Məhkəmə qərarları › İş №1(051)-167/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-167/2025

25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-167/2025 25.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda Mingəçevir şəhər, Şəfa Bağ massivi, 5-ci küçədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə-heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda yəni 0,304 ( sıfır tam mində üç yüz dörd) qram çəkidə narkotik vasitə-heroini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:41 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, R.Məmmədov küçəsində piyada hərəkət edən zaman saxlanılıb saat 17:41-dən 17:47-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda, yəni 0,304 (sıfır tam mində üç yüz dörd) qram çəkidə narkotik vasitə-heroin onun əynində olan qara rəngli şalvarının sağ yan cibindəki qızılı-ağ rəngli kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və öz müdafiəsi üçün heç bir dəlil irəli sürmədən istintaq zamanı ifadələrində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 18-19 radələrində şəhərin “Arxa yolu, svalka ərazisi” deyilən yerə getmişdir. Belə ki, o, bəzi vaxtlarda həmin əraziyə gedir, orada tut yığır. Həmin gün də o niyyətlə getmişdir. Bu zaman orada yolun kənarında, yerdə siqaretin qızılı rəngli kağız bükümünü görmüş və ona maraqlı olduğu üçün həmin bükümü yerdən götürərək, açıb içərisinə baxdıqda, kağızın içindəki kütlənin “kokos”, yəni heroinə bənzər kütlə olduğunu görmüşdür. Özü də heroindən istifadə etdiyi üçün kütlənin görünüşündən buna əmin olmuş, daha sonra özü istifadə etməsi üçün həmin bükümü şalvarının cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin gün o, tapdığı bükümün içərisində olan kütlədən istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 17:40 radələrində şəhərin Şəfa bağ massivi ilə piyada evə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi ilə əlaqədar üzərində yoxlama aparılacağını bildirmişlər. Onlar yoxlamanın videoya çəkiləcəyini və üzərində narkotik vasitə varsa, könüllü təqdim etməsini təklif etmişlər. O da bu təklifdən sonra əynində olan qara rəngli köynəyin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümün içərisində narkotik vasitə hesab olunan heroinə oxşar kütləni təqdim etmişdir. Sonra təqdim etdiyi içərisində narkoik vasitə-heroinə bənzər kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəksinin 0,43 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş heroinə bənzər kütləni xx.xx.2025-ci il tarixdə, saat 18-19 radələrində şəhərin “Arxa yolu, svalka ərazisi” deyilən ərazidən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyətinin olmadığını bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Sonra onun, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə içərisində üzərindən aşkar olunmuş içərisində heroin olan zərf videoçəkilişlə təhqiqatçıya təqdim olunmuşdur. Bu barədə protokol tərtib olunmuş və üzəri onun, vəkil və proses iştirakçıları tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır. Qeyd olunanları nəzərə alıb həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 29 may 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞnin əməkdaşı Şahid1, Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:41 radələrində Mingəçevir şəhəri R.Məmmədov küçəsində piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuşdur. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sol cibindən 1 ədəd Samsung markalı mobil telefonu və əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bir ədəd bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Təqdim edilən bir ədəd büküm açılarkən içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması aşkar olunmuş və fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin aşkar edilmiş narkotik vasitə olan heroinə oxşar kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm ilə birlikdə narkotik vasitə olan heroinə oxşar kütlənin ümumi çəkisinin 0,43 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitə olan heroinə oxşar kütlə, zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanaraq götürülmüş, bütün hərəkətlər isə video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd Samsung markalı mobil telefon tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinə oxşar kütləni tutulmazdan əvvəl xx.xx.2025-ci il tarixdə, saat 18-19 radələrində şəhərin “Arxa yolu, svalka ərazisi” deyilən ərazidən yerdən tapdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Mingəçevir şəhər polis şöbəsinin CAB-m əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Mingəçevir şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şaiq oğlu da Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət işinin 29 may 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd büküm çıxarıb təqdim etmiş, həmin büküm narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə təyin olunmuş məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 17/385 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,304 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan 31 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinə əlavə olunmuş 17 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, əvvəllər məhkumluğu olsa da, hal-hazırda onun məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,304 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroindən məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalan qalıq 0,254 qram olan narkotik vasitə-heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyidən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir Psixo-Nevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1009 №li arayışdan görünür ki, Quliyev X3 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4865 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs X2 narkoloji qeydiyyatında yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər MKTİB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 160 №li arayışdan görünür ki, Quliyev X3 şəhər, Şəfa küçəsində qeydiyyatsız yaşayır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər MKTİB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 160 №li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Birliyə qonşulardan və ictimaiyyətdən heç bir şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsini özünün etiraf etməsi, həmçinin şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilməsinə baxmayaraq yenidən cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2025-ci il tarixdən hesablanmalı, (CPM- 158.2.1), ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 25 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,254 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 71,94 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının və Mingəçevir şəhər Polis Şöbəsinin rəhbərliklərinə tapşırılsın. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar