Məhkəmə qərarları › İş №1(051)-169/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-169/2021

23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-169/2021 23.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki olaraq Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1-ci küçədə yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda küstar üsulla hazırlanmış narkotik vasitə-heroini 22.06.2021-ci il tarixdə satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki tünd boz rəngli cins şalvarının qabaq sol cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 21:40 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1-ci küçəsində yerləşən fərdi yaşayış evlərinin qarşısında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 22:15 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,217 qram və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,044 qram olan ümumilikdə cəmi 0.261 qram çəkidə narkotik vasitə heroin onun əynindəki tünd boz rəngli cins şalvarının qabaq sol cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, narkotik vasitə heroindən istifadə etmişdir. 22 iyun 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1ci küçə ilə şəhər istiqamətində piyada hərəkət edən zaman yolun sağ kənarında 1 ədəd siqaret qutusu görüb dayanmışdır. Həmin qutunu yerdən götürərək açıb içərisinə baxanda içərisində 2 (iki) ədəd kağıza bükülmüş bükümlərdə olan narkotik vasitə olan heroin olmasını anlamışdır. O, heroindən istifadə etdiyinə görə bükülülərin içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və bükülüləri özü ilə götürmüşdür. İçərisində narkotik vasitə heroin olan bükülülərdən istifadə etməyə fürsət tapmamış, həmin narkotik vasitəni daha sonra istifadə etmək məqsədi ilə əyninə geyindiyi tünd boz rəngli cins şalvarın qabaq sol cibinə qoyaraq gizlətmişdir. 22.06.2021-ci il tarixdə saat 21:40 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1-ci küçədə yerləşən fərdi yaşayış evlərinin yanında gəzişən zaman tapdığı narkotik vasitə olan heroinlər də üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə getmişdir. Polis şöbəsində ona müdafiəçi təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində 22.06.2021-ci il tarixdə saat 22:15 radələrində vəkilin iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış apanlmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub- olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd «VİCEROY» markalı siqaret, sağ qabaq cibindən 1 ədəd konfet, bir ədəd üzərinə nömrə yazılmış kağız parçası, sol qabaq cibindən isə 1 ədəd gümüşü ağ və 1 ədəd ağ rəngli kağız bükümlərdə, içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlələr polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümlərin içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlələr olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd heroin kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, kütlələrin ayrı-ayrılıqda çəkiləri 0,39 ( sıfır tam yüzdə otuz doqquz) və 0.17 (sıfır tam yüzdə on yeddi) qram olmuşdur. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirilmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 22 iyun 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyataxtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 22.06.2021-ci il tarixdə saat 21:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Cahangir Xanikişiyevlə birlikdə keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1-ci küçəsində yerləşən fərdi yaşayış evlərinin qarşısında piyada hərəkətdə olmasını görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-yə aparmışlar. Polis şöbəsinə vəkil X3 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd «VİCEROY» markalı siqaret, sağ qabaq cibindən 1 ədəd konfet, bir ədəd üzərinə nömrə yazılmış kağız parçası, sol qabaq cibindən isə 1 ədəd gümüşü-ağ və 1 ədəd ağ rəngli kağız bükümlərdə içərisində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli kütlələr aşkar olunmuşdur. Aşkar edilən kağız bükümlərin içərisi nəzərdən keçirilərkən içərisindəki kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlələrin elektron tərəzidə çəkisi ölçülmüş, ayrı-ayrılıqda çəkiləri 0,39 ( sıfır tam yüzdə otuz doqquz) və 0.17 (sıfır tam yüzdə on yeddi) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş, zərfə qoyularaq qablaşdırmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmişdir. Zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü və prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 (iki) ədəd bükümdəki kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 22 iyun 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1ci küçə ilə şəhər istiqamətində getmək üçün təkbaşına piyada hərəkət edən zaman yolun sağ kənarından taparaq əynindəki tünd boz rəngli cins şalvarın qabaq sol cibinə qoyub gizlədərək üstündə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 22 iyun 2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd «VİCEROY» markalı siqaret, qağ qabaq cibindən 1 ədəd konfet, bir ədəd üzərinə nömrə yazılmış kağız parçası, sol qabaq cibindən isə 1 ədəd gümüşü-ağ və 1 ədəd ağ rəngli kağız bükümlərdə içərilərində tünd qəhvəyi rəngdə, toz şəklində, spesifik iyli, ayrı- ayrılıqda çəkiləri 0,39 ( sıfır tam yüzdə otuz doqquz) və 0.17 (sıfır tam yüzdə on yeddi) qram çəkilərdə olan narkotik vasitə - heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli 17/461 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ....kütlə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0.217 qram və 0,044 qram, ümumi təmiz çəkiləri 0,261 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir.Tədqiqata təqdim edilmiş heroinlər tərkiblərinə görə eynidirlər. Heroinlərin ümumi təmiz çəkisi 0,261 qram, tədqiqata sərf edildi 0,07 qram, qalıq 0,191 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 31 avqust 2021-ci il tarixli 1013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 09 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd gümüşü-ağ rəngli və 1 ədəd ağ rəngli kağız bükümlərdə, ilkin xalis çəkisi 0,261 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə - heroindən məhkəmə-kimyəvi ekpertizası tədqiqatına 0,07 qram sərf edildikdən sonra qalan qalıq 0,191 qram olan narkotik vasitə - heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin sübutların saxlancı otağına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 29 iyun 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci və 221.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 may 2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün azad edilmiş, Bakı Şəhər, Səbail Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli qərarı ilə 11 may 2017-ci il tarixli hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,217 qram və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,044 qram olan ümumilikdə cəmi 0.261 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini üzərində saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,217 qram və 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,044 qram olan ümumilikdə cəmi 0.261 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə-heroini 22.06.2021-ci il tarixdə satış məqsədi olmadan üzərində gəzdirərək əynindəki tünd boz rəngli cins şalvarının qabaq sol cibində gizlədib saxlayaraq daşımış və həmin gün saat 21:40 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 1-ci küçəsində yerləşən fərdi yaşayış evlərinin qarşısında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 22:15 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynindəki tünd boz rəngli cins şalvarının qabaq sol cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmədə, saxlamada və daşımada ifadə olunmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən törədilən hüquqazidd, cəzalanmalı əməldir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi halda, yenidən cinayət əməli törətmişdir. Baxmayaraq ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş, lakin cəzanın çəkilməsindən sonra da onun cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edən neqativ kriminal xarakter formalaşmışdır. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 iyun 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutularaq, cəmi 03 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, məhkəmə-kimyəvi ekpertizası tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,191 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 69 manat 10 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,191 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar