Məhkəmə qərarları › İş №1(051)-23/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-23/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-23/2024 18.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 sentyabr 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixtrop maddələrin miqdarına habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 11.03 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 16:25-dən 16:37-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə – qurudulmuş marixuana əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə o, taksi fəaliyyəti ilə məşğul olduğu Toyota Cortolla markalı avtomobil ilə Ağdaş rayonuna müştəri apardı.Müştərini Ağdaş rayonuna düşürtdükdən sonra Mingəçevir şəhərinə geri qayıdan zaman yol kənarında moruq kollarının yetişdiyini görüb moruq yemək üçün avtomobili saxladı və moruq kolalrından moruq yeyən zaman ayağına kibrit qutusu dəydi. O, həmin kibrit qutusunu yerdən götürüb açıb baxan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu gördü. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin kibrit qutusunu özü istifadə etmək məqsədi ilə əynindəki boz rəngli şalvarın sağ cibində gizlətdi və Mingəçevir şəhərinə gəldi. xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Kolxoz bazarında olan zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirdilər və onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldilər. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları polis şöbəsinin təhiqatçısını dəvət etdilər və bundan sonra hüquqlarımı müdafiə etmək üçün vəkil X4 iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olundu. O da üzərinə baxış keçirilməsinə etiraz etmədi. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirildi. Bundan sonra o, könüllü olaraq əynindəki boz rəngli şalvarın sağ yan cibində gizlətmiş olduğu kibrit qurtusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etdi. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirildi. Axtarış zamanı zamanı üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Daha sonra həmin kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuanaya baxış keçirildi. Baxış zamanı kütlənin rəngindən və spesfik iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olundu. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkildi və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 14.33 qram oldu. Həmin narkotik vasitə qurudulmuş marixuananı təxminən xx.xx.2023-cü il tarixdə Ağdaş rayonunda moruq kollarının arasından tapmış və istifadəsi üçün üzərində saxlamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində 2 az yaşlı uşağı vardır, həyat yoldaşı vəfat etmişdir. Uşaqlara təkbaşına baxır. Odur ki, məhkəmədən göstərdiklərini nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2023-ci il tarixdə saat 15 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Hüseynov X3 şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev küçəsində yerləşən Mərkəzi bazarın yəni “Kolxoz” bazarının qarşısında idarə etdiyi Toyota Corolla markalı **- BS-*** d.q.n-li avtomobilinin qarşısında dayandığını görüb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib polis şöbəsinə dəvət etdik. Bundan sonra Təqsirləndirilən şəxs və etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı **-BS-*** d.q.n-li Mingəçevir ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X7 dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu könüllü olaraq təqdim etdi. Daha sonra şəxsin üzərinə baxış kçeirilən zaman sonuncunun üzərindən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Həmin bir ədəd kibrit qutusu açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 14.33 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd kibrit qutusunun içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu İşqılı kəndində yerdən tapdığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi Toyota Corolla markalı **-BS-*** d.q.n-li avtomobilə vəkilin və digərlərinin iştirakı ilə baxış keçirildi.Lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 10 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 11 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Şəxsi axtarış keçirilməsi barədə 09 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərində saxladığı və təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisində kütlənin spesifik iyindən narkotik vasitəyə oxşar olan kütlə aşkar olunmuşdur. İçərisində narkotik vasitəyə oxşar kütlə olan kibrit qutusu elektron tərəzidə çəkilən zaman ümumi çəkisinin 14,33 qram olması müəyyən edilmişdir. Bir ədəd “CD-R” diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 09 sentyabr 2023-cü il tarixli protokola uyğun olmuşdur. İş üzrə təyin olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/682 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik kütləyə bənzər maddə.” sözləri, adlar və imzalar yazılmış olan zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 11.03 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1538 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub.Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 11.03 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 10.98 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilməsi barədə qərarın çıxarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, onun AR CM 263.1-ci maddəsinə əsasən cinayət işi xx.xx.2018-ci il tarixdə məhkəməyə göndərilmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, AR CM 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində AR CM 263.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İşdə olan 8 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sarıyev X5 şəhəri A.Məmmədov küçəsi 10/1, mənzil 45 ünvanda yaşayır. İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sarıyev X5 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sarıyev X5 şəhər Rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İşdə olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 valideynləri Təqsirləndirilən şəxs və X6r. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan AR Mingəçevir şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin 8 saylı MİS-nin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs verdiyi xasiyyətnamədən görünür ki, Mingəçevir şəhər A.Məmmədov küçəsi 10/1, mənzil 45-də yaşayır, yaşadığı müddətdə 8 saylı MİS-nə heç bir şikayət daxil olmamışdır. Sübutların qiymətləndirilməsi haqqında 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şahid ifadələri, baxış və götürmə protokolu, məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 17/682 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1538 saylı rəyləri əldə olunmuş maddi sübut, sübut növü kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4), həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı, 34 (otuz) manat 55 (əlli beş) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 sentyabr 2023–cü il tarixdən 11 sentyabr 2023–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3– cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 10,98 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar