Məhkəmə qərarları › İş №1(051)-210/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-210/2025

26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-210/2025 26.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işsiz, subay, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 118-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi isə 2 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,277 qram çəkidə psixotrop maddə - metamfetamini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:15 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Gəncə şossesi, Nur YDM-nin yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb saat 13:15-dən 13:22-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda, yəni 0,277 qram çəkidə psixotrop maddə - metamfetamin onun əynində olan boz rəngli cins şalvarının sol yan cibindəki kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Qeyd olunan əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22 sentyabr 2025-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri, Gəncə şossesi, Nur YDM-nin yaxınlığında piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən üzərini video çəkilişlə yoxlayacaqlarını bildirmişlər. Yoxlama aparılmamışdan əvvəl ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd içərisində psixotrop maddə -metamfetamin olan kağız bükümü təqdim etmişdir. Sonra təqdim etdiyi psixotrop maddə -metamfetamin elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə ümumi çəkisinin 0,47 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, zərfin üzəri onun və proses iştirakçıları tərəfindən imzalanmışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş psixotrop maddə - metamfetamini həmin tarixdə, yəni səhər saatlarında Mingəçevir şəhəri Sağ Sahil qəsəbəsində yerləşən Əli qəbiristanlığının yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyətinin olmadığını bildirmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə içərisində üzərində aşkar olunmuş metamfetamin olan zərf videoçəkilişlə təhqiqatçıya təqdim olunmuşdur. Bu barədə protokol tərtib olunmuş, protokol o, müdafiəçi və proses iştirakçıları tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar kütləni xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhəri Sağ Sahil qəsəbəsində yerləşən Əli qəbirstanlığının yaxınlığında yerdən tapmışdır. Əvvəllər də narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Həmin kütləni üzərində gəzdirməkdə məqsədi şəxsi istifadə etmək olmuş, onu kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı övladı var. Ona görə də barəsində amnistiya aktı tətbiq edilməklə cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir Şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən “Nur” yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib, üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kağız büküm aşkar edilmişdir. Həmin bir ədəd büküm Təqsirləndirilən şəxs yanında açılarkən bükümün içərisində olan kütlənin pxisotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Psixotrop maddəyə oxşar həmin bir ədəd büküm elektron tərəzidə çəkilmişdir. Psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 0,47 qram olmuşdur. Həmin psixotrop maddəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümün içərisində olan psixotrop maddə metamfetamini 22 sentyabr 2025-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, Sağ Sahildə yerləşən "Əli qəbistanlığı” deyə adlanan ərazinin yaxınlığında yerləşən məişət tullantılarının atıldığı yerdən piyada hərəkət edən zaman taparaq əldə etdiyini, həmin bükümdəki psixotrop maddəni şəxsi istifadəsi üçün əynində olan boz rəngli cins şalvarın sol yan cibində saxladığını, xx.xx.2025-ci il tarixdə saat 13:15 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X3 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş video çəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhiqatçısına təhvil verilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəmə iclasına gəlməsi mümkün olmamışdır. Məhkəmə şahidin ifadəsini elan etmişdir. Şahid3 ibtidai istintaqda digər Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v. 01). xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynində olan boz rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi 1 ədəd çek kağızı bükümündə içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir (i.v. 10-11). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:40-dan tutulmuş hesab edilmişdir (i.v. 26). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/734 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 76” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə..” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd kağıza bükümdə təmiz çəkisi 0,277 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 40-41). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır (i.v. 52-53). “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 0,227 qram olan psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir Şəhər Polis Şöbəsinin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v. 63-64). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 65-66). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 331.2-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmişdir (i.v. 78). xx.xx.2025-ci il tarixli xasiyyətnamədə göstərilir ki, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 83). AZ-İV 977595 №li və AZ-İV 623347 №li doğum haqqında şəhadətnamələrin surətindən görünür, X4 xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində, X5 xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Valideynləri Təqsirləndirilən şəxs və X1r (i.v. 85-86). xx.xx.2025-ci il tarixli 1357 nömrəli arayışa əsasən Mustafayev X2 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (i.v. 87). xx.xx.2025-ci il tarixli, 5571 saylı Mingəçevir Şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Mustafayev X2 Şəhər rayonlararası Narkoloji Dispanserin narkoloji qeydiyyatında yoxdur (i.v. 88). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, № 1962 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v. 95). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0,227 qram olan psixotrop maddə - metamfetamin maddi sübut kimi tanınaraq saxlanca verilmiş, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 17/734 №li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1962 №li rəyləri sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 97-102). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmiş və Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,277 qram çəkidə psixotrop maddə - metamfetamini üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 13:15 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Gəncə şossesi, Nur YDM-nin yaxınlığında piyada hərəkət edən zaman saxlanılıb saat 13:15-dən 13:22-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin xeyli miqdarda, yəni 0,277 qram çəkidə psixotrop maddə - metamfetamin onun əynində olan boz rəngli cins şalvarının sol yan cibindəki kağız bükümün içərisindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən amnistiya tətbiq ediləcək şəxslərin dairəsinə aiddir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə, həmçinin qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət təqibinə xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra amnistiya aktı qəbul edilməsini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə ərizə təqdim etməklə razılıq verməsini, Amnistiya aktının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin ona münasibətdə müəyyən edilməməsini, habelə əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, sözügedən amnistiya aktına əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ərizə təqdim edərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,227 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 86 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun barəsində başlanmış cinayət təqibinə xitam verildiyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına sərf edildikdən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,227 qram olan psixotrop maddə metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71 manat 86 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar