Məhkəmə qərarları › İş №1(051)-18/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-18/2020

15.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-18/2020 15.05.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, X1katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin, Şəki Şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X2 və müdafiəçi - X5 iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 26 günü CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə CM-nin 67.1-ci maddəsi hökmdən xaric edilmiş və cəza müddəti 02 ilə endirilmiş, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 07 gün cəzadan vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və xx xxxxxx 2020-ci ildən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd qara rəngli kağıza bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 1.015 qram olan, narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan götürüb qanunsuz olaraq üzərində gizlədərək saxlamış və həmin çəkidəki narkotik vasitə xx xxxxxxxx 2019-cu tarixdə, saat 14 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X3 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsi, Sanaye parkının yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş və həmin çəkidəki narkotik vasitə hesab edilən heroin polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Mingəçevir şəhərinin A.Məmmədov küçəsində yerləşən 17 saylı tam orta məktəbin yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş büküm olduğunu görüb götürmüşdür. Bükümün içərisini yoxladıqda içərisində heroin olduğunu tanımış və həmin narkotik vasitəni istifadə etmək üçün əynindəki boz rəngli şalvarının sol arxa cibinə qoymuşdur. xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Mingəçevir şəhərinin Samux küçəsində yerləşən Sənayə parkının yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirmiş və Polis Şöbəsində videoçəkiliş vasitəsi ilə üstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümdəki kütlə bükümlə birlikdə tərəzidə çəkilmiş və ümumi çəkisinin 1.29 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni özünə istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxxxxxx 2019-cu il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Samux küçəsində yerləşən Sənaye parkının yaxınlığında saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində video çəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanıTəqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol arxa cibindən 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlə bükümlə birlikdə tərəzidə çəkilmiş və ümumi çəkisinin 1.29 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni özünə istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Mingəçevir şəhər Polis Şöbəsinin PPXB-nin polis serjantı Şahid2 da oxşar məzmunlu ifadələr verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Cinayət işinin 24-25-ci səhifələrində olan xx xxxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs üstünə baxış keçirilərkən, onun əynindəki boz rəngli cins şalvarının sol arxa cibindən bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroin elektron tərəzi ilə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs, proses iştirakçıları tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 532 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 1.015 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Ekspertiza zamanı həmin narkotik vasitənin 0,05 qramı tədqiqata sərf olunmuş, 0.965 qramı isə qalıq qalmışdır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 848 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə hesab edilən heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunmasıüçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd qara rəngli kağıza bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 1.015 qram olan, narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan götürüb qanunsuz olaraq üzərində gizlədərək saxlamış və həmin çəkidəki narkotik vasitə xx xxxxxxxx 2019-cu tarixdə, saat 14 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X3 və Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Mingəçevir şəhəri, Samux küçəsi, Sanaye parkının yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş və həmin çəkidəki narkotik vasitə hesab edilən heroin polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasına Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymət verir. Cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin hökmündən və tələbnamədən görünür ki, Yusifov X6 şəhər məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 26 günü CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə CM-nin 67.1-ci maddəsi hökmdən xaric edilmiş və cəza müddəti 02 ilə endirilmiş, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 07 gün cəzadan vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Bu hal, CM-nin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomanlıqdan məcburi müalicəyə cəlb olunmalı, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 69.10 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.965 qram çəkidə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla, ona təyin edilmiş 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0.965 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhvedilsin. İş üzrə 69.10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir şəhər Vəkil Bürosunun Azərbaycan X4 filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521 BAZ******************** saylı hesabına köçürülməlidir. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar