Məhkəmə qərarları › İş №1(051)-173/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-173/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-173/2021 12.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə X1 barəsində Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 tərəfindən X1 barəsində Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X6 şikayət ərizəsində göstərmişdir ki, X3 30 iyun 2021-ci il tarixdə “Facebook” sosial şəbəkəsindəki profilində “Baxın bu fotoda gördüyünüz 3 insan əslində Ramil Hasanın yox, balasından ayrılmamaq üçün ölənə qədər mübarizə aparacaq bir ananın üstünə düşüblər” sözləri ilə başlayan yazı yerləşdirmişdir. Həmin yazıda xüsusi ittihamçının şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yaymışdır. Belə ki, barəsində şikayət verilən şəxs xüsusi ittihamçının barəsində yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları “Facebook” sosial şəbəkə hesabında yaymaqla ona böhtan atmış, təqsirsizlik prezumpsiyasını pozaraq onu CM-nin 193-1, 228 və 312.2-ci maddələrində nəzərdə tutulmuş ağır cinayətlər törətməkdə ittiham etmişdir. O, tanınmış iş adamıdır və X3 tərəfindən sosial şəbəkə hesabında onun barəsində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən məlumatların yayılması və ona böhtan atılması onun nüfuzuna xələl gətirir. Odur ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Barəsində şikayət verilmiş X2 da məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyinə görə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmir Məhkəmə işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəməbu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. İş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə xüsusi ittihamçıya 05.10.2021-ci il, 28.09.2021-ci il və 12.10.2021-ci il tarixlərdə keçirilmiş məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Odur ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 302-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti əsasında X1 barəsində Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar