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir Şəhər Polis Şöbəsinin CAB-da əməliyyat müvəkkilləri, Şahid3 və Şahid2 da Şahid1 oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan 05 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 2(iki) ədəd kibrit qutusunun içərisində narkotik vasitələr aşkar olunmuş, sorğu zamanı həmin narkotik vasitələri 2020-ci ilin sentyabr ayında Yevlax rayonu Qaraoğlan kəndində olarkən yabanı haldı bitən koldan yığıb özünün şəxsi istifadəsi məqsədilə saxladığını, yaşadığı mənzildə də həmin narkotk vasitədən olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd kibrit qutusunda narkotik vasitələr elektron tərəzi ilə çəkilmiş, ayrı-ayrılıqda çəkisi 9,84 və 9,77 qram olması müəyyən edilmişdir. Samsung markalı videokamera ilə videoyaya çəkilərək zərfə qoyulmuş və AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənmişdir. Həmin zərf Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan 05.06.2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, 16.05.2021-ci il tarixli Mingəçevir Şəhər Məhkəməsinin qərarına əsasən, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında baxış keçirilən zaman onun yaşadığı evin qonaq otağında olan dolabın sağ aşağı gözündən yaşıl rəngli sellofan torbada ümumi çəkisi 410 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 06 iyun 2021-ci il tarixli 17/402 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələr...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri - 6,68 qram və 6,77 qram ümumi təmiz çəkiləri 13,45 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi 395 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 16 avqust 2021-ci il tarixli 17/607 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələr” sözləri və imzalara yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar ilə üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə” sözləri və imzalar yazılmış sellofan torbanın içərisndəki qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin ambulator məhkəmə-narkoloji ekspertizasının 31 iyul 2021-ci il tarixli 894 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan «maddi sübut kimi tanınmaq haqqında» 16 avqust 2021-ci il tarixli qərardan görünür ki, 05 iyun 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və həmin tarixli baxış və götürmə protokolu ilə onun yaşadığı mənzildən götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 408,15 qram olan narkotik vasitə – qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizalardan sonra təmiz qalıq çəkisi 408,15 qram olan narkotik vasitə – qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanca verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 13 avqust 2020ci il tarixli 1(051)-89/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ, 26.06.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Rzayev X5 şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, məhkum Rzayev X5 şəhər məhkəməsinin 1(051)- 89/2020 saylı, 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində 05.06.2021-ci tarixdən hesablanmaqla 07.06.2021-ci il tarixədək «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Həmin tarixə məhkum Təqsirləndirilən şəxsa təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 3 ay 21 gün hissəsi çəkilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuananı” əldə edib daşıyaraq yaşadığı mənzilə gətirib bir hissəsini orada saxlamış, digər hissəsini isə üzərində daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 408,45 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq yaşadığı ünvan 1 ünvanına gətirmiş, həmin narkotik vasitənin 395,00 qram olan hissəsini bir ədəd yaşıl rəngli sellofan torbanın içərisində yaşadığı mənzilin qonaq otağında olan dolabın sağ aşağı gözündə gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 6,68 və 6,77 qram hissələrini isə ayrı-ayrılıqda iki ədəd kibrit qutusunda qablaşdıraraq əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq, özü ilə daşımış, 05.06.2021-ci il tarixdə saat 17:40 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı evin yaxınlığında saxlanılıb həmin tarixdə saat 18 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən iki ədəd kibrit qutusunun içərisində ayrı- ayrılıqda təmiz çəkiləri 6,68 və 6,77 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana onun əynindəki qara rəngli şalvarın sol yan cibindən, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin 16.05.2021-ci il tarixli qərarına əsasən, yaşadığı Mingəçevir şəhəri, Ə.Vahid küçəsi 6 saylı evin 5 saylı mənzilinə axtarış keçirilərkən həmin mənzilin qonaq otağında olan dolabın sağ aşağı gözündən 395,00 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarxili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 1( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmamış yenidən cinayət törətdiyinə görə barəsində 05.06.2021-ci tarixdən hesablanmaqla 07.06.2021-ci il tarixədək «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Həmin tarixə məhkum Təqsirləndirilən şəxsa təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 3 ay 21 gün çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hökm qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza hökmlərin məcmusu qaydasında təyin edilməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 avqust 2020-ci il tarixli 1(051)–89/2020 nömrəli hökmü ilə təyin edilmiş 1( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hazırda çəkilməmiş 1 (bir) il 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tam və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 05 iyun 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsinin 07 iyun 2021–ci il tarixli 4(051)–70/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin başlanğıcı 05 iyun 2021–ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 408,15 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69,10 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü təyin edilmiş 1( bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsində müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 7 (yeddi) ay 25 (iyirmi beş) gün müddət hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 3(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 yun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz qalıq çəkisi 408,15 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-157/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-157/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver