Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-175/2025 19.11.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, təmiz çəkisi 0,343 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:20-də Mingəçevir ŞPŞ-nin NMQ-nun və ƏRQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi 9-cu küçənin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və saxlandığı yerdə həmin tarixdə həmin ünvanda saat 17:22-dən 17:28-dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə psixotrop maddə-metamfetamin əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən şəhərin ümumi məişət tullantılarının atıldığı (Svalka deyilən ərazidə) ərazidə piyada kərəkət edən zaman yerdə 1 ədəd gümüşü-ağ rəngli kağız büküm görüb götürmüşdür. Açıb baxdıqda həmin bükümün içərisindəkinin patı, yəni psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Çünki, özü də psixotrop maddələrdən istifadə edir. Tapdığı kağız bükümdə olan psixotrop maddə metamfetamini əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2025-ci il tarixdə saat 17:20-də Mingəçevir şəhəri Şəfa bağ massivi 9-cu küçənin yaxınlığı ilə piyada hərəkət edərkən tapdığı psixotrop maddə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib, onun üzərinə yoxlanış keçirəcəklərini bildirmişlər. O da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə yoxlanış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə yoxlanış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynində olan açıq mavi rəngli cins şalvarın sol arxa cibindən 1- ədəd “Redmi” markalı mobil telefon, sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində psixotrop maddə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və gümüşü-ağ rəngli kağız bükümü ilə birlikdə ümumi çəkisi 0,55 qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin gümüşü-ağ rəngli kağız bükümü onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə yoxlanış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025- ci il tarixdə saat 17:20-də Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid3 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa bağ massivi 9-cu küçənin yaxınlığında piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onun üzərinə öz razılığı ilə yoxlanış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə yoxlanış keçirilməsinə etiraz etməmişdir. Yoxlanış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. O da əynində olan açıq mavi rəngli cins şalvarın sol arxa cibindən 1- ədəd “Redmi” markalı siqaret qutusu, sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmişdir. Yoxlanış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisində psixotrop maddə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümündə olan psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, gümüşü-ağ rəngli kağız büküm ilə birlikdə ümumi çəkisi 0,55 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə olduğunu, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən şəhərin ümumi məişət tullantılarının atıldığı (Svalka deyilən ərazidə) ərazidə hərəkət edən zaman yerdən tapdığını və psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin NMQ-nun əməkdaşı Şahid2 və ƏRQ-nun inspektoru Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilərkən onun əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibində gizlədərək saxladığı 1 ədəd gümüşü-ağ rəngdə olan bükümdə ümumi çəkisi 0,55 qram olan psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/689 №-li rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,343 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1470 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən əynindəki açıq mavi rəngli şalvarın sol yan cibindən 1-ədəd büküm aşkar edilmişdir. Həmin 1 ədəd büküm açıldıqda içərisindən spesifik iyindən və rəngindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş və həmin büküm tərəzidə çəkilən zaman ümumi çəkisi 0,55 qram olmuşdur. Həmin büküm tərəzidə çəkildikdən sonra proses iştirakçıları tərəfindən imzalanaraq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs içərisində psixotrop maddə olan metamfetamin olan bükümü xx.xx.2025-ci il tarixdə səhər saatlarında Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən şəhərin ümumi məişət tullantılarının atıldığı (Svalka deyilən yer) ərazidə hərəkət edən zaman yerdən tapdığını bildirmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,343 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,293 qram olan psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, təmiz çəkisi 0,343 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində xeyli miqdarda, təmiz çəkisi 0,343 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:20-də Mingəçevir ŞPŞ-nin NMQ-nun və ƏRQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi 9-cu küçənin yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və saxlandığı yerdə həmin tarixdə həmin ünvanda saat 17:22dən 17:28-dək olan müddətdə üzəri yoxlanılarkən həmin çəkidə psixotrop maddə metamfetamin əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin İİİ qrup əlil olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Cinayət işinin materiallarında olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2025–ci il tarixdə saxlandığı Mingəçevir ŞPŞ–nin MSY– dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğuna görə onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” haqqında Qaydaların İİ hissəsinin 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuşəməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İşüzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,293 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 87 manat 14 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli iləəlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,293 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 87 manat 14 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-175/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-175/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver