Məhkəmə qərarları › İş №1(051)-17/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-17/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-17/2022 15.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs oğlunun və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Bağbanlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 28.08.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında istintaqa məlum olmayan tanışından 100 manat məbləğində pul alıb, həmin pulu digər tanışı Zərərçəkmiş şəxs borc qismində verdikdən sonra, sonuncu ondan aldığı 100 manat məbləğində pulu 25.08.2021-ci il tarixdə qaytarmasına baxmayaraq, pulun gec qaytarılması ilə əlaqədar aralarındakı razılaşmaya əsasən, əlavə olaraq verməli olduğu 15 manat məbləğdə pulu vermədiyinə, habelə pulun qaytarılmasını təmin etməkdən ötrü əvvəlcədən ona verdiyi təqaüd kartının nəğdləşdirmə funksiyasını bağladığına görə 25 avqust 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 64 və 66 saylı binaların yaxınlığında Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəlcə başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə zərbə vuraraq onu yerə yıxmış, sonra əl və ayaq zərbələri, habelə üzərində gəzdirdiyi istintaqa məlum olmayan kəsici alətlə Zərərçəkmiş şəxs təpə nahiyəsinə zərbələr endirməklə ona təpə nahiyəsinin hematoması dərəcəsi təyin edilməyən, habelə burun sümüyünün sınığı, təpə nahiyəsində kəsici alətin təsirindən əmələ gəlməyə xarakterik iki ədəd yaranın əmələ gəlməsi ilə nəticələnən və hər biri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən cinayət əməlinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 10 il əvvəl şəhər sakini kimi tanımış, Elvinlə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Təxminən 16 avqust 2021-ci il tarixdə Elvinlə şəhər ərazisində olan zaman Elvin 100 manat pula ehtiyacı olduğunu və ona borc olaraq 100 manat pul tapmasını xahiş etmişdir. O, Elvindən 100 manat pulu avqustun 20-nə kimi qaytara bilib-bilməyəcəyini soruşduqda, Elvin avqustun 25-nə kimi həmin pulu qaytara biləcəyini, əgər qaytara bilməsə 130 manatlıq təqaüd kartını ona verəcəyini, təqaüdün hər ayın 25-nə kimi karta köçürüldüyünü demişdir. Bundan sonra o, bir neçə şəxslə maraqlandıqdan sonra nəhayət, borca 100 manat pul tapıb Zərərçəkmiş şəxs vermiş, Elvin isə pulu ödəyə bilməyəcəyi təqdirdə özünə məxsus təqaüd kartından pul çıxarıb borcu ödəyə biləcəyini deyib, təqaüd kartını ona vermişdir. 20 avqust 2021-ci il tarixdə Elvin həmin pulu qaytarmadıqdan sonra o, Elvinin verdiyi kartı başqa bir şəxsə verib 100 manat pul götürməklə ilk dəfə götürdüyü borcu qaytarmışdır. Avqust ayının 25-də həmin kartı verdiyi şəxs ona kartın bağlı olduğunu və pul çıxara bilmədiyini demişdir. O da Elvinə zəng edib kartın bağlı olduğunu demiş və borc aldığı şəxsin pulunun mütləq verməli olduğunu demişdir. Elvin ona kartın bağlı olmadığını dedikdə, məsələyə aydınlıq gətirmək üçün Elvini Mingəçevir şəhəri 6 saylı orta məktəbin yaxınlığına çağırmışdır. Elvinlə 6 saylı orta məktəbin yaxınlığında görüşən zaman Elvin ondan borc götürdüyü 100 manat pulu ona qaytarmışdır. O, Elvindən pulu götürüb borc aldığı şəxsə vermiş, kartı götürüb Elvinə gətirən zaman kartın həqiqətən də bağlı olub-olmadığını yoxladıqda həqiqətən də kartın bağlı olduğunu görüb Elvinə zəng edib onu görüşə çağırmışdır. Bundan sonra 25.08.2021-ci il tarixdə təxminən saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 64 saylı binanın yaxınlığında Elvinlə görüşmüş və nə üçün ona vermiş olduğu kartın nəğdləşdirmə funksiyasını bağlatdırdığını, onu pis vəziyyətdə qoyduğunu ondan soruşmuşdur. Həmin vaxt Elvin onunla bir qədər kobud danışmağa başlamışdır. Ona görə də əsəbiləşib, aralarında yaranmış mübahisə zamanı əvvəlcə əli ilə bir dəfə, sonra isə Elvin üzərinə gəldikdə başı ilə onun sifət nahiyəsindən bir dəfə zərbə endirmiş, zərbənin təsirindən Elvin yerə yıxılmış və başı yerə dəyərək qanamağa başlamışdır. Bundan sonra o, ayağı ilə Elvinin baş nahiyəsinə təxminən 3-4 dəfə təpik zərbəsi endirmişdir. Hadisə baş verən zaman ətrafda bir neçə şəxs toplaşmış, həmin şəxslərdən biri də onun tanışı Emin olmuşdur ki, sonuncu da onları ayırmışdır. Hadisə təxminən 5-6 dəqiqə ərzində davam etmişdir. Elvinin başında qan izlərinin olduğunu görüb, onları yuyaraq ona kömək etmək istəmiş, lakin Elvin oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmin vaxt tanışı Şahid2 Zərərçəkmiş şəxs zərbələr endirməmiş, əksinə Şahid2 onlar dalaşan zaman onları ayırmışdır. O, Zərərçəkmiş şəxs baş nahiyəsinə dəstəyi tünd-qırmızı, qəhvəyi rəngli, açılıb qatlanan bıçaqla deyil, başı, əli və ayağı ilə zərbə vuraraq xəsarət yetirmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə almaqla ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 10 il bundan əvvəl münasibəti yaranmışdır. Bundan əvvəl də bir neçə dəfə Ziyaddan borc almış, Ziyad da ondan borc almışdır. Onun Ziyadla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. O, şəxsi işi ilə əlaqədar olaraq 2021-ci ilin avqust ayının ortalarında Ziyaddan 100 manat borc istəmiş, Ziyad da ona 100 manat borc pul təşkil etmişdir. Bundan sonra o, özünə məxsus ayda 130 manat aldığı təqaüd kartını Ziyada vermişdir. 25 avqust 2021-ci il tarixdə Ziyad onu görüşə çağırmış və ona vermiş olduğu 100 manat pulu istəmişdir. O da həmin gün saat 15 radələrində Mingəçevir şəhər 6 saylı tam orta məktəbin yaxınlığında Ziyad və Eminlə görüşmüşdür. O, 100 manat pulu Ziyada vermiş və Ziyada vermiş olduğu təqaüd kartını ondan geri istəmişdir. Ziyad isə kartı verəcəyini demişdir. Təxminən saat 17 radələrində Ziyad ona zəng edərək onu yenidən görüşə çağırmışdır. Həmin vaxt o, diş poliklinikasında olmuş və Ziyada görüş təyin olunan yerə gələcəyini demişdir. Bir qədər sonra Ziyadla Mingəçevir şəhəri, H.Əliyev prospekti 64 və 66 saylı binaların arasında görüşdükdə, sonuncunun tanışı Emin adlı şəxsin də Ziyadın yanında olduğunu görmüşdür. O, Ziyaddan kartını tələb etdikdə, Ziyad ona əlavə 15 manat da pul verməli oduğunu demişdir. Buna cavab olaraq Ziyada üzərində cəmisi 2 manat məbləğdə pul olduğunu, çatmayan pulu Ziyadın özü tərəfindən onun yerinə borc götürdüyü şəxsə verməsini, həmin pulu bir müddət sonra düzəldib ona qaytaracağını bildirmişdir. Lakin Ziyad ona belə hörmətin düşmədiyini deyərək, əli ilə onun sifət nahiyəsindən vurmuşdur. Lakin sonradan ona Eminin yoxsa Ziyadın zərbə vurmasını bilmir, amma zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Eminlə Ziyad onun üzərinə gələrək ona əl və ayaqla zərbə endirməyə başlamışlar. Həmçinin Ziyad üzərində gəzdirdiyi bıçağı çıxararaq onun üzərinə gəlmiş və xatırladığı qədəri ilə həmin bıçaqla təpə nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur. Həmçinin ona qarşı nalayiq ifadələr işlətmişlər. O isə Ziyad və Eminə heç bir zərbə vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1 ifadəsində göstərdi ki, 25.08.2021-ci il tarixdə saat 14 radələrində oğlu Zərərçəkmiş şəxs ona yaxınlaşaraq tanışından Bakı şəhərində avtomobil üçün ehtiyat hissələri almaq üçün 100 manat borc aldığını, həmin borcu həmin gün qaytarmalı olduğunu bildirmişdir. O da oğlu tərəfindən borclu olduğu 100 manatı borc sahibinə qaytarması üçün oğlu Elvinə 100 manat məbləğdə pul vermişdir. Elvin həmin pulu Ziyada qaytarmış, həmin tarixdə təxminən saat 17 radələrində Elvin ilə tanışı şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid2 arasında mübahisənin yarandığını və mübahisə zamanı Ziyad və Emin adlı şəxslərin oğlu Elvinin müxtəlif bədən nahiyələrinə vuraraq xəsarət yetirmələri haqqında məlumatı olmuşdur. Belə ki, Elvin Ziyaddan almış olduğu 100 manat pulu qaytaran zaman Ziyad Elvindən əlavə 15 manat da pul istəmiş, Elvin isə həmin pulu verməkdən imtina etdikdən sonra onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı həm Ziyad, həm də Emin oğluna zərbələr endirərək ona müxtəlif bədən xəsarətləri yetirmişlər. Bundan sonra isə onun həmin mübahisə baş verən ərazidə yaşayan tanışı Şahid3 da həmin mübahisəni görərək qışqırmış, sonra həmin əraziyə başqa şəxslərin də toplaşdığını və yalnız bundan sonra Ziyad və Emin adlı şəxslərin oradan uzaqlaşdığını bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs məxsus təqaüd kartı Təqsirləndirilən şəxs qalmış, həmin hadisədən sonra təqaüd kartını dəyişdirdiklərindən, kartla bağlı heç bir narazlıq yaranmamışdır. Lakin hadisədən sonra oğlu təqsirləndirilən şəxsi bağışlayaraq onunla barışmışdır. Hazırda ondan heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onların heç biri ilə düşmənçiliyi və ya ədavəti yoxdur. 25.08.2021 -ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman küçədən səs-küy eşitmişdir. Həmin vaxt tərəflərdən biri digərindən 15 manat pul tələb etmiş, digəri isə pulu verdiyini, belə danışmadıqlarını bildirmişdir. Sonra səs-küy daha da artmış və o, dəmir barmaqlıqlarla əhatə olunmuş pəncərəsindən çölə boylanaraq çöldə olan şəxslərə dalaşmamalarını bildirmişdir. Həmin şəxslərdən biri yerə yıxılmış, digər iki şəxs isə yumruq və təpiklə onu vurmuşlar. Lakin həmin şəxslərin əlində bıçaq yaxud digər bir əşya olmasını görməmişdir. Həmin vaxt onlar arasında olan mübahisəyə yaxınlıqda işləyən satıcı şəxslər də toplaşmışlar. O, həmin şəxslərə polis çağıracağını dedikdən sonra onlar aralaşmışlar. Sonradan adını bildiyi tanışı Vilayətin oğlu Elvin qanı axan vəziyyətdə durub getmişdir. Daha sonra isə onlar arasında olan məsələnin hansı şəkildə həll olunmasından məlumatı olmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, tanıyır, onunla münasibəti yaxşıdır. Elvini isə təxminən 3 il olar tanıyır, Elvinlə də münasibəti yaxşı olmuşdur. 25.08.2021-ci il tarixdə təxminən saat 15 radələrində dostu Təqsirləndirilən şəxsla görüşmək üçün 6 saylı məktəbin qarşısına getmişdir. Həmin vaxt Ziyadın yanına gəldikdə Ziyadın əvvəllər tanıdığı Elvin adlı şəxslə söhbət etdiyini görüb onlara yaxınlaşmışdır. Söhbətin nə barədə getməsi barədə Ziyaddan heç nə soruşmamışdır. Sonra Elvin sağollaşaraq getmişdir. Ziyad ona Qobustanda dustaq olan qardaşı Pərviz üçün bazarlıq etdiyini və həmin gün qardaşına baş çəkməyə gedəcəyini bildirmişdir. Ziyadla o, sağollaşaraq ayrılmışlar. Siqaret almaq üçün o, “Kolxoz bazar’ının yaxınlığında “Fərid market’ə getmişdir. Siqareti alıb gəldiyi yol ilə geri qayıdarkən şəhərin H.Əliyev prospekti 64 saylı binanın yaxınlığında yerləşən gözəllik salonunun arxasında Ziyadla Elvinin səsini eşitmişdir. Gözəllik salonunun arxasına keçdikdə, Ziyadla Elvinin mübahisə etdiyini görüb, onlara yaxınlaşmış, həmin anda Ziyadın başı ilə Elvinin sifət nahiyəsinə zərbə vurduğunun şahidi olmuşdur. Elvin arxaya gedərək yerə yıxılmış və yıxılan zaman Elvinin başından qan açılmışdır. Həmin an o, əyilərək Elvinə yaxınlaşmış və Elvini yerdən qaldırmaq istəyərkən Elvin onun üzərində olan qəhvəyi rəngli çantasından iki əli ilə tutaraq ona güc gəlməyə başlamışdır. Həmin vaxt çantanı buraxması üçün Elvinə müqavimət göstərmişdir. Elvin Ziyadın ona yenidən xəsarət yetirməsinin qarşısını almaq üçün ayağından yapışmış, o isə Ziyadı Elvindən ayırmışdır. Bundan sonra Elvin ayağa qalxıb yerə düşmüş eynəyini götürərək oradan çıxıb getmişdir. Elvinin baş nahiyəsindən qan axdığı üçün əl-üzünü yumağı təklif edərək Ziyadla həmin yeri tərk etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, iş materiallarında olan 25.08.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 25.08.2021-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs döyüb xəsarət yetirdiyi yer Mingəçevir şəhəri H.Əliyev prospekti 64 və 66 saylı binaların yaxınlığında yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə– Tibbi Ekspertiza və X2 Mingəçevir şəhər Şöbəsinin 25.08.2021–ci il tarixli 549 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər-təpə nahiyəsində yaralar kəsici əşyanın təsirindən, təpə nahiyəsində hematoma, burun sümüyünün qapalı sınığı, sol bazuda sıyrıqlar bərk-küt əşyanın (alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən 25.08.2021 -ci il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə təpə nahiyəsində olan iki ədəd yaralardan hər biri ayrı- ayrılıqda sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Burun sümüyünün sınığı sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Təpə nahiyyəsində hematoma və sol bazuda sıyrıqlar sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İş materiallarında olan 29.08.2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, H.Əliyev prospekti 64 saylı binanın aşağısında yerləşən “Aristokrat” geyim mağazasında quraşdırılmış və hadisə baş verən anı qeydə alan videogörüntülərə baxış keçirilmiş və Zərərçəkmiş şəxs ilə tanışları Şahid2 və Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs və Şahid2 Zərərçəkmiş şəxs müxtəlif zərbələr endirmişlər və zərbənin təsirindən Elvin Mirzəyev yerə yıxılır, ətrafdan başqa şəxslər həmin əraziyə yığıldıqdan sonra onların mübahisəsi dayanır. İş materiallarında olan 24.09.2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs adından ona verilmiş etibarnamə və Zərərçəkmiş şəxs hərbi xidmət dövründə aldığı xəsarətləri əks etdirən sənədlər iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 18.10.2021-ci il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, təqsirləndirilən şəxs Mirzəyev X1 şəhəri, H.Əliyev prospekti 64 və 66 saylı binaların arasında Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin baş verdiyi yeri, Zərərçəkmiş şəxs zərbə endirdikdən sonra onun yerə yıxıldığı yeri və o, yıxıldıqdan sonra yenidən ona zərbələr endirdiyi yeri göstərmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsə nümayəndə təyin edilməsi barədə 24.09.2021-ci il tarixli qərarddan görünür ki, Şahid1 Zərərçəkmiş şəxs nümayəndəsi təyin edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 21.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 182.1, 221.2.1, 221.3 və 228.4 –cü maddələri, Şahid2 barəsində isə CM-in 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Bununla belə Şahid2 barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında istintaqa məlum olmayan tanışından 100 manat məbləğində pul alıb, həmin pulu digər tanışı Zərərçəkmiş şəxs borc qismində verdikdən sonra, sonuncu ondan aldığı 100 manat məbləğində pulu 25.08.2021-ci il tarixdə qaytarmasına baxmayaraq, pulun gec qaytarılması ilə əlaqədar aralarındakı razılaşmaya əsasən əlavə olaraq verməli olduğu 15 manat məbləğdə pulu vermədiyinə, habelə pulun qaytarılmasını təmin etməkdən ötrü əvvəlcədən ona verdiyi təqaüd kartının nəğdləşdirmə funksiyasını bağladığına görə 25 avqust 2021-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 64 və 66 saylı binaların yaxınlığında Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əvvəlcə başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsinə zərbə vuraraq onu yerə yıxmış, sonra əl və ayaq zərbələri ilə, habelə üzərində gəzdirdiyi istintaqa məlum olmayan kəsici alətlə Zərərçəkmiş şəxs təpə nahiyəsinə zərbələr endirməklə ona təpə nahiyəsinin hematoması dərəcəsi təyin edilməyən, habelə burun sümüyünün sınığı, təpə nahiyəsində kəsici alətin təsirindən əmələ gəlməyə xarakterik iki ədəd yaranın əmələ gəlməsi ilə nəticələnən və hər biri ayrı-ayrılıqda Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128–ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayəti 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının qüvvəyə mindiyi vaxtdan əvvəl törətməsinə baxmayaraq, onun barəsində amnistiya tətbiq edilməsini istisna edən hallar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 14.04.2014-cü il tarixli hökmü ilə AR CM-nin 127.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə məhkum edildiyi azadlıqdan məhrumetmə cəzasından AR Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya Qərarının 1.2-ci bəndinə əsasən, cəzaçəkmə müəssisəsindən cəzadan azad edilmişdir. Belə olan halda onun əməli amnistiya aktının tətbiq edilməsinə dair dair nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşür. Belə ki, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 11.6-cı bəndinə əsasən bu Qərarın 1-ci, 3-cü, 6-cı və 8-ci hissələri, 9.1-ci bəndi və 9.2.1-ci yarımbəndi 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər barəsində tətbiq edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 06.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Mirzəyev X1 Şəhər Məhkəməsinin 14.04.2014-cü il tarixli hökmü ilə AR CM-nin 127.1-ci və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və AR Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya Qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilərək cəzadan azad edilsə də, yenidən qəsdən cinayət əməli törətmişdir. Belə olan halda onun barəsində yenidən amnistiya aktı tətbiq edilməsi, 8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 11.6-cı bəndi ilə məhdudlaşdırılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs hazırda zərərçəkmiş şəxslə barışsa da, onun cinayət məsuliyyətindən azad olunmasını istisna edən hallar mövcuddur. Belə ki, AR CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ilk dəfə törətmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 06.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də, AR CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etsə də, onun barəsində AR CM-nin 73-cü maddəsi tətbiq edilə bilməz. Belə ki, AR CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterixə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İşdə olan zərəçəkmiş şəxsin nümayəndəsi Şahid1 Məhəmməd oğlu tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ondan şikayəti və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir Şəhər Bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu Dövlətqaçqınkomunun Mingəçevir şəhər nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin islah işləri növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 26.08.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28.08.2021-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş islah işləri cəzası həbsdə saxlamanın 1 günü islah işləri cəzasının 4 gününə bərabər tutularaq, cəmi 12 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq islah işləri cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də,məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 150 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdən 28.08.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasına bir günə dörd gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 5 (beş) ay 18 (on səkkiz) gün müddətə islah işləri cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 150 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar