Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-187/2025 02.12.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Konsensus” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Mingəçevir şəhəri, N.Nərimanov prospekti ev 19/1, mənzil 27-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi ev 3, mənzil 12-də yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İİ siyahının 118-ci bəndinə əsasən psixotrop maddə olan metamfetaminin xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 0,15 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 01 ədəd kağız bükümdə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,395 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan əynindəki qara şortikin sağ yan cibində 1 ədəd kibrit qutusunun içərisində olmaqla saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri. Teymur Qasımov küçəsində yerləşən 20 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq həmin ünvanda saat 20:02-dən saat 20:08-dək olan müddət ərzində üzərinə keçirilən yoxlama zamanı həmin çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli şortikin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində Poçt küçəsi deyə adlandırılan yerdən piyada keçən zaman yerdə 1 ədəd gümüşü rəngli kağız büküm olmasını görmüşdür. Maraqlı gəldiyi üçün həmin bükümü yerdən götürüb içərisində nə olmasına baxmışdır. Bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə metamfetamin olmasını görmüşdür. Belə ki, özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyindən həmin bükümdə olan kütləni tanımışdır. Tapdığı bükümü gələcəkdə istifadə etmək üçün 1 ədəd kibrit qutusunun içərisinə qoymuş və üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20:00 radələrində Mingəçevir şəhəri, Teymur Qasımov küçəsində yerləşən 20 nömrəli məktəbin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib yaranmış zərurət ilə əlaqədar olaraq video çəkilişdən istifadə olunmaqla üzərinin yoxlanılacağını bildirmişlər. Sonra üzəri yoxlanılan zaman əynindəki qara rəngli şortikin sol yan cibindən 1 ədəd Mi markalı mobil telefon, həmin şortikin sağ yan cibindən 1 ədəd kibrit qutusunda içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş büküm elektron tərəzidə çəkilmişdir. Aşkar olunmuş içərisində psixotrop maddə metamfetamin olan bükümün çəkisinin 0,51 qram olması müəyyən olunmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin psixotrop maddəni saxlanıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində Poçt küçəsi deyə adlandırılan ərazidə zibilliyin yaxınlığında tapdığını, həmin bükümdə olan kütlənin psixotrop maddə olmasını bildiyindən şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə tərəzidə çəkildikdən sonra onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Bundan sonra üzərindən psixotrop maddə aşkar olunduğu üçün Mingəçevir ŞPŞnin inzibatı binasına gətirilmişdir. Əməlindən peşmandır. Odur ki, ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş ə/m-li vəzifəsində işləyən Şahid2 bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞnin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Teymur Quliyev küçəsində 20 saylı orta məktəbin yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şortikin sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində 1 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm Təqsirləndirilən şəxs yanında açılarkən bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Psixotrop maddəyə oxşar həmin bir ədəd büküm elektron tərəzidə çəkilmişdir. Psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 0,51 qram olmuşdur. Həmin psixotrop vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümün içərisində olan psixotrop maddə metamfetamini 18 avqust 2025-ci il tarixdə saat 16 radələrində Mingəçevir şəhəri, Günəşli bağ massivində Poçt küçəsi deyə adlanıdırılan ərazidə zibilliyin yaxınlığında taparaq əldə etdiyini, həmin bükümdəki psixotrop maddəni şəxsi istifadəsi üçün əynində olan qara rəngli şortikin sağ yan cibində saxladığını, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X4 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verilmişdir. İş üzrə məhkəmə iclası zamanı ifadəsi elan olunmuş şahid Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 və şahid qismində dindirilmiş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da Şahid2 ifadəsində göstərdiyi xüsusatları öz ifadələri ilə təsdiq etmişlər. Sübutların tədqiqi: Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol və ona əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əynində olan qara rəngli şortikin sağ yan cibindən 1 ədəd kağız bükümdə içərisində 0,51 qram çəkidə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:00-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/641 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik tipli vasitə.“ yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi - 0,395 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 1042 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Mingəçevir Psixo-Nevroloji Dispanserində emosional davamsız şəxsiyyət pozğunluğu diaqnozu ilə psixiatrik müşahidəyə götürülmüşdür. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 4950 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X1 narkoloji qeydiyyatında yoxdur. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli qərarla təyin edilmiş məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1553 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2025-ci tarixli qərarla təyin edilmiş məhkəməpsixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 607 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 26 avqust 2025-ci il tarixli məhkumluğa dair Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 0,345 qram olan psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən dərhal azad edilmişdir. Cinayət işi materiallarında olan 1 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əsgərov X2 şəhəri M.Ə.Sabir küçəsi ev 3, mənzil 12 ünvanda yaşayır və barəsində heç bir şikayət daxil olmayıb. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü Əli, xx.xx.2011-ci il təvəllüdlü Aylin, xx.xx.2013-cü il təvəllüdlü Sahib və xx.xx.2022-ci il təvəllüdlü Melisa adlı uşaqların valideynləri Əsgərov(Yusubov) Rəşad Əlisahib oğlu və X5r. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarında narkotik vasitə olan metamfetaminin xeyli miqdarda həddi 0,15 – 2 qram müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə isə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını (CMnin 59.1-ci), həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını (CM-nin 59.2-ci) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, CPM-in 158.2 –ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən isə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 avqust 2025–ci il tarixdən 20 avqust 2025–ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət təyin edilmiş cəzaya hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1553 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 197.1.4-ci maddəsinə görə mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alıb maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,345 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025–ci il tarixdən xx.xx.2025–ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,345 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 69,10 (altmış doqquz manat on qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Hüseynli
Məhkəmə qərarları › İş №1(051)-187/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-187/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver