Məhkəmə qərarları › İş №1(051)-20/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-20/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-20/2025 15.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs müdafiəçisi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1996-cı il tarixdə Yevlax rayonu, Havarlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu Abdullauşağı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 2023-cü ilin avqust ayının sonlarında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Mingəçevir şəhəri, H.Əliyev prospekti, 67 ünvanda yerləşən "xxxx" MMC-nin ərazisində yerləşən fəaliyyətini dayandırmış saxlanc yeri hesab olunan plastik boru emalı sexinə qanunsuz olaraq daxil olub sexdə 2012-ci ildə quraşdırılmış 2021-ci ilədək mütəmadi olaraq istifadə edilmiş dəzgahları elektrik enerjisi ilə təmin edən 1050 metr uzunluqda 10500 manat dəyərində 25-lik mis metalından olan elektrik naqilini, 1 metrinin qiyməti 5 manat olan 50 metr uzunluqda 250 manat dəyərində 16-lıq mis metalından olan elektrik naqilini, 1 metrinin qiyməti 2 manat olan 100 metr uzunluqda 200 manat dəyərində 6-lıq mis materialından olan elektrik naqilini, özgənin yəni "xxxx" MMC-yə məxsus 10950 manat dəyərində əmlakı zərərçəkmiş şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri, Samux küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsinin ərazisindəki taxta sexini açıq olan giriş qapısından saxlanc yeri hesab olanan sexə qanunsuz olaraq daxil olub sexin otağında yerləşən istifadə edilmiş Rusiya Federasiyasında istehsal olan, 10 il ərzində mütəmadi olaraq istifadə edilmiş, “Fuqan’' markalı dülgər dəzgahının 1 ədəd 300 manat dəyərində olan mühərrikini özgənin yəni Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində əmlakı Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Yaşadığı evin yaxınlığında yerin altından kabellər keçdiyini bildikdən sonra o, torpağı qazıb torpağın altından keçən mis naqilləri çıxarmış, həmin naqillərin örtük hissəsini yandırıb metal qəbulu məntəqələrinə satmışdır. Sonuncu dəfə avqust ayının sonlarında həmin ərazidən yenə də torpağı qazıb yerin altından keçən kabelləri çıxardıb daha sonra kabelləri ocaqda örtük hissəsini əritmişdir. Sonra isə həmin kabelləri yaşadığı evin yaxınlığında yerləşən Füzuli adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə satmışdır. Həmin kabelləri heç hardan oğurlamamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında yerləşən Füzuli adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsinin həyətində dəmir təkərlər axtararkən gəzə-gəzə həmin metal qəbulu məntəqəsinin həyətində yerləşən Füzulinin qohumu Yaşara məxsus taxta sexinin qapısı açıq idi və çöl hissəsində torbada sökülmüş dəzgah mühərriki olduğunu görmüşdür. Həmin mühərriki götürüb oradan getmişdir. Daha sonra Samux küçəsi ilə hərəkət edib yaşadığı evə getmişdir. Sonradan polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə dəvət etmişlər. O da polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Zərərçəkmiş şəxs2 dəyən ziyanı tamamilə ödəmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edir. MMC faktiki olaraq fəaliyyətini dayandırıbdır. MMC-nin həyətində plastik boru istehsalı ilə məşğul olan sex də mövcud olmuşdur. Həmin sexdə plastik boru istehsal etmək üçün dəzgahlar quraşdırılmışdır. Sex faktiki fəaliyyət göstərməsə də, sexin avadanlıqları saz vəziyyət olmuş, yəni hər bir avadanlıq işlək vəziyyətdə olmuşdur. MMC-nin həyətində yerləşən, balansda olan əmlaka ayda bir dəfə baxış keçirilir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cəmiyyətin ərazisində və ərazidə yerləşən cəmiyyətin balansına baxış keçirilərkən, həyətdə yerləşən plastik boru istehsal edən sexdəki dəzgahların söküldüyü və dəzgahların hissələrinin, eləcə də dəzgahları elektrik enerjisi ilə təmin edən müxtəlif metaldan olan kabellərin oğurlandığı müəyyən edilmişdir. Ona görə də dərhal DİN-nin 102 xidmətinə məlumat verilmiş, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Baxış zamanı müəyyən edildi ki, müəssisəyə kabellərin sökülməsi və avadanlıqların yarasız vəziyyətə düşməsi nəticəsində 30.000 manatdan çox maddi ziyan dəymiş, lakin istintaq orqanı tərəfindən yalnız faktiki oğurlanan əmlakların dəyərinin 10.900 manat məbləğdə olduğu göstərilmişdir. Halbuki, kabellərin sökülməsi nəticəsində onlarla əlaqədə olan dəzgahlar və digər işlək vəziyyətdə olan avadanlıqlar da yarasız hala salınmışdır. Hazırda həmin dəzgah və avadanlıqların əvvəlki vəziyyətə qaytarılması üçün kifayət qədər yüksək məbləğdə vəsait lazımdır. Lakin bu hallar nəzərə alınmamışdır. Hesab edir ki, həmin hallar mülki məhkəmə icraatı qaydasında öz həllini tapacaqdır. Bununla belə təqsirləndirilən şəxs tərəfindən rəhbəri olduğu hüquqi şəxsə dəymiş ziyana münasibətdə ödəniş olmamışdır. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinin həyətindəki taxta sexini işlədir. Həmin sexdə taxtaların yonulması və müxtəlif formalara salınması üçün dəzgahlardan istifadə edildir. Həmin dəzgahlar işlək vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə metal qəbulu məntəqəsinin həyətində mühafizəçi işləyən Telman onun yanına gəlib qonşuluqda yaşayan Eşqin adlı şəxsin sexdən nəsə götürdüyünü demişdir. Belə ki, Telman Eşqinin sexin yerləşdiyi ərazidən çıxarkən əlində torba olduğunu görüb dərhal sexə daxil olub baxaraq sexdəki dəzgahların mühərrikinin yerində olmadığını görmüşdür. Bundan sonra o, sexin otaqlarına keçib baxdıqda görmüş ki, taxta kəsmək üçün nəzərdə tutulmuş “Fuqan” markalı dəzgahların mühərrikləri sökülüb oğurlanıbdır. O da dərhal polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs ilə hər hansı ədavət və ya düşmənçiliyi olmadığını işlətdiyi sexdən 3 ədəd "Fuqan“ markalı taxta kəsilməsi üçün nəzərdə tutulmuş dəzgahların mühərriklərinin oğurlandığını, hadisə nəticəsində 3 ədəd dəzgah yararsız hala salınaraq mühərriklərin oğurlandığını, dəzgahların qiymətlərinin təxminən 1700 manat olduğunu, dəzgahların 10 il əvvəl alındığını, mühərrikinin qiymətinin isə təxminən 500 manat olduğunu, Şahid3 mühərrikin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması prosessini görmədiyini, Təqsirləndirilən şəxs sexdən əlində torba ilə çıxdığını görüb sexə yaxınlaşarkən Eşqin artıq oranı tərk etdiyini Təqsirləndirilən şəxs Şahid3 onu gördüyünü görmədiyini göstərmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 67 ünvanda yerləşən "Azərizolit” MMC-nin mühafizə xidmətinin rəisi vəzifəsində işləyir. "xxxx" MMC faktiki olaraq fəaliyyətini dayandırsa da, MMC-nin ərazisində yerləşən əmlaklar vardır. Buna görə də MMC-nin ərazisi 24 saat ərizində mühafizə xidməti ilə təmin olunubdur. Ay ərzində 1 dəfə zavodun ərazisində yerləşən tikililərə baxış keçirilir. Hadisə baş verməzdən əvvəl yəni, sonuncu dəfə 18 iyul 2023-cü il tarixdə MMC-nin ərazisində yerləşən tikililərə baxış keçirilmişdir. Baxış keçirilərkən ərazidə olan tikililərdəki əmlakların yerində olduğu müəyyən edilmişdir. Lakin 30 avqust 2023-cü il tarixdə MMC-nin ərazisində yerləşən tikililərə baxış keçirilərkən fəaliyyətini dayandırmış plastik boru emalı sexindən müxtəlif əşyaların və metal naqillərin oğurlandığı müəyyən edilmişdir. Dərhal bu barədə tərəfindən DİN-nin 102 xidmətinə məlumat vermişlər. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilmişdir. Sonradan polis əməkdaşları ona məlumat verərək oğurlanmış əşyalardan bəzilərinin yerlərinin müəyyən edildiyini bildirərək oğurlanmış əşyaların satıldığı metal qəbulu məntəqəsinə getməyi təklif etmişlər, o da Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Mingəçevir şəhəri Samux küçəsində yerləşən metal qəbulu məntəqəsinə getmişdir. Metal qəbulu məntəqəsində işləyən Füzuli adlı şəxs Eşqin adlı şəxsdən metal naqillər aldığını bildirərək həmin metal naqilləri təqdim etmiş, metal naqillərə baxış keçirilərkən həmin naqillərin MMC-nin həyətindəki MMC- nin plastik boru sexində olan dəzgahları elektrik enerjisi ilə təmin edən metal naqillər olduğunu tanımışdır. Belə ki, həmin naqillərin başlığında bağlanmaq üçün yerlər olmuşdur. Həmin bağlanmaq üçün yerlər naqilləri dəzgahlara bərkidilməsi üçündür. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğuna o da imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri Samux küçəsində yerləşən Metal qəbulu məntəqəsini işlədir. Rəhbərlik etdiyi müəssisə metal qəbulu ilə məşğuldur. Təqsirləndirilən şəxs əvvəllər tanıyıbdır. Belə ki, Təqsirləndirilən şəxs onun işlətdiyi metal qəbulu məntəqəsinin yaxınlığında yaşayır. Təqsirləndirilən şəxsla aralarında hər hansı ədavət olmayıbdır. Təqsirləndirilən şəxs bir neçə dəfə işlədiyi metal qəbulu məntəqəsinə müxtəlif metalları satıbdır. Həmişə Eşqindən metal qəbul edərkən Eşqin həmin metalları zibilxanalardan topladığını bildirmişdir. 22 avqust 2023-cü il tarixdə Eşqin onun işlətdiyi metal qəbulu məntəqəsinə gələrək mis naqilləri satmaq istədiyini bildirmişdir. Həmin naqillərin üzlükləri olmamışdır. O, həmin naqillərə baxdıqdan sonra həmin naqillərin mis naqillər olduğunu görmüşdür. Naqilləri tərəzidə çəkmiş 51,709 kiloqram olmuşdur. Mis metalının 1 kilosunu 9 manata qəbul etdiyi üçün Eşqinə 459 manat verib ondan həmin metalları qəbul etmişdir. Daha sonra Eşqindən mis metal qəbul etməyi barədə metalları qəbul edərkən qeydiyyat apardığı dəftərdə müvafiq qeydiyyat aparmışdır. Sonradan polis əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gəlib mis naqillər satın alıb almadığını soruşmuşlar. O da qonşuluqda yaşayan Təqsirləndirilən şəxs mis naqillər aldığını bildirərək həmin naqilləri və metal qəbul edərkən qeydiyyat apardığı dəftəri təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı mis naqillərin cinayət yolu ilə əldə edilməsindən məlumatı olmamışdır, Eşqin həmin naqilləri zibilxanadan yığdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Bəhman oğlu ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri Samux küçəsində yerləşən Metal qəbulu məntəqəsində mühafizəçi işləyir. Günün əksər hissəsini həmin sahədə keçirir. Zərərçəkmiş şəxs2 da həmin metal qəbulu məntəqəsinin ərazisində yerləşən taxta sexini işlədir. Sexdə müxtəlif dülgər dəzgahları var. Gün ərzində sexin qapıları açıq olur. 28 dekabr 2023-cü il tarixdə günorta saatlarında metal qəbulu məntəqəsinin həyətində gəzərkən görmüş ki, qonşuluqda yaşayan Eşqin adlı şəxs taxta sexindən bayıra çıxır. Həmin zaman Eşqinin əlində torba olmuşdur. O, sexə çatanadək Eşqin oradan aralaşıb küçəyə çıxmışdır. O da dərhal sexə daxil olmuş, görmüş ki, dülgər dəzgahının mühərriki yerində deyil. Bundan sonra bu barədə Yaşara məlumat vermişdir. Daha sonra Yaşar polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs sexdən oğurluq etdiyini bilavasitə görməmiş, o, Eşqinin əlində torba sexdən çıxdığını görmüş, həmin zaman Təqsirləndirilən şəxs onu görməmiş, Eşqinin nə götürdüyünü dəqiq bilmədiyi üçün Eşqini səsləməmiş, sexə daxil olub oradan mühərriki oğurladığı ona aydın olanda Eşqin artıq ərazini tərk edib getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində polis kapitanı rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "xxxx" MMC-nin direktoru vəzifəsini icra edən Zərərçəkmiş şəxs1 polis şöbəsinə ərizə ilə müraciət edərək, 18 iyul 2023-cü il tarixdən 30 avqust 2023cü tarixədək olan müddət ərzində işlədiyi MMC-nin ərazisində yerləşən plastik boru sexindən müxtəlif avandanlıqların və metal naqillərin oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsini Mingəçevir şəhəri, Samux küçəsində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş, həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğurladığı mis metal naqilləri Mingəçevir şəhəri Samux küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Şahid1 satmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, həmçinin ittihamın qanuni həll edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində "xxxx" MMC-nin həyətində yerləşən sexdən oğurlanmış əşyalara dair hissədə özünü təqsirli bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Şahid1 işlədiyi metal qəbulu məntəqəsindən Təqsirləndirilən şəxs tərəfindən satılmış 51 kiloqram çəkidə mis naqillər götürülmüşdür. Şahid1 təqdim etdiyi mis metal qəbul etməyi barədə metalları qəbul edərkən qeydiyyat apardığı dəftərin 37-ci vərəqəsində Təqsirləndirilən şəxs adı qeyd olunaraq şəxsiyyət vəsiqəsinin AA ******* seriyası yazılmış, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs adının qarşısında 51,109 kiloqram mis qəbul edilərək 459 manat məbləğdə pul verildiyi yazılmışdır. Həmin naqillərə baxış keçirilərkən "xxxx" MMC-nin mühafizə xidmətinin rəisi Şahid2 mis naqilləri tanıyaraq həmin naqillərin ‘‘Azərizolit" MMC-nin həyətində yerləşən sexdən oğurlanmış naqillər olduğunu bildirmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin özünü "xxxx" MMC-nin həyətində yerləşən sexdən oğurlanmış əşyalara dair hissədə təqsirli bilməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə 30 iyun 2025-ci il tarixli 02-74/25 saylı "xxxx" MMC-nin daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatını iş üzrə sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə–əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında 05 mart 2025–ci il tarixli məhkəmə qərarında ekspert qarşısında qoyulmuş sualda qeyd edilən malların pərakəndə satış qiymətlərinin hazırkı vaxta neçə manat təşkil etməsi göstərilmiş, cinayət hadisəsi isə 2023-cü ilin avqust ayının sonlarında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda, bundan başqa təkrarən xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti, 67 ünvanda yerləşən “Azərİzolit" MMCnin həyətində yerləşən plastik boru emal edən sexdən mis naqillərdən başqa digər əşyaların və Zərərçəkmiş şəxs2 işlətdiyi taxta sexindən əlavə 2 ədəd dülgər dəzgahlarına aid mühərriklərin oğurlanması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd edilmiş, Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "xxxx" MMC- nin həyətində yerləşən plastik boru emal edən sexdən mis naqillərdən başqa digər əşyaların və Zərərçəkmiş şəxs2 işlətdiyi taxta sexindən əlavə 2 ədəd dülgər dəzgahlarına aid mühərriklərin oğurlanması faktı ilə bağlı 240650001№-li cinayət işindən əlavə araşdırma aparılması üçün materiallar ayrılması qərara alınmışdır. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "Azərizolit MMC-nin həyətində yerləşən plastik boru emal edən sexdən oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "xxxx" MMC- nin həyətində yerləşən plastik boru emal edən sexindən oğurlayaraq Şahid1 satdığı 51 kiloqram çəkidə mis naqillər Şahid1 götürülmüşdür. Şahid1 təqdim etdiyi mis metal qəbul etməyi barədə metalları qəbul edərkən qeydiyyat apardığı dəftər götürülmüş, dəftərin 37-ci vərəqəsində Təqsirləndirilən şəxs adı qeyd olunaraq şəxsiyyət vəsiqəsinin AA ******* seriyası yazılmış, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs adının qarşısında 51,109 kiloqram mis qəbul edilərək 459 manat məbləğdə pul verildiyi yazılmışdır. Şahid1 bildirdi ki, həmin metal naqilləri xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs almışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri Samux küçəsində yerləşən taxta sexindən oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri Samux küçəsində yerləşən taxta sexindən oğurladığı 1 ədəd dülgər dəzgahının mühərriki Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-nin plastik boru istehsal edən sahəsindən oğurlanmış əşyaların qiymətləri və adları aşağıdakı kimidir:

1. 1 ədədinin qiyməti 1800 manat olan 3600 manat dəyərində 2 ədəd 7,5KVA 3000 dövrlük mühərrik-nasos

2. 1 ədədinin qiyməti 1800 manat olan 1800 manat dəyərində 1 ədəd 5 KVA 3000 dövrlük mühərrik-nasos

3. 1 ədədinin qiyməti 500 manat olan 1000 manat dəyərində 2 ədəd enerji qidalandırıcı blokun transfarmatoru

4. 1050 metr uzunluqda 15750 manat dəyərində 25-lik mis elektrik naqili

5. 1 metrinin qiyməti 10 manat olan 50 metr uzunluqda 500 manat dəyərində 16-lıq mis elektrik naqili

6. 1 metrinin qiyməti 2,5 manat olan 100 metr uzunluqda 250 manat dəyərində 6-lıq mis elektrik naqili

7. 11 ədəd 15000 manat dəyərində müxtəlif ölçülü formallaşdırıcı qəliblər 3 ədəd 1500 manat dəyərində boru qaynaq aparatının sıxıcı hissəsi, cəmi 39400 manat dəyərində müəssisəyə zərər dəymişdir. Cinayət işi materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/9226 saylı rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda və aktda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul-avqust aylarına olan orta bazar qiymətilə ümumi dəyəri aşağıdakı kimi müəyyən edilir:

1. 2 ədəd istifadə edilmiş 7,5KVA 3000 dövr, mühərrik nasosları – 1500,00 (2 ədəd x 750 manat) manat,

2. 1 ədəd istifadə edilmiş 5 KVA 3000 dövr mühərrik nasosu – 500,00 manat. Digər 06 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü və s.) olmadığından qiymətləndirilmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 55№-li rəydən görünür ki, 1 ədəd Rusiya Federasiyasında istehsal edilmiş, 10 il istifadə edilmiş, “Fuqan” markalı dülgər dəzgahının modeli və markası barədə dəqiq məlumatın təqdim edilməsi mümkün olmayan mühərrikinin 300 manat olmaqla ümumilikdə qeyd olunan əşyanın 2023-cü ilin dekabr ayına orta bazar satış qiyməti istifadə edilmə müddəti nəzərə alınaraq 300 (üç yüz) manat dəyərindədir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 56№-li rəydən görünür ki, 2012-ci ildən mütəmadi olaraq istifadə edilən, istifadə edilmə müddətləri nəzərə alınmaqla 1050 metr uzunluqda 25-lik mis metalından olan elektrik naqilini, 1 metrinin qiyməti 10 manat olmaqla- 10500 manat, 50 metr uzunluqda 16-lıq mis metalından olan elektrik naqilin 1 metrinin qiyməti 5 manat olmaqla-250 manat, 100 metr uzunluqda 6-lıq mis metalından olan elektrik naqilini 1 metrinin qiyməti 2 manat olmaqla 200 manat dəyərində ümumilikdə qeyd olunan əşyaların 2023-cü ilin avqust ayına orta bazar satış qiyməti istifadə edilmə müddəti nəzərə alınaraq 10950 (on min doqquz yüz əlli) manat dəyərindədir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən “Azərİzolit" MMC-nin həyətində yerləşən plastik boru emal edən sexdən mis naqillərdən başqa digər əşyaların və Zərərçəkmiş şəxs2 işlətdiyi taxta sexindən əlavə 2 ədəd dülgər dəzgahlarına aid mühərriklərin oğurlanması xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi rədd edilmiş, toplanılmış istintaq materialları ilə Şahid1 əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibin əlamətləri təsdiq olunmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "xxxx" MMC- nin həyətində yerləşən plastik boru emal edən sexdən mis naqillərdən başqa digər əşyaların və Zərərçəkmiş şəxs2 işlətdiyi taxta sexindən əlavə 2 ədəd dülgər dəzgahlarına aid mühərriklərin oğurlanması faktı ilə bağlı 240650001№-li cinayət işindən əlavə araşdırma aparılması üçün materiallar ayrılması, cinayət işi üzrə xx.xx.2023-cü il tarixli protokolla Şahid1 götürülmüş 51 kiloqram çəkidə mis naqillər və Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd dülgər dəzgahına aid mühərrik maddi sübut kimi tanınaraq saxlanılması üçün saxlanca verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli 02-74/25 saylı "xxxx" MMC-nin daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, yuxarıda qeyd olunan məhdudiyyətlər və istifadə olunan qiymətləndirmə metodologiyası nəzərə alınmaqla aparılmış hesablamalar nəticəsində, hər bir avadanlıq üzrə müəyyən edilmiş 2025-ci il üzrə yekun bazar dəyərləri 1050 metr uzunluqda 25-lik mis metalından olan elektrik naqili üçün 13387,5 manat, 50 metr uzunluqda 16-lıq mis metalından olan elektrik naqili üçün 425 manat, 100 metr uzunluqda 6-lıq mis metalından olan elektrik naqili üçün 212,5 manat, ümumi dəyəri 14025 manat müəyyən edilmişdir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. X1 Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Məhkəmə 30 iyun 2025-ci il tarixli 02-74/25 Qiymətləndirmə rəyi ilə məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə verilmiş 56№-li rəy arasında yaranmış qiymət fərqinə münasibətdə qeyd edir ki, ilkin qiymətləndirmə rəyi cinayət hadisəsi baş verən vaxt, yəni 2023-cü il tarixdə mövcud bazar qiymətləri əsasında verilmiş, lakin işə məhkəmədə baxılan vaxt verilmiş rəydə 2025-ci ilin mövcud bazar qiymətləri əsas götürülmüşdür. Ona görə də sonuncu rəydə dəymiş ziyanın məbləği ilkin rəyə münasibətdə qismən artmışdır. Belə olan halda cinayət hadisəsinin baş verdiyi zaman, yəni 2023-cü il tarixdə mövcud bazar qiymətləri əsasında verilmiş ekspert rəyi işin həqiqi hallarına uyğun hesab edilməlidir. Ona görə də məhkəmə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 56№-li rəyi sübut növü kimi qəbul edir və ittihamın qanuni həll edilməsi zamanı nəzərə alır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 2023-cü ilin avqust ayının sonlarında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "xxxx" MMC-nin ərazisində yerləşən fəaliyyətini dayandırmış saxlanc yeri hesab olunan plastik boru emalı sexinə qanunsuz olaraq daxil olub elektrik naqillərini, özgənin, yəni "xxxx" MMC-yə məxsus 10950 manat dəyərində əmlakı zərərçəkmiş şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla, həmçinin təkrarən tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri Samux küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsinin ərazisindəki taxta sexinin açıq olan giriş qapısından saxlanc yeri hesab olanan sexə qanunsuz olaraq daxil olub “Fuqan’' markalı dülgər dəzgahının 1 ədəd 300 manat dəyərində olan mühərrikini özgənin, yəni Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində əmlakı zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 2023-cü ilin avqust ayının sonlarında tarixi və vaxtı istintaqa dəqiq məlum olmayan vaxtda Mingəçevir şəhəri H.Əliyev prospekti 67 ünvanda yerləşən "xxxx" MMC-nin ərazisində yerləşən fəaliyyətini dayandırmış saxlanc yeri hesab olunan plastik boru emalı sexinə qanunsuz olaraq daxil olub sexdə 2012-ci ildə quraşdırılmış 2021-ci ilədək mütəmadi olaraq istifadə edilmiş dəzgahları elektrik enerjisi ilə təmin edən 1050 metr uzunluqda 10500 manat dəyərində 25-lik mis metalından olan elektrik naqilini, 1 metrinin qiyməti 5 manat olan 50 metr uzunluqda 250 manat dəyərində 16-lıq mis metalından olan elektrik naqilini, 1 metrinin qiyməti 2 manat olan 100 metr uzunluqda 200 manat dəyərində 6-lıq mis materialından olan elektrik naqilini, özgənin yəni "xxxx" MMC-yə məxsus 10950 manat dəyərində əmlakı zərərçəkmiş şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs2 işlətdiyi Mingəçevir şəhəri Samux küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsinin ərazisindəki taxta sexini açıq olan giriş qapısından saxlanc yeri hesab olanun sexə qanunsuz olaraq daxil olub sexin otağında yerləşən istifadə edilmiş Rusiya Federasiyasında istehsal edilmiş, 10 il ərzində mütəmadi olaraq istifadə edilmiş, “Fuqan’' markalı dülgər dəzgahının 1 ədəd 300 manat dəyərində olan mühərrikini özgənin yəni Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində əmlakı Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq təkrarən talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəyərək onunla razılıq əldə edib barışmasını, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, cinayət nəticəsində ona vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş Sevgi adlı azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq təkrar talama məqsədilə zərərçəkmiş şəxslərə ziyan xeyli miqdarda vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞnin MSY-dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 15 yanvar 2025–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “axtarışda olan şəxsin tutulması haqqında” protokol məhz xx.xx.2025–ci il tarixdə tərtib olunmuş və həmin tarixdə Mingəçevir şəhər ərazisində tutularaq, Mingəçevir ŞPŞ-yə aparılmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, məsul saxlanca verilmiş, xx.xx.2023-cü il tarixli protokolla Şahid1 götürülmüş 51 kiloqram çəkidə mis naqillər qanuni sahibinə, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə qaytarılmalı, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd dülgər dəzgahına aid mühərrik qanuni sahibinə, Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 10950 manat məbləğində, Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan tam həcmdə ödənilmiş, dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə, həmçinin hesab edir ki, hazırkı cinayət işi üzrə mülki iddia verilmədiyindən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Keçirilmiş ekspertizalarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli 9/9226 nömrəli rəy verilməsi zamanı aparılmış ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli 02-74/25 nömrəli rəy verilməsi zamanı aparılmış ekpertiza tədqiqatının dəyəri olan 300 manat məhkəmə məsrəfi tutulub "xxxx" MMC-nin Kapital Bank ASC-də olan hesabına (kod:200145,VÖEN:**********, SWİFTkod AİİBAZ2X, M\hAZ37NABZ********************,VÖEN:**********,HESAB:AZ90AİİB******************** ) ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 sonradan mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olub, məsul saxlanca verilmiş, xx.xx.2023-cü il tarixli protokolla Şahid1 götürülmüş 51 kiloqram çəkidə mis naqillər zərərçəkmiş hüquqi şəxs "xxxx" MMCnə qaytarılsın, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd dülgər dəzgahına aid mühərrik Zərərçəkmiş şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli 9/9226 nömrəli rəy verilməsi zamanı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə, xx.xx.2025-ci il tarixli 02-74/25 nömrəli rəy verilməsi zamanı aparılmış ekpertiza tədqiqatının dəyəri olan 300 manat məhkəmə məsrəfi tutulub "xxxx" MMC-nin Kapital Bank ASC-də olan bank hesabına (kod:200145,VÖEN:**********,SWİFTkodAİİBAZ2X,M\hAZ37NABZ********************, VÖEN:**********, HESAB:AZ90AİİB********************) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar