Məhkəmə qərarları › İş №1(051)-171/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-171/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-171/2021 12.11.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Mingəçevir şəhər vəkil bürosunun vəkili X3 iştirakı ilə xx xxx 1965-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində 19 iyun 2021-ci il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 456,83 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən fəaliyyətini dayandırmış qum-çmqıl karxanasının ərazisinə gətirmiş, həmin narkotik vasitənin 440 qram olan hissəsini bir ədəd 3 litrlik şüşə balonun içərisində həmin karxananın ərazisində mişar daşlarının arasında torpağı qazaraq basdırıb gizlətməklə saxlamış, əldə etdiyi həmin narkotik vasitə - qurudulmuş marixuananın 16,83 qram hissəsini isə bir ədəd qırmızı rəngli sellofan bükümünə bükərək əynindəki boz rəngli şalvarın sol arxa cibində saxlayaraq, özü ilə daşımış, 18.06.2021-ci il tarixdə saat 00:20 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, o, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “MRT” inşaat mallarının satışı mağazasının yaxınlığında saxlanılıb həmin tarixdə saat 01 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti, 37/13 №-li ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd qırmızı rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 16,83 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki boz rəngli cins şalvarın sol arxa cibindən, Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən fəaliyyətini dayandırmış qumçınqıl karxanasının ərazisinə baxış keçirilərkən həmin karxananın ərazisində mişar daşlarının arasında torpağa basdırılmış 440 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan uzun müddətdir ki, istifadə edir. 13-14 iyun 2021-ci il tarixdə iş axtarmaq üçün Ağdaş rayonu, Cücük kəndi ərazisinə getmiş, iş tapa bilmədiyi üçün Mingəçevir şəhərinə qayıtmışdır. Piyada gələn zaman Cücük kəndinin ərazisində xeyli sayda yabanı halda bitən çətənə kollarının olmasını görmüş və onları spesifik iyindən və xarici görünüşündən tanımışdır. Həmin çətənə kollarının yarpaqlarını yığıb qurutmaqla şəxsi istifadəsi üçün saxlamaq qərarına gəlmiş və onlardan yığaraq Mingəçevir şəhərinə gətirmişdir. Mingəçevir şəhərində yaşadığı ünvanda həmin çətənə kollarını qurutmuş, lakin bu haqda heç kimə məlumat verməmişdir. Eyni zamanda evində həmin kütləni saxlamaqdan qorxduğu üçün onu 3 litrlik şüşə balonun içərisinə yığıb Mingəçevir şəhəri Gəncə şossesində yerləşən fəaliyyətini dayandırmış köhnə qum-çınqıl karxanasının ərazinə torpağı qazaraq basdırmışdır. Lakin həmin balonu basdırmazdan əvvəl həmin narkotik vasitədən şəxsi istifadəsi üçün bir qədər 1 ədəd qırmızı rəngli sellofan torbaya yığıb əynindəki boz rəngli şalvarın sol arxa cibinə qoymuşdur. 18 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində yerləşən MRT inşaat mallarının satışı mağazasının yaxınlığında piyada gəzən zaman həmin narkotik vasitə qurudulmuş marixuana olan kütlə də üzərində olmuşdur və həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Müdafiəçi ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sol arxa cibindən içərisində marixuana olan 1 ədəd qırmızı rəngli sellofan torbada olan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bükümdə olan kütlə rəngindən və spesifik iyindən narkotik vasitə olan marixuana olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və ağ kağız bükümün ümümi çəkisi 27,06 qram olmuşdur. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Mingəçevir şəhər Gəncə şossesində qum-çınqıl karxanasının ərazisinə getmiş və təxminən bir neçə gün əvvəl basdıraraq gizlətdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 3 litrlik balonu təqdim etmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş 3 litrlik balon elektron tərəzidə çəkilmiş və balonun ümümi çəkisi 1.400 qram olmuşdur. Həmin qurudulmuş marixuananı satmaq məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.06.2021-ci il tarixdə saat 01 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “MRT” inşaat mallarının satışı mağazasının yaxınlığında görüb polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Pərəstişi X4 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil Müdafiəçi dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol arxa cibindən içərisində marixuana olan qırmızı rəngli sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin qırmızı rəngli sellofan büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki boz rəngli şalvarın sol arxa cibindən qırmızı rəngli sellofan bükümün içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin kağıza bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan həmin büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 27,06 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd qırmızı rəngli sellofana bükülmüş bükümdə olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni təxminən 4-5 gün əvvəl Ağdaş rayonu, Cücük kəndinin ərazisindən çətənə (kannabis) bitkisini yığıb qurutmaqla əldə etdiyini, həmin kütləni 3 litrlik tutumu olan balonun içərisinə yığaraq Mingəçevir şəhəri, Gəncə şossesində fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisində torpağı qazıb basdırmaqla gizlətdiyini, həmin vaxt balondan bir qədər şəxsi istifadəsi üçün götürərək qırmızı rəngli sellofana büküb əynindəki boz rəngli şalvarın cibinə qoyduğunu, təxminən saat 01 radələrində yaşadığı Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “MRT” tikinti materiallarının satışı mağazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu bildirmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs Ağdaş rayonu, Cücük kəndi ərazisindən çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyi narkotik vasitə hesab edilən qudurulmuş marixuananı Mingəçevir şəhəri Gəncə şossesində yerləşən qum-çınqıl karxanasının ərazisində gizlədərək saxladığını bildirmişdir. Həmin əraziyə Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2, onun və vəkil Müdafiəçi iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Gəncə şossesində fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisində yeri qazmaqla içərəsində qurudulmuş marixuana olan 3 litrlik tutumu olan balonu basdırdığı və üzərini də mişar daşları ilə bağladığı yeri göstərək, balonun içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim olunmuş həmin 01 ədəd 3 litrlik tutumu olan balon Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 1 ədəd balonun içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin balonda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi isə 1.400 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Pərəstişi X4 şəhəri Gəncə şossesində fəaliyyətini dayandırmış qum- çınqıl karxanasının ərazisindən aşkar edilib götürülmüş bir ədəd 3 litrlik balonda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni təxminən 4-5 gün əvvəl Ağdaş rayonu, Cücük kəndində olan zaman orada çətənə bitkisinin olduğunu görüb və onu yığıb qurutmaqla istifadə etmək məqsədilə narkotik vasitə olan qurudulmuş marixuana əldə etmək üçün çətənə bitkisini yığdığını, onları qurudaraq Mingəçevir şəhəri Gəncə şossesində fəaliyyətini dayandırmış qum-çınqıl karxanasının ərazisində gizlədərək saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 18 iyun 2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan boz rəngli şalvarın sol arxa cibindən bir ədəd qırmızı rəngli selofan bükümün içərisində çəkisi 27,06 qram narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan 18 iyun 2021-ci il tarixli “baxış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən fəaliyyətini dayandırmış qum-çınqıl karxansının ərazinə baxış keçirilən zaman karxananın ərazisində mişar daşlarının arasına basdırdığı 3 litrlik tutumu olan balonda balonla birlikdə ümumi çəkisi 1.400 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə -bioloji ekspertizasının 18 iyun 2021ci il tarixli 17/443 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qırmızı rəngli sellofan bükümdə təmiz çəkisi - 16,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “ Təqsirləndirilən şəxs basdırdığı 3 litrlik şüşə balonun içərisində olan narkotik vasitəyə bənzər....” sözləri və imzalar yazılmış 01 ədəd (bir) sellofan torbanın içərisindəki 01 (bir) ədəd şüşə balonda təmiz çəkisi 440,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdiqata təqdim olunmuş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd şüşə balonda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 09 sentyabr 2021-ci il tarixli 1071 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 14 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və Mingəçevir şəhəri Gəncə şossesində fəaliyyətni dayandırmış qum-çınqıl karxanasının ərazisindən aşkar olunaraq götürülmüş ekspertizalardan sonra ümumi təmiz qalıq çəkisi 456,73 qram narkotik vasitə olan - qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 26 iyun 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Pərəstişi X4 Şəhər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuananı” əldə edib bir hissəsini basdıraraq gizlətmiş, digər hissəsini isə üzərində saxlamaqla və daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 456,83 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı özü ilə daşıyaraq Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən fəaliyyətini dayandırmış qumçmqıl karxanasının ərazisinə gətirmiş, həmin narkotik vasitənin 440 qram olan hissəsini bir ədəd 3 litrlik şüşə balonun içərisində həmin karxananın ərazisində mişar daşlarının arasında torpağı qazaraq basdırıb gizlətməklə saxlamış, əldə etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananın 16,83 qram hissəsini isə bir ədəd qırmızı rəngli sellofan bükümünə bükərək əynindəki boz rəngli şalvarın sol arxa cibində saxlayaraq, özü ilə daşımış, 18.06.2021-ci il tarixdə saat 00:20 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən “MRT” inşaat mallarının satışı mağazasının yaxınlığında saxlanılıb həmin tarixdə saat 01 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd qırmızı rəngli sellofan bükümünün içərisində təmiz çəkisi 16,83 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana onun əynindəki boz rəngli cins şalvarın sol arxa cibindən, Mingəçevir şəhər Gəncə şossesində yerləşən fəaliyyətini dayandırmış qum- çınqıl karxanasının ərazisinə baxış keçirilərkən həmin karxananın ərazisində mişar daşlarının arasında torpağa basdırılmış 440 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmədə, saxlamada və daşımada ifadə olunmaqla, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qəsdən törədilən hüquqazidd, cəzalanmalı əməldir. Təqsirləndirilən şəxs əvvəllər, yəni 27 iyul 2016-cı il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə narkomaniyadan məcburi müalicə olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi halda, yenidən eyni cinayət əməlini törətmişdir. Baxmayaraq ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş, lakin cəzanın çəkilməsindən sonra da onun cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edən neqativ kriminal xarakter formalaşmışdır. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan 19 iyun 2021-ci il tarixli “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 iyun 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 456,73 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 manat 55 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 456,73 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar