Məhkəmə qərarları › İş №1(051)-184/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-184/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-184/2022 19.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi- vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1961-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zavod üsulu ilə 1979-cu ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, m-8201 nömrəli, PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silahı, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olumnuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronlarını istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə Mingəçevir şəhəri, İ.Qasımov küçəsi, ev 19B ünvanında yerləşən yaşadığı mənzilə daşıyıb orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 avqust 2022-ci il tarixdə saat 17:03-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, İ.Qasımov küçəsi, ev 19B ünvanında yerləşən mənzilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman zavod üsulu ilə 1979-cu ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, m-8201 nömrəli, PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronları yataq otağındakı dolabdan aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, saxlanılmasından təxminən 20 gün əvvəl Mingəçevir şəhəri, 20 Yanvar küçəsində olarkən yerdən sarı rəngli parçaya bükülmüş bir ədəd tapança, bir ədəd daraq və yeddi ədəd patron tapmış, tapdığı silahsursat onda maraq yaratdığından həmin tapançanı, darağı və patronları yaşadığı mənzilə aparıb orada saxlamaq qərarına gəlmiş, buna görə də tapançanı, həmin tapançaya aid daraq və patronları yaşadığı Mingəçevir şəhəri, İ.Qasımov küçəsi, ev 19B ünvanında yerləşən mənzilinə aparıb yataq otağındakı paltar dolabında gizlətmişdir. 24 avqust 2022ci il tarixdə saat 15:00 radələrində ünvan 3 ünvanının yaxınlığında olan zaman əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan üç nəfər əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ondan özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun odlu silah, onun komplekt hissəsi və döyüş sursatı əldə edib saxlamaqla gəzdirməkdə şübhəli olduğunu bildirib onu Mingəçevir Şəhər Polis Şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, orada hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı ona üzərində odlu silah, döyüş sursatı və sair bu kimi qanunsuz əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da üzərində hər-hansı qanunsuz əşya olmadığını bildirmiş və şəxsi axtarış zamanı üzərindər qanunsuz əşyalar aşkar olunmamışdır. Bundan sonra yaşadığı ünvanda və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlaması barədə soruşulduqda, o, səmimi olaraq etiraf edib yaşadığ Mingəçevir şəhəri, İ.Qasımov küçəsi, ev 19B ünvanında bir ədəd Makarov tapança həmin tapançaya məxsus bir ədəd daraq və yeddi ədəd patron saxladığını və qeyd oluna silah-sursatı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 4 ünvanındakı mənzilinə getmiş, saat 17:00 radələrində videokamera vasitəsilə çəkili aparılmaqla yaşadığı mənzilə baxış keçirilməyə başlanılmış, baxış zamanı polis əməkdaşları tərəfindən ona edilmiş təklifdən sonra o, mənzilin giriş qapısından sol tərəfdə yerləşən yataq otağına daxil olub, həmin otaqda giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının sağ qapısını açıb orada geyim əşyalarının arasında gizlətdiyi sarı rəngli parça torbanı götürüb polis əməkdaşlarına təqdim edərək torbanın içərisində silah-sursat olduğunu bildirmişdir. Onun təqdim etdiyi sarı rəngli parça torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisindən bir ədəd Makarov tapança, tapançanın üzərində bir ədəd daraq və darağın içində isə yeddi ədəd patronu aşkar olunmuşdur. Təqdim etdiyi silah- sursata polis əməkdaşları tərəfindən baxış keçirilmiş və sonra bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Hazırda əməlindən peşmandır. Yetkinlik yaşına çatmayan uşaqları vardır. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə şahidlər X2 və Şahid2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə icasına gəlməmiş, bununla belə məhkəməyə telegram ünvanlayaraq Təqsirləndirilən şəxs barədə istintaqda verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 avqust 2022ci il tarixdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, üzərində gəzdirməsi və yaşadığı mənzildə saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə Baş İdarə rəhbərliyinə məruzə edilmiş, bundan sonra tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib Baş İdarə rəisinin əmrilə həmkarları Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri Mingəçevir şəhərinə ezam olunmuş və həmin gün Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirilərək saat 15:00-da ünvan 3 ünvanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən özlərini təqdim edib onun barəsində qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etməsi, üzərində gəzdirməsi və yaşadığı mənzildə saxlamasına dair məlumata malik olduqlarını bildirib onlarla birlikdə Mingəçevir Şəhər Polis Şöbəsinə getməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra videoçəklişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs üzərindən hər hansı bir silah-sursat və ya başqa qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və ya sənədlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda və ya digər yerlərdə odlu silah, döyüş sursatı və qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmetlər saxlayıb-saxlamaması barədə soruşulduqda, sonuncu səmimi olaraq etiraf edib yaşadığı ünvan 6 ünvanında yerləşən mənzildə bir ədəd Makarov tapança və patronlar saxladığını və qeyd olunan ünvana gedəcəkləri halda həmin tapançanı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi ilə birlikdə həmin gün saat 17:00 radələrində Mingəçevir şəhəri, İ.Qasımov küçəsi, ev 19B ünvanına getmişlər, orada Təqsirləndirilən şəxs öz razılığı əsasında videoçəkliş aparılmaqla mənzilə baxış keçirilməyə başlanılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə saxladığı odlu silah və döyüş sursatlarını təqdim etməsi təklif edildikdən sonra sonuncu onları mənzilin yataq otağa dəvət edib həmin otaqdakı paltar dolabından sarı rəngli parçaya bükülmüş bir ədəd Makarov markalı tapança, həmin tapançaya məxsus bir ədəd daraq və yeddi ədəd patronu təqdim etmişdir. Daha sonra aşkar olunmuş silah-sursata baxış keçirilib bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Şifahi suala cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi tapançanı, darağı və patronları təxminən 20 gün əvvəl Mingəçevir şəhərində təsadüfən tapdığını bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00 radələrində CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Belə ki, cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, lakin onun yaşadığı Mingəçevir şəhəri, İ.Qasımov küçəsi, ev 19B ünvanında 01 ədəd tapança tipli odlu silah, 01 ədəd daraq və patronlar gizlətdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 24 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib üzərində gəzdirməsi və yaşadığı mənzildə saxlaması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etibarlı mənbədən məlumat daxil olmuş və bu əsasla Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən tərtib edilmiş «baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 24 avqust 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, 24 avqust 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilərkən mənzilin yataq otağındakı dolabdan bir ədəd Makarov konstruksiyalı tapança, onun komplekt hissəsi hesab edilən bir ədəd daraq və döyüş sursatı hesab edilən yeddi ədəd patron aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-ballistik ekspertizasının 25 avqust 2022-ci il tarixli 22/556 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd RP-8201 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 9 mm kalibrili Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlabə və dəyişiklik edilməmişdir . Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Darağın hissə və mexanizmlərinin üzərində sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş 07 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. İş üzrə 01 (bir) ədəd tapança, 01 (bir) ədəd daraq və tədqiqatdan sonra qalıq 04 (dörd) ədəd patron maddi sübut kimi tanınmış və BMCMİ-nin Maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. İşdə olan 25 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İşdə olan Nərimanov rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 4(005)- 926/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. İşdə olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş bir ədəd ГП-8201 NÖMRƏLİ Makarov konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan bir ədəd daraq və ekspertiza tədqiqatından sonrakı qalıq dörd ədəd 9x18 kalibrli patronlar maddi sübut kimi tanınmışdır. Maddi sübutların məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İşdə olan BƏSİİ tərəfindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan 18 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamında dəyişiklik edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunmuş, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş bir ədəd m-8201 nömrəli Makarov konstruksiyalı tapancanın, həmin tapançanın komplekt hissəsi olan texniki cəhətdən saz və atəş üçün bir ədəd darağın və Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən atəşə yararlı ekspertizadan sonrakı qalıq dörd ədəd patronların maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməsi barədə qəbul olunmuş qərar nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş baxış və götürmə aparılması barədə 24 avqust 2022-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 19 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikasının CMnin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən odlu silah hesab olunan 1979-cu ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, m-8201 nömrəli, PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronları yataq otağındakı dolabda gizlətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Fərzaoğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 24 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus zavod üsulu ilə 1979-cu ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, m-8201 nömrəli, PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronlar AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. (CPM-132), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs 24 avqust 2022–ci il tarixdən 25 avqust 2022–ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus zavod üsulu ilə 1979-cu ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş, m-8201 nömrəli, PM modelli, 9 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, Makarov konstruksiyalı tapança hesab edilən bir ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı bir ədəd daraq, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 07 ədəd ştat patronlar AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsi nəzərə alınsın. 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar