Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-160/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı il tarixdə Ağdaş rayon Ərəbocağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,787 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 iyun 2022-ci il tarixdə saat 15:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bəxtiyar” aptekin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 16:10-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı 28 iyun 2005- ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda əynindəki boz rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən sellofan bükümdə təmiz çəkisi 0,787 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər də bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Mingəçevir şəhəri, Səməd Vurğun parkının yaxınlığında piyada hərəkətdə olarkən yerdə bir ədəd sellofan büküm görmüş, həmin büküm diqqətini çəkdiyi üçün əyilib götürmüş və bükümü açıb baxdıqda əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu bilib götürmüşdür. Daha sonra ondan üzərində olan falqaya töküb istifadə etmişdir. Qalan bükümü isə sonra istifadə etmək üçün şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibinə qoyaraq üzərində saxlamışdır. Həmçinin falqanı da şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra şəhərdə işlərini gördükdən sonra saat 15:35 radələrində Mingəçevir şəhər, 20 Yanvar küçəsində yerləşən “Bəxtiyar" aptekinin yaxınlığında ara küçə ilə hərəkətdə olarkən Mingəçevir ŞPŞ-nin polis əməkdaşları ona yaxınlaşmışlar, narkotik vasitələrin qanun dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və Mingəçevir ŞPŞ-nə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Vəkil Vüqar Rəhimli ona dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. O, müdafiəçi və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibində saxladığı içərisində narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. Sorğu zamanı cibində saxlayaraq gəzdirdiyi və aşkar edilərək götürülmüş bükümün içərisində olan kütlənin narkotik vasitə heroin olmasını, onu taparaq əldə etdiyini və satış niyyəti olmadığını, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Cibindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüş, o və müdafiəçisi həmin qablaşdırmaya və tərtib olunmuş şəxsi axtarış və götürmə protokoluna imza etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini satmaq məqsədi olmamış, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır. Hazırda əməlindən peşmandır. Himayəsində yetkinlik yaşına çatmamış və azyaşlı uşaqları vardır. Ailənin yeganə qazanc gətirənidir. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə əlaqədar vətəndaşların sorğusu əməliyyat tədbiri keçirilməsinə dair qərar qəbul edilmiş və şöbə rəhbərliyi tərəfindən bu barədə əmr hazırlanmışdır. Daha sonra əməliyyat tədbirinin keçirilməsi ilə bağlı o, Mingəçevir ŞPŞ-nin ƏRQ-nun operatoru, polis baş serjantı Şahid2 xx.xx.2022- ci il tarixdə saat 15:40 radələrində Mingəçevir şəhər 20 Yanvar küçəsində “Bəxtiyar" aptekinin yaxınlığında Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və o, polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra raportla müraciət etmişlər və X2a araşdırma həvalə edilmişdir. X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tutulmuş, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, həmçinin hüquq və vəzifələri ona izah olunduqdan sonra polis şöbəsinin növbətçi hissəsinin qarşısında müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız falqa, həmin şalvarını sağ yan cibinin üzərində yerləşən kiçik cibindən sellofana bükülmüş halda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin narkotik vasitə heroin olmasını və həmin gün Mingəçevir şəhər, S.Vurğun parkının yaxınlığından taparaq əldə etməsini, özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Qablaşdırmanın üzərinə Təqsirləndirilən şəxs və müdafiəçi Vüqar Rəhimli də imza etmişlər. Daha sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, onlar da həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin ƏRQ-nun operatoru vəzifəsində işləyən polis baş serjantı Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan boz rəngli cins şalvarının sağ cibinin üzərində yerləşən kiçik cibindən sellofan bükümdə 0,787 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 22 iyun 2022-ci il tarixli “DVD” diskə baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibinin üzərində yerləşən kiçik cibindən sellofan büküm aşkar edilmişdir. Həmin bükümün içərisindəkinin maddənin narkotik vasitə olan heroin olduğu aşkar edilmişdir. Ondan sonra Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2022-ci il tarixli 17/515 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir ) ədəd sellofan bükümdə təmiz çəkisi 0,787 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Gümüşü rəngli falqa kağızının üzərində narkotik vasitə hissəcikləri yoxdur. Ekspert qarşısında qoyulmuş “ Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş falqanın üzərində narkotik vasitə istifadə olunmuşdurmu? sualı ekspertin zəruri biliyindən kənara çıxdığından cavablandırılmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1340 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0.787 qram olan, tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.737 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunduqdan sonra yerdə qalan ümumi qalıq çəkisi 0.737 qram olan narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmiş, həmçinin təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi, 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından atıq miqdarda, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,787 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,787 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 21 iyun 2022-ci il tarixdə saat 15:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Bəxtiyar” aptekin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 16:10-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibinin üzərində yerləşən kiçik cibindən sellofan bükümdə təmiz çəkisi 0,787 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasın, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş Məryəm adlı bir nəfər azyaşlı, xx.xx.2006-cı il tarixdə doğulmuş Yaşar və xx.xx.2005-ci il tarixdə doğulmuş Müzəllət adlı 2 nəfər yetkinlik yaşına çatmamış uşaqları vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2– ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş, təmiz çəkisi–0.787 qram olan, tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0.737 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21 iyun 2022-ci ildən 23 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 06 (altı) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, təmiz qalıq çəkisi 0.737 qram olan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-160/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-160/2022
19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver