Məhkəmə qərarları › İş №1(051)-159/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-159/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-159/2021 17.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, “Vətən” müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış və 04 avqust 2020-ci il tarixdə saat 01 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.Şaiq küçəsində 5 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 01:15 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın qabaq sağ cibindən iki ədəd kibrit qutusunda 4,21 və 4,93 qram olmaqla ümumi təmiz çəkisi 9,14 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, hadisədən təxminən iki üç gün əvvəl yaşadığı binanın qarşısında gəzərkən yerdən iki ədəd kibrit qutusu olduğunu görmüş və ona maraqlı olduğu üçün həmin kibrit qutularını yerdən götürmüşdür. Hər iki qutunu açıb içərisinə baxdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. 04.08.2020-ci il tarixdə, saat təxminən 23 radələrində yaşadığı Mingəçevir şəhəri, A.Şaiq küçəsində gəzərkən bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan cins şalvarın qabaq sağ cibindən iki ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. İki ədəd kibrit qutusunun içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi ayrı ayrılıqda 7,91 və 7,24 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq, həmin narkotik vasitəni təxminən 2-3 gün əvvəl yaşadığı Mingəçevir şəhəri A.Şaiq küçəsində 5 saylı binanın yaxınlığında yerdən tapdığını bildirmişdir. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun, müdafiəçisinin və iştirakçıların iştirakı ilə möhürlənmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolların düzgünlüyünə o, da imza etmişdir. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, ancaq al-veri ilə məşğul olmamışdır. Həmin vaxt isə narkotik vasitə istifadə etməmişdir. Ona görə də də tapdığı narkotik vasitəni diqqətsizlik edib cibində saxlamışdır. Hesab edir ki, onun əməlində cinayət tərkibi yoxdur. Sadəcə olaraq, o, lazımi diqqətlilik və ehtiyatlılıq göstərməyərək yerdən tapdığı narkotik vasitəni vaxtında polisə təhvil verməməkdə səhv etmişdir. Ondan sonra isə vətənin müdafiəsi uğrunda müharibəyə getmiş, döyüş əməliyytalarında fərqlənmişdir. Ona görə də bir neçə döyüş medalı ilə təltif olunmuşdur. Hesab edir ki, onun əməlinin ictimai təhlükəliliyi artıq aradan qalxmışdır. Hazırda əməlindən peşmandır. «Vətən Müharibəsi» iştirakçısıdır. Himayəsində iki azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 İmran oğlu ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkili vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs əvvəldən tanımamış və aralarında heç bir münasibəti olmamışdır. 04 avqust 2020-ci ildə Mingəçevir ŞPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, o, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə qərar əsasında əməliyyat tədbiri keçirmiş, həmin gün Mingəçevir şəhəri A.Şaiq küçəsi 5 saylı binanın qarşısında Təqsirləndirilən şəxs saxlayaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-yə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun əynində olan boz rəngli yay cins şalvarının sağ qabaq cibindən iki ədəd kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iki ədəd kibrit qutusu açılarkən içərisində olan kütlə spesifik iyindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin iki ədəd kibrit qutusu içərisində olan narkotik vasitə marixuanaya oxşar kütlələr ayrı-ayrılıqda eletron tərəzidə çəkildikdə birinin 7,91 qram digərinin isə 7,24 qram olmaqla ümumi çəkisi 15,15 qram qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanadır, onları təxminən 2-3 gün bundan əvvəl yaşadığı Mingəçevir şəhəri A.Şaiq küçəsi ev 5 saylı binanın qarşısından tapdığını, daha sonra həmin marixuanadan bir qədərini özü istifadə etdiyini bildirmişdir. Həmin iki ədəd kibrit qutusu içərisində olan narkotik vasitə marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkildikdən sonra, qablaşdırılmış, baş verənlər barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 Daxili İşlər orqanlarından xaric olunduğu və yaşayış yerini dəyişdiyi üçün məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə o, məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 İmran oğlunun ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 04 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında və baxış keçirilmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli yay cins şalvarın sağ yan cibindən ayrı-ayrılıqda qurudulmuş halda olan iki ədəd kibrit qutusunda içərisində narkotik vasitə hesab olunan marixuanaya oxşar kütlə, sol qabaq cibindən bir ədəd «Samsung» markalı mobil telefon və bir ədəd 10 qəpik, arxa sağ yan cibindən 15 manat pul əskinasları aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin iki ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuana olduğunu, onları təxminən 2-3 gün bundan əvvəl yaşadığı Mingəçevir şəhəri A.Şaiq küçəsi ev 5 saylı binanın qarşısından tapdığını, daha sonra həmin marixuanadan bir qədərini özü istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə hesab olunan marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilmiş, hər birinin ayrı-ayrılıqda çəkiləri 7,91 və 7,34 qram olmaqla, ümumi çəkisi 15,15 qram olmuşdur. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 04 avqust 2020-ci il tarixli 17/480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri və imzaları yazılmış zərfin içərisindəki, 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri - 4,21 qram və 4,93 qram, ümumi təmiz çəkiləri - 9,14 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi təmiz çəkisi 9,14 qram tədqiqata sərf edildi 0,04 qram, (hər obyektdən 0,02 qram), qalıq 9,10 qramdır . Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 avqust 2020-ci il tarixli 751 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi tərəfindən 19 avqust 2021-ci il tarixdə verilmiş “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, məhkəmə-bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan narkotik vasitə qurudulmuş marixuananın, tədqiqat üçün 0,04 qram sərf edildikdən sonra yerdə qalan təmiz çəkisi 9,10 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış və 04 avqust 2020-ci il tarixdə saat 01 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri A.Şaiq küçəsində 5 saylı binanın yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 01:15 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın qabaq sağ cibindən iki ədəd kibrit qutusunda 4,21 və 4,93 qram olmaqla ümumi təmiz çəkisi 9,14 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan qurudulmuş marxuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, «Vətən Müharibəsi» iştirakçısı olmasını, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən 12 avqust 2021–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun himayəsində 14 yanvar 2009-cu il təvəllüdlü Ayan və 20 iyul 2012-ci il təvəllüdlü Azər adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 24 iyun 2021-ci il tarixli 2711 saylı və 2712 saylı rəsmi dərc edilmiş Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilməsi haqqında Sərəncamlarından görünür ki, Təqsirləndirilən şəxs oğlu “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 1 saylı Mənzil İstismar Sahəsi tərəfindən 06 avqust 2020–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində 1 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 04 avqust 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2021-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş təmiz çəkisi - 9,14 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 9,10 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 54 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdən 05 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi - 9,14 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 9,10 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55(əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 54 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar