Məhkəmə qərarları › İş №1(051)-176/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-176/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-176/2025 01.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Konsensus Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən narkotik vasitə - heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda və həmin qanun ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi, xeyli miqdarda yəni 0,305 qram çəkidə narkotik vasitə - heroini və satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,431 qram çəkidə psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:45 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılıb, saxlanıldığı yerdə də saat 13:45-dən 13:52-dək olan müddət ərzində üzəri yoxlanılarkən əynindəki qara rəngli cins şalvarının sol yan cibindəki siqaret qutusunun içərisində olan 1 ədəd kağıza bükülmüş sellofan bükümün içərisindən həmin xeyli miqdarda, yəni 0,305 qram çəkidə narkotik vasitə - heroin və 1 ədəd kağız bükümün içərisindən həmin xeyli miqdarda, yəni 0,431 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 13 radələrində Mingəçevir şəhəri, Kür çayının sahilində yerdən siqaret qutuları yığan zaman siqaret qutusunun içərisində büküm tapmışdır. O, yerdən tapdığı bükümü açıb baxarkən içərisindəki həmin kütlələnin psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin olduğunu aşkar edib özünün istifadəsi üçün üzərində saxlamışdır. O, həmin heroindən və metamfetamindən münasib vaxtda istifadə etmək üçün saxlamışdır. 05 iyul 2025-ci il tarixdə saat 13:45-də Mingəçevir şəhəri, M.Rəsulzadə küçəsi 1 saylı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün video çəkilişlə onun üzərinə yoxlama keçiriləcəyini bildirərək, üzərində narkotik vasitə varsa könüllü təqdim etməsini təklif etmişlər. O, isə əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən bir ədəd alışqanı, sol yan cibindən “Redmi” markalı smartfon mobil telefonu, 1 ədəd 1 manatlıq pul əskinazını, bir ədəd “Black” markalı göy rəngli siqaret qutusunu təqdim etmişdir. Daha sonra təqdim etdiyi siqaret qutusu polis əməkdaşları tərəfindən açılarkən, həmin siqaret qutusunun içərisindən 1 ədəd kağıza bükülmüş sellofan büküm və 1 ədəd kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd kağıza bükülmüş sellofan büküm açılarkən içərisindəki kütlənin narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 0,37 qram olması müəyyən edilmişdir. Daha sonra 1 ədəd kağız büküm açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 0,58 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa təqdim etdiyi mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı o, üzərindən aşkar olunmuş psixotrop maddə - metamfetamini və narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə təxminən saat 13 radələrində Mingəçevir şəhəri Kür çayının sahilində yerdən siqaret qutuları yığan zaman siqaret qutusunun içərisindən yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyətimin olmadığını bildirmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və hüquqarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Sonra onun, müdafiəçisinin və polis əməkdaşının iştirakı ilə üzərində aşkar olunmuş heroin və metamfetamin olan zərf videoçəkilişlə təhqiqatçıya təqdim olunmuşdur. Bu barədə protokol tərtib olunmuş və üzəri onun, müdafiəçinin və proses iştirakçıları tərəfindən imzalanmışdır. Himayəsində iki azyaşlı uşağı var. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 05 iyul 2025-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün şöbədə “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3, Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs 05 iyul 2025-ci il tarixdə saat 13:45 radələrində Mingəçevir şəhəri M.Rəsulzadə küçəsi ev 1-in qarşısında piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuşdur. Üzərini yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədləri könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən bir ədəd alışqanı, sol yan cibindən “Redmi” markalı smartfon mobil telefonu, 1 ədəd 1 manatlıq pul əskinazını, bir ədəd “Black” markalı göy rəngli siqaret qutusunu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açılarkən, həmin siqaret qutusunun içərisindən 1 ədəd kağıza bükülmüş sellofan büküm və 1 ədəd kağız büküm aşkar edilmişdir. Aşkar edilmiş 1 ədəd kağıza bükülmüş sellofan büküm açılarkən içərisindəki kütlənin narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 0,37 qram olması müəyyən edilmişdir. Daha sonra 1 ədəd kağız büküm açılarkən içərisindəki kütlənin psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş və büküm ilə birlikdə ümumi çəkisi 0,58 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı sonuncunun təqdim etdiyi əşyalardan əlavə üzərindən əşya predmet aşkar edilməmişdir. Sonra narkotik vasitə olan heroinə bənzər kütlə və psixotrop maddə olan metamfetaminə bənzər kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi “Redmi” markalı mobil telefon götürülmüş, bütün hərəkətlər isə video-çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar bükümləri xx.xx.2025-ci il tarixdə təxminən saat 13 radələrində Mingəçevir şəhəri, Kür çayının sahilində yerdən siqaret qutuları yığan zaman siqaret qutusunun içərisindən tapdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 məhkəmə iclasına gəlməsi mümkün olmamışdır. Məhkəmə şahidin ifadəsini elan etmişdir. Şahid2 ibtidai istintaqda digər Şahid1la eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01). xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun cibindən çıxarıb təqdim etdiyi siqaret qutusunun içərisində 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd kağız bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir (i.v. 09-10). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:00-dan tutulmuş hesab edilmişdir (i.v. 27). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/503 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağıza bükülmüş sellofan bükümdə təmiz çəkisi 0,305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,431 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 40-41). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 52-53). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 65-66). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 76). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,255 qram olan narkotik vasitə heroin və ekspertizadan sonra təmiz qalıq çəkisi 0,381 qram olan psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınmış və saxlanılmaları üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v. 95-96). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, № 1509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v. 98). xx.xx.2025-ci il tarixli 265 saylı arayışa əsasən İsmayılov X2 şəhəri, H.Əliyev prospekti, ev 70, mənzil 55 ünvanında yaşayır (i.v. 100). xx.xx.2025-ci il tarixli 4 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 101). AZ-V 132290 №li xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v 102). AZ-İV 525443 №li xx.xx.2020-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X1r (i.v 103). xx.xx.2025-ci il tarixli 1202 nömrəli arayışa əsasən İsmayılov X2 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 104). xx.xx.2025-ci il tarixli, 5264 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən İsmayılov X2 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 105). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,255 qram olan narkotik vasitə heroin və ekspertizadan sonra təmiz qalıq çəkisi 0,381 qram olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınaraq saxlanca verilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş protokol və həmin protokola əlavə edilmiş 1 ədəd disk, baxış və götürmənin video görüntülərini özündə əks etdirən 1 ədəd disk, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/503 №li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1509 №li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 111-112). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini (59.2), himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM-59.1.4) Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 69,10 (altmış doqquz manat on qəpik) manat Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olub Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan təmiz qalıq çəkisi 0,255 qram olan narkotik vasitə heroin və təmiz qalıq çəkisi 0,381 qram olan psixotrop maddə metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş tədqiqatlara sərf olunduqdan sonra 0,255 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,381 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar