Məhkəmə qərarları › İş №1(051)-201/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-201/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-201/2022 14.12.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2 Barəsində şikayət verilmiş şəxslər: X3 və X4 iştirakı ilə X3 və X4 barəsində Azərbaycan Respublikası CM–in 147 və 296–cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X8 tərəfindən X3 və X4 barəsində Azərbaycan Respublikası CM–in 147 və 296–cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət daxil olmuşdur. İş üzrə xüsusi ittihamçı X8 ərizəsini belə əsaslandırmışdır ki, X9 və X10 onun barəsində dəfələrlə AR Baş Prokurorluğuna, Mingəçevir şəhər Prokurorluğuna, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısına, Mingəçevir şəhər Polis Şöbəsinə və digər orqanlara bilə-bilə yalan məlumatlarla şikayət etmiş və böhtan və şər atmaqla bil-bilə yalan xəbərçilik etmişlər. Odur ki, xüsusi ittiham qaydasında şikayət üzrə onlara cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xüsusi ittihamçı X8 məhkəmə iclası zamanı şikayət ərizəsinin məzmununa uyğun ifadə verdi, şikayətinin məhkəmə icraatına qəbul edilməsini və məhkəmə baxışı təyin edilməsini məhkəmədən xahiş edir. Barəsində şikayət verilmiş X9 məhkəmə iclası zamanı izahatında şikayət dəlillərini qəbul etmədi və məhkəmədən şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Barəsində şikayət verilmiş X10 da məhkəmə iclası zamanı izahatında şikayət dəlillərini qəbul etmədi və məhkəmədən şikayətinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə xüsusi ittihamçının ifadəsini və barəsində şikayət verilmiş şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM– in 302–ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM–nin 293.3.1– 293.3.7–ci maddələrinin tələblərinə uyğun olmamaqla yanaşı, həmçinin xüsusi ittiham qaydasında baxılmalı olmayan cinayət təqibi barəsində şikayət verilmişdir. Belə ki, xüsusi ittihamçıməhkəməyə verdiyi xüsusi ittiham qaydasında şikayətində X3 və X4 bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Halbuki, həmin cinayət əməli ictimai ittiham qaydasında təqid edilən cinayətlərin dairəsinə daxildir. Həmin cinayət əməlinə xüsusi ittiham qaydasında baxılması qanunla müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM–in 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Şikayət ərizəsinin məzmunundan da görünür ki, X1 Aygün Rəşid qızını və X6 onun barəsində bilə-bilə yalan xəbərçilik etmədə və ona böhtan atmada günahlandıraraq, barələrində xüsusi ittiham qaydasında cinayət işinin başlanılmasını xahiş etmişdir. Lakin bilə-bilə yalan xəbərçilik etmə əməli (AR CM-nin 296-cı maddəsi) xüsusi ittiham qaydasında təqib edilməli əməl deyildir. Azərbaycan Respublikası CPM–in 302.1.5-ci maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM–in 302.2.3–cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2–302.1.4, 302.1.6–302.1.8–ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərarlar çıxarır. İş materiallarından göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməllərdən biri (bilə-bilə yalan xəbərçilik etmə-AR CM-nin 296-cı maddəsi) ictimai qaydada təqib edilməli olduğundan, həmçinin şikayətin məzmunu CPM–nin 293.3.1– 293.3.7–ci maddələrinin tələblərinə uyğun olmadığından, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM–in 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM–in 293,300 və 302–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti əsasında X3 və X4 barəsində Azərbaycan Respublikası CM–in 147–ci və 296-cı maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar