Məhkəmə qərarları › İş №1(051)-164/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-164/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-164/2021 28.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X1, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 avqust 1997-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax rayonu, Havarlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə istifadəsində olan “Samsung Galaxy A71” markalı mobil telefonla “İnstagram” sosial şəbəkəsində “Unibank operatoru_Nərgiz” adlı saxta hesab yaradaraq özünə məxsus əmək haqqı kartında yaranmış problemlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi instagram hesabında paylaşılmış hekayənin şərh bölməsinə sual ünvanlamış Zərərçəkmiş şəxs2 “İnstagram” sosial şəbəkəsində şəxsi bölmədə sms yazıb özünü "xxxx" ASC-nin əməkdaşı və ASC tərəfindən onun probleminin həllinə kömək etməyə təhkim edilmiş şəxs kimi yalandan təqdim etməklə problemin həlli adı ilə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini, CVV nömrələrini və kartın bağlı olduğu mobil nömrəyə göndərilən “3 D Securty” kodunu da sonuncudan öyrəndikdən sonra 25 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən Zərərçəkmiş şəxs2 kart hesabında olan 487,88 manat pul vəsaitini elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Ukrayna qrivnasına (UAH) dəyişərək “MostBet” idman-mərc oyunu saytında olan özünə məxsus hesab nömrəsinə gizli olaraq köçürüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 487,88 manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə istifadəsində olan “Samsung Galaxy A71” markalı mobil telefonla “İnstagram” sosial şəbəkəsində “unibank _fidan” adlı saxta hesab yaradaraq özünə məxsus “Albalı” kredit kartında yaranmış problemlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi instagram hesabında paylaşılmış hekayənin şərh bölməsinə sual ünvanlamış Zərərçəkmiş şəxs1 “İnstagram” sosial şəbəkəsində şəxsi bölmədə sms yazıb özünü "xxxx" ASC-nin əməkdaşı və ASC tərəfindən onun probleminin həllinə kömək etməyə təhkim edilmiş şəxs kimi yalandan təqdim etməklə problemin həlli adı ilə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini, CVV nömrələrini və kartın bağlı olduğu mobil nömrəyə göndərilən “3 D Securty” kodunu da sonuncudan öyrəndikdən sonra 02 aprel 2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən Zərərçəkmiş şəxs1 kart hesabında olan 197 manat pul vəsaitini elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Ukrayna qrivnasına (UAH) dəyişərək “MostBet” idman-mərc oyunu saytında olan özünə məxsus hesab nömrəsinə gizli olaraq köçürüb ələ keçirməklə Zərərçəkmiş şəxs1 197 manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Mingəçevir bazarında atası ilə birlikdə fəhləlik edir. Gündəlik işlərdə günü 10 manata işləmişdir. Anası evdar qadındır. Ondan bir yaş kiçik olan qardaşı isə işləmir. Ailəni atası ilə o dolandırır. Boş vaxtlarında özünə məxsus “Samsung SM- A715F” markalı mobil telefonu ilə sosial şəbəkələrə daxil olur. Əsasən İnstagram sosial şəbəkəsinə daxil olmuşdur. İnstagram sosial şəbəkəsində olan zaman Unibank ASC-nin rəsmi internet səhifəsinə çoxlu sayda suallar ünvanlandığını görmüşdür. Həmin zaman maddi sıxıntıları olduğundan fikirləşmiş ki, Unibank ASC-nin adından başqa bir “Fake” səhifələr yaratsın və həmin sualları verən şəxslərə cavab verərək həmin şəxslərin kart məlumatlarını götürsün və onların pullarını ələ keçirsin. Həmin fikri onun ağlına heç kim salmamışdır. O özü belə bir şey edib pul qazanmaq fikrinə düşmüşdür. Bunun üçün o, “google” axtarış portalında şəxsiyyət vəsiqəsi yazaraq axtarmışdır. Qarşısına çıxan bir neçə qadının X3, Şahid və qeyrilərinin şəxsiyyət vəsiqələrini telefonuna yükləmişdir. Bundan sonra 2021-ci ilin yanvar ayında həmin şəxsin adlarına uyğun olaraq “Unibank_Aysel” və “Unibank_Fidan”, “Unibank_Nərgiz” adlı iki ədəd instagram səhifələri yaratmışdır. İnsanları inandırmaq üçün həmin səhifələrə iş yeri kimi “unibank operatoru” yazmış və səhifədə Unibankın elanlarını da yerləşdirmişdir. Bundan sonra o Unibankın rəsmi səhifəsinə şərh yazaraq bank kartları və kredit şərtləri barədə suallar verən şəxslərə “Unibank_Aysel” və “Unibank_Fidan” və digər hesablardan yazaraq onlara rəydə yazdığı sms barəsində köməklik etmək istədiyini bildirmişdir. Həmin şəxs ona kartında problem olduğunu yazdıqdan isə ondan kartın ön və arxa hissəsindən fotoşəklini çəkib göndərməsini bildirmişlər. Həmin şəxs foto şəkli göndərdikdən sonra isə həmin kartda olan pulu özünə “MostBet” mərc oyunu saytındakı hesabına və nömrəsini xatırlamadığı kartına göndərmişdir. Bu üsulla o 5 nəfər şəxsin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçimişdir. Belə ki, təxminən 25 fevral 2021-ci il tarixdə Unibankın rəsmi səhifəsinə müraciət edən adını sonrdan bildiyi Zərərçəkmiş şəxs2 eyni qaydada “Unibank_Nərgiz” hesabından yazmış və ona köməklik edilməsi üçün kartının məlumatlarını ondan götürmüşdür. O kartında 500 manata yaxın pul olduğunu bildirmişdir. Bundan sonra onun kartında olan pulu 487,38 manat pulunu “MostBet” mərc oyununa saytında olan hesabına yükləmişdir. Pulu həmin hesabda bir müddət saxladıqdan sonradan öz şəxsi kartına göndərmiş və Mingəçevir şəhəri ərazisində Expressbankın bankomatından çıxartmışdır. Həmin şəxs kartından pulun çıxıldığını yazdıqda sonra ona yenidən yazmamışdır. Həmin səhifəni isə sonra silmişdir. Bundan başqa, 02 aprel 2021-ci il tarixdə eyni qaydada adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 adlı şəxsə “Unibank_Fidan” adlı fake səhifədən yazaraq onun da kart məlumatlarını götürmüşdür. Daha sonra onun mobil nömrəsinə göndərilən OTP kodunu ondan istəmişdir. Həmin kodu verdikdən sonra onun hesabında olan 197 manat pulu “MostBet” mərc oyununa saytında olan hesabına yükləmişdir. Pulu həmin hesabında bir müddət saxladıqdan sonradan öz şəxsi kartına göndərmiş və Mingəçevir şəhəri ərazisində Expressbankın bankomatından çıxartmışdır. Həmin şəxs kartından pulun çıxıldığını yazdıqda ona narahat olmamasını onun pulunun geri qaytarılacağını bildirmişdir. Lakin bundan sonra ona cavab yazmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi şəkildə peşmandır, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu bütün ziyanı ödəmiş və onlarla razılıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qisimində dindirilmiş, lakin səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı teleqramda, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, hazırda şikayət və tələbinin olmadığını, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmədən cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında iştirak etməməsinin səbəblərini üzürlü sayır və onun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, 14 yanvar 2020-ci il tarixdən "xxxx" MMC-də xəzinədər vəzifəsində işləyir. Əvvəllər əmək haqqını X9 təqdim etdiyi plastik kart vasitəsi ilə əldə etmişdir. 2021 -ci ilin yanvar ayından isə kartları dəyişdirilərək "xxxx" ASC-nin plastik kartlarını verilmişdir. Birinci dəfə həmin karta təxminən 28 yanvar 2021-ci il tarixdə 250 manat, növbəti dəfə 03 fevral 2021-ci il tarixdə 462,56 manat əmək haqqı köçürülmüşdür. Kartda pul olan zaman müxtəlif vaxtlarda kartdan bir iki dəfə kartdan bir manat və hazırda xatırlamadığı məbləğdə qəpiklər çıxılmışdır. O həmin pulların nəyə çıxıldığını bilmək üçün "xxxx" ASC-nin 117 qaynar xəttinə zəng etsə də növbədə 30 nəfərə qədər şəxs olduğundan gözləməmiş və qərara gəlmiş ki, “Unibankın" ASC-nin rəsmi instagram səhifəsinə müraciət etsin. Bunun üçün o “y.zade” adlı instagram səhifəsindən 24 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin rəsmi səhifəsinə bu barədə sual ünvanlamışdır. Növbəti gün 25 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin rəsmi səhifəsindən ona sms yazılmış ki, problemi daha ətraflı yazın köməklik etsinlər. Bundan bir müddət sonra instagram hesabında şəxsi bölmədə ona “unibank operatoru_nərgiz” adlı səhifədən bir nəfər şəxs yazmış və unibankın rəsmi səhifəsinə ünvanladığı sualla bağlı ona əlavə suallar verməyə başlamışdır. O da hesab etmiş ki, "xxxx" ASC onun problemi ilə bağlı operatoru yönləndirmişlər. O həmin səhifəyə baxdıqda “Nərgiz” adlı şəxsin şəxsiyyət vəsiqəsinin olduğunu və səhifədə unibankın operatoru yazıldığını və bu barədə reklamlar olduğunu gördüyündən həmin şəxsin "xxxx" işçisi olduğuna inanmışdır. Həmin şəxs ona sistemdə problem olduğunu bildirmiş və kartın ön və arxa hissəsinin şəklini çəkib ona atmasını bildirmişdir. Onun dediyini etdikdən sonra həmin karta qeydiyyata aldığı ***-***-**-** saylı nömrəyə dörd rəqmli OTP kodu göndərilmişdir. Həmin şəxs onan kodu da istəmiş kodu da ona vermişdir. Həmin zaman kartın içərisində 608.19 manat pul olmuşdur. Bundan sonra nömrəyə sms gəlmiş ki, kartından 487,88 qəpik pul çıxılmış, yəni kartında 120.31 manat pul qalmışdır. O həmin pulu kartda dəyişərək Ukrayna qrivnası ilə 7972,07 qrivna ilə hansısa sayta ödəniş etmişdir. O bu barədə həmin şəxsə bildirdikdə ona pulu geri qaytarılacağını bildirmişdir. Bundan sonra həmin şəxs instagram hesabını bağlamışdır. Həmin zaman o, başa düşmüşdür ki, kartından pulunu oğurlamışlar. Lakin onunla əlaqə qura bilməmişdir. Bundan sonra o, bu barədə "xxxx" ASC-nin Bakıxanov fililalına gedərək müraciət etmişdir. Orada onun hesabına baxıldıqda pulun hansısa oyun saytının hesabına köçürüldüyünü bildirmişlər. Lakin həmin pul kartda blok edildiyindən pulunu ələ keçirən şəxs pulu 26 fevral 2021-ci il tarixdə məxaric etmişdir. Oradan ona bu sahədə ixtisaslaşdırılmış hüquqmühafizə orqanı olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməsini məsləhət görmüşlər. Hadisə nəticəsində ona 487,88 manat maddi ziyan dəymişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə islasında iştirak edə bilməmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramda, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, hazırda şikayət və tələbinin olmadığını, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və məhkəmədən cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında iştirak etməməsinin səbəblərini üzürlü sayır və onun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, iki azyaşlı övladı vardır. Həyat yoldaşından ayrıldığından uşaqlara tək baxmışdır. Bir ay olar ki, əvvəl işlədiyi “S'i'B İstanbul” klinikasından tibb bacısı işindən ayrılmışdır. Hazırda heç yerdə işləməmişdir. 19 yanvar 2021 -ci il tarixdə "xxxx" ASC-dən öz adına “Albalı” kredit kartı almışdır. Kartı alan zaman içərisində 500 manat pul olmuşdur. O həmin pulla ticarət obyektlərindən alış-veriş etmişdir. Kartdan pul məxaric olanda ona sms məlumatı gəlməmişdir. Buna görə də o “Təravot_AİAhverdiyeva” adlı instagram səhifəsindən 02 aprel 2021-ci il tarixdə "xxxx" ASC-nin rəsmi səhifəsinə bu barədə sual ünvanlamışdır. Lakin ordan ona heç bir cavab verilməmişdir. Bundan bir neçə dəqiqə sonra instagram hesabında şəxsi bölmədə ona “unibank_fidan” adlı səhifədən bir nəfər şəxs yazmış və unibankın rəsmi səhifəsinə ünvanladığı sualla bağlı ona əlavə suallar verməyə başlamışdır. O həmin səhifəyə baxdıqda “Şahid” adlı şəxsin şəxsiyyət vəsiqəsinin olduğunu və səhifəyə unibankın operatoru yazıldığını və bu barədə reklamlar olduğunu gördüyündən həmin şəxsin "xxxx" işçisi olduğuna inanmışdır. Həmin şəxs ona sistemdə problem olduğunu bildirmiş və kartın ön və arxa hissəsinin şəklini çəkib atmasını bildirmişdir. Onun dediyini etdikdən sonra həmin karta qeydiyyata aldığı ***-***-**-** saylı nömrəyə dörd rəqəmli OTP kodu göndərilmişdir. Həmin şəxs ondan kodu da istəmiş, o əvvəllər, heç vaxt kart istifadə etmədiyindən həmin kodu da ona vermişdir. Həmin zaman kartın içərisində 197 manat pul olmuşdur. Bundan sonra nömrəyə sms gəlmiş ki, kartdan 197 manat pul çəkilmişdir. O, bu barədə həmin şəxsə bildirdikdə ona 197 manat pulun sistemə köçürüldüyünü, kartın həqiqətən sahibinin o olduğuna əmin olmaları üçün karta əlavə 197 manat pul köçürməsini bildirmişdir. Həmin zaman o, başa düşmüş ki, kartından pulunu oğurlamışlar. O həmin şəxsə yazaraq pulunu qaytarmasını bildirdikdə həmin hesabı bağlamış və o da həmin şəxslə əlaqə qura bilməmişdir. Bundan sonra o bu barədə "xxxx"ın 117 zəng mərkəzinə zəng edərək məlumat vermiş və ordan ona bu sahədə ixtisaslaşdırılmış hüquq-mühafizə orqanı olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməyi məsləhət görmüşlər. Hadisə nəticəsində ona 197 manat maddi ziyan dəymişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid səhhətində problem olduğuna görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə o, məhkəməyə teleqram vuraraq, ibtidai istintaq zamanı veridiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona görə də məhkəmə Şahid məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin mart ayının sonlarında gözəllik salonu açmaq istəmişdir. Bunun üçün onun təxminən 10.000 manata yaxın pula ehtiyacı olmuşdur. Lakin nağd pulu olmadığından hər hansı bir bankdan kredit götürmək istəmişdir. Bunun üçün o, instagram sosial şəbəkəsində banklarla maraqlanmışdır. Həmin ərəfələrdə tanışları ona "xxxx" ASC-də sərfəli kompaniya olduğunu bildirmişdir. O da buna görə də "xxxx" ASC-nin rəsmi instagram səhifəsinə kredit götürmək istəməyi ilə bağlı sual ünvanlamışdır. Bundan təxminən 1 saat sonra hazırda dəqiq xatırlamadığı "xxxx" yazılmış səhifədən ona şəxsi bölmədə yazmışlar. Həmin şəxs özünü ona "xxxx" ASC-nin rəsmi nümayəndəsi kimi təqdim etmişdir. O həmin səhifəyə baxdıqda səhifədə unibankla bağlı elan və reklamların olduğunu görmüşdür. Ondan kreditlə bağlı suallar soruşmuşdur. O bizneslə məşğul olmaq üçün təxminən 10.000 manat qədər kredit götürmək istədiyini bildirmişdir. Həmin şəxs onun gəlirləri və ailə üzvləri barədə sorğu-sual etdikdən sonra ona kredit ayırmağın mümkün olub olmadığını yoxlamaq üçün şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməsini bildirmişdir. O da artıq onun bank əməkdaşı olduğuna inandığından özünə məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin şəklini çəkərək instagram səhifəsində həmin şəxsə göndərmişdir. Həmin şəxs bir neçə dəqiqədən sonra ona yazaraq kredit almağın mümkün olduğunu bildirmişdir. Lakin o, bunun üçün dövlət işində işləyən zamin lazım olduğunu bildirmişdir. Onun da dövlət işində işləyən belə bir tanışı olmadığından həmin şəxsə belə bir adam tapacağı təqdirdə onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra onun həmin şəxslə heç bir əlaqəsi olmamışdır. Həmin hadisədən bir müddət sonra onu BMCMİ-yə dəvət etmişlər. Baş idarədə olan zaman ona məlumat vermişlər ki, ondan şəxsiyyət vəsiqəsinin şəklini alan şəxs bankın əməkdaşı olmamışdır. Onun şəxsiyyət vəsiqəsindən istifadə etməklə vətəndaşları aldatmışdır. O, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsi tanımır, onunla heç bir əlaqəsi və tanışlığı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, sənədlərə baxış keçirilməsi haqqında” 20 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 izahatına əlavə etdiyi bank kartından çıxarışa və 02 vərəqdə mobil telefonunun çəkdiyi “screen shota” baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, Zərərçəkmiş şəxs2 "xxxx" ASC- də olan “xxxxxxxxxxxx7259” nömrəli kartından 26 fevral 2021-ci il tarixdə 484,96 manat pul məxaric edilmişdir. Həmin əmliyyatın məlumatı: 25.02.2021, 11:07:30 980 7 972.07 UKR DNİPRO UP Up gmx, kartla əməliyyatın məbləğinin xarici hesablaşmalar üçün hesabın valyutasında tranzit hesaba köçürülməsi. Bundan başqa Zərərçəkmiş şəxs2 təqdim etdiyi mobil telefonuna “8117”-dən göndərilən smslər barədə “Screen shot’lardan ekran görüntülərdən görünür ki, ***7259 nömrəli kartda 23.02.2021-ci il tarixdə 608.19 manat pul olmuşdur. 25.02.2021-ci il tarixdə həmin karta 942156 nömrəli birdəfəlik şifrə göndərilmiş və həmin tarixdən kartdan 7972.07 UAH pul vəsaiti məxaric edilmiş, 2.42 manat komisiyya haqqı çıxıldıqdan sonra balansda 120.31 manat pul qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 təqdim etdiyi sms məlumatından görünür ki, “X6...” aşağıdakı məzmunda sms gəlmişdir: “-Bir dəyqə xanım, - Axırı 83 olan nömrəniz aktivdir xanım? -Hal hazırda kod göndəriləcəkdir nömrənizə 1-ci mətində yazılan kodu qeyd edin zəhmət olmazsa sistemdə CVC2 kodunuz dəyişdirilsin yeni kodunuz təyin edilsin.” Cinayət işi materiallarında olan sənədlərə baxış keçirilməsi haqqında” 19 may 2021 -ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 izahatına əlavə etdiyi bank kartından çıxarışa və 03 vərəqdə mobil telefonunun çəkdiyi ekran görüntüsünə (screen shota) baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs1 "xxxx" ASCdə olan “xxxxxxxxxxxx6512” nömrəli kartından 02 aprel 2021 -ci il tarixdə 190,20 manat pul məxaric edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 təqdim etdiyi sms , məlumatından görünür ki, “Unibank Fidan...” adlı səhifədə “Şahid” şəxsiyyət vəsiqəsinin şəkli və aşağıdakı məzmunda sms gəlmişdir: “-Salam zəhmət olmasa şəxsiyyət vəsiqənizin və bank kartınızın üst fon və arxa fon şəklini yönləndirin yoxlanış edilsin məlumat verilsin. -Xanım sizin kartınızdan sistemə köçürüldü 197 azn kartınızın sahibi siz olduğunuza dair əminliyimiz üçün, həmin 197 azn sistemdədir və heç yerə çıxılmayacaq qayıdacaqdır balansınıza siz kartınıza 197 azn məbləği yatırın bizə yazın başa salacayıq xanım;-Xanım ödəmirsiz sadəcə kartınıza yatırırsınız sonra istəsəniz çıxarada bilərsiniz 197+197=394 azn balansınız olacaqdır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan bir ədəd «Samsung» markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, həmin telefon aparatı qara rəngli, işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Baxış zamanı mobil telefonda “İnstagram” sosial şəbəkəsinin proqramının olması, eləcə də “gocgle' axtarış protalında “MostBet” oyun saytına daxil olmalar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Kamıran oğlu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə istifadəsində olan “Samsung Galaxy A71” markalı mobil telefonla “İnstagram” sosial şəbəkəsində “Unibank operatoru_Nərgiz” adlı saxta hesab yaradaraq özünə məxsus əmək haqqı kartında yaranmış problemlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi instagram hesabında paylaşılmış hekayənin şərh bölməsinə sual ünvanlamış Zərərçəkmiş şəxs2 “İnstagram” sosial şəbəkəsində şəxsi bölmədə sms yazıb özünü "xxxx" ASC-nin əməkdaşı və ASC tərəfindən onun probleminin həllinə kömək etməyə təhkim edilmiş şəxs kimi yalandan təqdim etməklə problemin həlli adı ilə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini, CVV nömrələrini və kartın bağlı olduğu mobil nömrəyə göndərilən “3 D Securty” kodunu da sonuncudan öyrəndikdən sonra 25 fevral 2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən Zərərçəkmiş şəxs2 kart hesabında olan 487,88 manat pul vəsaitini elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Ukrayna qrivnasına (UAH) dəyişərək “MostBet” idman-mərc oyunu saytında olan özünə məxsus hesab nömrəsinə gizli olaraq köçürüb ələ keçirməklə Zərərçəkmiş şəxs2 487,88 manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə istifadəsində olan “Samsung Galaxy A71” markalı mobil telefonla “İnstagram” sosial şəbəkəsində “unibank _fidan” adlı saxta hesab yaradaraq özünə məxsus “Albalı” kredit kartında yaranmış problemlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəsmi instagram hesabında paylaşılmış hekayənin şərh bölməsinə sual ünvanlamış Zərərçəkmiş şəxs1 “İnstagram” sosial şəbəkəsində şəxsi bölmədə sms yazıb özünü "xxxx" ASC-nin əməkdaşı və ASC tərəfindən onun probleminin həllinə kömək etməyə təhkim edilmiş şəxs kimi yalandan təqdim etməklə problemin həlli adı ilə Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartının 16 rəqəmli PAN nömrəsini, istifadə müddətini, CVV nömrələrini və kartın bağlı olduğu mobil nömrəyə göndərilən “3 D Securty” kodunu da sonuncudan öyrəndikdən sonra 02 aprel 2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən Zərərçəkmiş şəxs1 kart hesabında olan 197 manat pul vəsaitini elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Ukrayna qrivnasına (UAH) dəyişərək “MostBet” idman-mərc oyunu saytında olan özünə məxsus hesab nömrəsinə gizli olaraq köçürüb ələ keçirməklə Zərərçəkmiş şəxs1 197 manat maddi ziyan vurmaqla elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə təkrar oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2 və 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə təkrar talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və onlarla barışıq əldə etməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan 05 iyun 2021-ci il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan vurulmuş ziyanın ödənilməsi haqqında protokol və ərizələrdən, həmiçinin zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə ünvanlanmış teleqramlardan görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmiş, hazırda zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 449 nömrəli 28.10.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Havarlı kəndində yaşayır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Yevlax rayonunun Havarlı kəndində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin, Yevlax, Ağdaş və Bərdə rayonlarının ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə edilmiş bir ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhəri, Yevlax, Ağdaş və Bərdə rayonlarının hüdudlarını tərk etməmək, Yevlax rayonunun Havarlı kəndində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və iş materiallarına əlavə edilmiş bir ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar