Məhkəmə qərarları › İş №1(051)-194/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-194/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-194/2021 24.12.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində Mingəçevir Şəhər Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 30.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0.5 qram müəyyən edildiyi halda, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan torbanın içərisində olan bükümdə təmiz çəkisi 39,778 qram olan narkotik vasitəni - tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 20.04.2021-ci il tarixdə, saat 12:40 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12A saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində, təmiz çəkisi 39,778 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan torbanın içərisində olan bükümdə təmiz çəkisi 37,778 qram olan narkotik vasitə - tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 28.06.2021-ci il tarixdə, saat 13:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 12A saylı binanın qarşısında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan torbanın içərisində olan bükümdə təmiz çəkisi 37,778 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 20 aprel 2021-ci il tarixdə, saat 10 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi, qum karxanasına gedən yolda piyada yol gedərkən yolun kənarında sellofan büküm olmasını görüb yaxınlaşıb, həmin bükümü götürmüş, yerdən taparaq götürdüyü bir ədəd şəffaf sellofana bükülmüş bükümü açdıqda içərisində narkotik vasitə - tiryəkin olduğunu görmüşdür. Əvvəllər narkotik vasitə - tiryək istifadə etdiyinə görə tapdığı kütləni iyindən, rəngindən, görünüşündən tanımış və tiryək olduğunu bilmişdir. Özü istifadə etmək məqsədi ilə həmin bükümü içərisindəki kütlə ilə birlikdə götürüb əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuş, daha sonra yaşadığı 20 Yanvar küçəsinə doğru getmişdir. Həmin gün saat 12:40 radələrində o, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 12A saylı binanın yaxınlığında piyada gedən zaman ona iki nəfər mülki paltarda polis işçiləri yaxınlaşmış, özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Ona dövlət vəsaiti hesabına təyin olunmuş müdafiəçi X1 iştirakı ilə və video çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. O da üzərində narkotik vasitə gəzdirdiyini demiş, daha sonra şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükümü könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə polis əməkdaşları şəxsi axtarış keçirmiş, lakin üzərində başqa qanunla dövriyyəsi qadağan olunmuş kütlə və sair əşya aşkar olunmamışdır. Bütün proseslər kameraya çəkilmiş, təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş büküm onun və vəkil Müsaqif Hüseynovun iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 40.38 (qırx tam yüzdə otuz səkkiz) qram olmuşdur. Daha sonra həmin şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə - tiryək boş zərfə qoyularaq qablaşdırılmış, o da zərfi imzalamışdır. Bundan başqa 25.06.2021-ci il tarixdə, saat 15 radələrində Mingəçevir şəhəri, «Güllübağ» adlanan ərazidən Mingəçevir şəhəri, Günəş küçəsi ilə hərəkət edən zaman Günəş küçəsində yerləşən qəbiristanlığın yaxınlığından keçərkən yerdən bir ədəd şəffaf sellofana bükülmüş büküm tapmış və maraqlı olduğu üçün həmin bükümü götürüb açıb baxan zaman içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. O, tiryəkdən istifadə etdiyi üçün iyindən və rəngindən sellofan torbanın içərisində olan büküm içərisindəkinin narkotik vasitə olan tiryək olduğunu bilmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin sellofanın içərisindəki bükümü qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Lakin evdə anası narkotik vasitədən istifadə etdiyini bilməsin deyə, tiryəki istifadə etmək üçün uyğun vaxt gözləmişdir. 28.06.2021-ci il tarixdə, saat 13:40 radələrində yaşadığı Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 12A saylı binanın qarşısında olan xeyir-şər mağarının yanında olarkən 3 gün öncə, yəni 25.06.2021-ci il tarixdə Mingəçevir şəhəri, Günəş küçəsində yerləşən qəbiristanlığın yaxınlığında yerdən tapdığı sellofan torbanın içərisində bükümdə olan narkotik vasitə - tiryək şalvarının sol yan cibində olmuşdur. Həmin vaxt üç nəfər polis əməkdaşı ona yaxınlaşıb vəsiqələrini təqdim edib, onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar polis şöbəsinə gəlmişlər. Polis Şöbəsinə gətirildikdən sonra ona Mingəçevir şəhər Vəkil Bürosundan növbətçilik cədvəli üzrə dövlət büdcəsi hesabına vəkil təyin edilmiş və X7 ona dövlət büdcəsi hesabına vəkil təyin edilmişdir. Bundan sonra onun üzərinə vəkili Adil Abışovun iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Həmçinin ona şəxsi axtarış və baxış keçirilən zaman video çəkilişdən istifadə edildiyi üçün hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuş, o da üzərinə şəxsi axtarış və baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa, çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Onun üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd sellofan torbanın içərisində olan büküm aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən qanunla daşınması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Həmin büküm açıldıqda orada olan kütlənin rəngindən və spesifik iyindən narkotik vasitə - tiryək olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş büküm elektron tərəzidə çəkilmişdir. Bükümdə olan kütlənin çəkisi 38,29 qram olması müəyyən edilmişdir. Daha sonra həmin şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə tiryək boş zərfə qoyularaq qablaşdırılmış, o da zərfi imzalamışdır. Daha sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda Əməlindən peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı vardır. Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik nümayiş etdirmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, o, 20.04.2021-ci il tarixdə, saat 12:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 ilə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 yanvar küçəsi,12A saylı binanın qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Mehdiyev X3 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla saxlanılması qadağan olunan hər hansı bir əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofana bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar bir ədəd sellofana bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, tiryəkə oxşar kütlənin ümumi çəkisi 40,38 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 1 (bir) ədəd sellofana bükülmüş bükümdə olan kütlənin tiryək olduğunu, tiryəki özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni 20.04.2021-ci il tarixdə Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 12A saylı binanın yaxınlığında yerdən tapdığını bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin narkotiklərlə mübarizə qrupunun əməkdaşı Şahid3 ifadəsində göstərdi ki, 28.06.2021 -ci il tarixdə, saat 13:40 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Zərərçəkmiş şəxs4 və Şahid4 ilə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 12a saylı binanın qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Mehdiyev X3 ŞPŞ-yə gətirimişdir. Polis şöbəsinə vəkil X7 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən salfetkanın içərisində sellofana bükülmüş büküm aşkar olunmuşdur. Aşkar olunmuş həmin bir ədəd sellofana bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində narkotik vasitə olan tiryəkə oxşar kütlə müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar həmin bir ədəd sellofana bükülmüş bükümdəki kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, tiryəkə oxşar kütlənin ümumi çəkisi 38.29 qram olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Osmanov X4 Emir Cavad oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 da Şahid3 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 20 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, aşkar olunmuş narkotik vasitə - tiryəkə oxşar kütlə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə “Digital” markalıelektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 40.38 qram olan ağ rəngli sellofan büküm ilə birlikdə içərisində olan tiryəkə oxşar kütlə Samsung markalı videokamera ilə çəkildi və videogörüntü ilə qeydə alındı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə - tiryəkə oxşar kütlə zərfə qoyularaq AR DİN 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 21.04.2021-ci il tarixli, 17/282 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 39.778 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Cinayət işinin materiallarında olan 23 aprel 2021-ci il tarixli “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 39.778 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 39.678 qram olan narkotik vasitə - tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarında olan 28 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, aşkar olunmuş bir ədəd sellofana bükülmüş qara rəngli narkotik vasitəyə oxşar kütlə proses iştirakçılarının və Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzidə çəkildi. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 38.29 qram olan sellofan büküm ilə birlikdə içərisində olan həmin kütlə Samsung markalı videokamera ilə çəkildi və videogörüntü ilə qeydə alındı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq AR DİN 76 nömrəli möhürü ilə möhürlənmiş və üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 28.06.2021-ci il tarixli, 17/475 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 37.778 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Cinayət işinin materiallarında olan 01 iyul 2021-ci il tarixli “Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 37.778 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 37.678 qram olan narkotik vasitə - tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının 15.10.2021 -ci il tarixli, 1239 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 10.08.2021–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 20 aprel 2021-ci il tarixdə 39.778 qram və 28 iyun 2021-ci il tarixdə isə 37.778 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki satış məqsədi olmadan qanunsuz üzərində saxlamaqla və daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan torbanın içərisində olan bükümdə təmiz çəkisi 39,778 qram olan narkotik vasitəni - tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 20.04.2021-ci il tarixdə, saat 12:40 radələrində Mingəçevir ŞPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 12A saylı binanın yaxınlığında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilib, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində, təmiz çəkisi 39,778 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofan torbanın içərisində olan bükümdə təmiz çəkisi 37,778 qram olan narkotik vasitə - tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 28.06.2021-ci il tarixdə, saat 13:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, 20 yanvar küçəsi, 12A saylı binanın qarşısında saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan torbanın içərisində olan bükümdə təmiz çəkisi 37,778 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 25.06.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0.5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 50 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, Vətən müharibəsində iştirak etməsini, “Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsini, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05.11.2016-cı il tarixdə doğulmuş Ömər adlı 1 nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 12 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 06.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Vətən müharibəsi dövründə Ağdam və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən əsgər Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - tiryəki əldə etməsini və daşımasını 20.04.2021-ci il tarixdə həyata keçirmiş və bu andan ona istinad olunan narkotik vasitənin əldə edilməsi və daşınması əməlləri başa çatmışdır. Təqsirləndirilən şəxs həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-tiryəki əldə etməsini və daşımasını 25.06.2021-ci il tarixdə həyata keçirmiş və bu andan ona istinad olunan narkotik vasitənin əldə edilməsi və daşınması əməlləri başa çatmışdır. Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə - tiryəki 28.06.2021-ci il tarixədək üzərində saxlamışdır. Bu andan ona istinad olunan narkotik vasitənin saxlama əməli başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.01.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması və ev dustaqlığında saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 20.04.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxsin MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22.04.2021–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 28.06.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 30.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30.06.2021–ci il tarixdə həbsdən dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 01.08.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, 04.08.2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 30.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəmi 5 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 05 ay müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 10 ay müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyəsini zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2–ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 77.356 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 138 manat 20 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 360 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 77.356 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 360 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar