Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-162/2022 30.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhər Mərkəzi Xəstəxananın həyətində Zərərçəkmiş şəxs ilə sonuncunun valideynlərinin ünvanına bir gün əvvəl nalayiq ifadələr işlətdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinin sağ tərəfinə bir dəfə vuraraq, ona sağ göz almasına qansızma, sağ sifətində qançır və sağ yanağının iç səthində yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Müzəffər Əliyevlə 3 ildir ki, qeyri-rəsmi münasibətdədir. Müzəffər Əliyevin anası Zərərçəkmiş şəxs onların münasibətlərinə qarşı çıxaraq, onları ayırmaq istəmişdir. Müzəffər Əliyevin ayağında problem yarandığı üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur. O, xx.xx.2022-ci il tarixdə Müzəffər Əliyevə lazım olan əşyaları xəstəxanaya gətirmiş və ona göndərmişdir. xx.xx.2022-ci il tarixdə yenidən xəstəxanaya gəldikdə, tibb bacısı həmin əşyaları onun özünə geri verərək, Müzəffər Əliyevin həmin əşyaları qəbul etməməsini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs oraya gəlmiş və aralarında mübahisə yaranmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun vəfat etmiş valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2022-ci il tarixdə isə saat 12 radələrində yenidən xəstəxanaya getdikdə, Zərərçəkmiş şəxs oradan çıxdığını görüb onun arxası ilə gedib, onu çağırıb, nə üçün onun vəfat etmiş valideynlərinin ünvanına nalayiq ifadələr işlətməsinə etiraz edərək, əli ilə onun sağ üz nahiyyəsindən zərbə ilə vurmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu Müzəffər Əliyevlə əvvəllər qeyrirəsmi münasibətdə olmuş, lakin sonradan oğlu ondan ayrılmışdır. Ancaq buna baxmayaraq, Təqsirləndirilən şəxs onun oğlundan əl çəkməmiş, mütəmadi olaraq onları narahat etmişdir. X1 ayağında problem yarandığı üçün ayağında quruma və çürümə baş vermişdir. Bunu bildiyi üçün Təqsirləndirilən şəxs oğluna acıq verməsi məqsədi ilə ona ayaqqabı göndərmişdir. xx.xx.2022-ci il tarixdə xəstəxanada Təqsirləndirilən şəxs ilə rastlaşan zaman ona irad bildirdikdə, aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı hər ikisi bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. xx.xx.2022-ci il tarixdə isə X1 yanından çıxan zaman xəstəxananın həyətində Təqsirləndirilən şəxs onu arxadan “Toma, necəsən, Toma” deyərək səsləmiş, daha sonra isə ona «dünənki gün niyə vəfat etmiş valideynlərimə nalayiq ifadələr işlətmisən» sözlərini deyərək, əli ilə qəflətən onun sağ üz nahiyəsindən yumruqla vurmuşdur. Lakin hadisədən sonra o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan heç bir şikayəti yoxdur və məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər MX-da mühafizəçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 08:00-dan 20:00-dək xəstəxananın Acil şöbəsinin qarşısında xidmətdə olmuşdur. Həmin gün saat 19 radələrində xəstəxanada müalicə olunan Müzəffər Əliyevin anası, Zərərçəkmiş şəxs oğlunun yanından düşən zaman Təqsirləndirilən şəxs həmin vaxt Acil şöbəsinin qarşısında dayanmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs gördükdə, ona bir daha onun oğlunun yanına əşyalar gətirməməsini bildirmişdir. Daha sonra isə onlar arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, Mərkəzi Xəstəxananın həyəti, Acil şöbəsindən Qəbul şöbəsi tərəfə gedən yoldur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022ci il tarixdə əvvəllər qeyri-rəsmi münasibətdə olduğu və hazırda xəstəxanada müalicə olunan Müzəffər Əliyevin anası Zərərçəkmiş şəxs onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs yenə də xəstəxanının Acil şöbəsi tərəfdən çıxan zaman onun arxası ilə getmiş və həmin yerdə əli ilə onun üz nahiyyəsindən vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 502 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sağ göz almasına qansızma, sağ sifətində qançır və sağ yanağın iç səthində yara küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən 31,08.2022-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan 13 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhər 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhər Mərkəzi Xəstəxananın həyətində Zərərçəkmiş şəxs ilə, sonuncunun onun valideynlərinin ünvanına bir gün əvvəl nalayiq ifadələr işlətdiyi üçün, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinin sağ tərəfinə bir dəfə vuraraq, ona sağ göz almasına qansızma, sağ sifətində qançır və sağ yanağının iç səthində yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayəti olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və bir daha Zərərçəkmiş şəxs və onun uşaqlarını, nəvələrini narahat etməyəcəyini, onların evinə getməyəcəyini, telefon vasitəsi ilə narahat etməyəcəyini, Tik-tok sosial şəbəkəsinə qoymayacağını, xəstəxanaya getməyəcəyini, qarşısına çıxarlarsa, danışdırmayacağını, evlərinə yaxın getməyəcəyini, heç bir əşya göndərməyəcəyini, Müzəffərin həkimlərini narahat etməyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-162/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-162/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver