Məhkəmə qərarları › İş №1(051)-23/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-23/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-23/2025 29.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, xx.xx.2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixtarop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 5 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda xeyli miqdarda 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,53 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, “Dostluq Park”ının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 20:15-dan 20:30-dək olan müddətdə üzərinə keçirilən şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə - əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər də bir neçə narkotik vasitələrdən də istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb Mingəçevir şəhəri, Dostluq parkında piyada gəzən zaman narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün onun burnuna marixuana iyi gəldi və həmin vaxt o, parkda gəzdiyi yerdə ağacın dibində kibrit qutusu olduğunu görmüş, qutunun içərisində marxuana olmasından şübhələndiyi üçün həmin kibrit qutusunu yerdən götürüb içərisinə baxan zaman orada narkotik vasitə marixuana olmasını görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitə olan marixuananı ətrafda onu heç kimin görmədiyinə əmin oldqudan sonra əynindəki qara rəngli cins şalvarın sağ yan cibində uyğun vaxtı istifadə etmək üçün qoyub gizlətmiş, bir neçə dəqiqə sorna o, narkotik vasitədən istifadə etmək üçün uyğun yer tapmaq məqsədi ilə Dostluq parkından piyada çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb polis vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirib onun barəsində Mingəçevir şəhər polis şöbəsində şikayət olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişlər. Bundan sonra Mingəçevir ŞPŞ-nin NH-nin əməkdaşları polis şöbəsinin təhiqatçısım dəvət etdilər və bundan sonra hüquqlarını müdafiə etmək üçün vəkil X1m iştirakı ilə üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuş.O da üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya vardırsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmiş, baxış zamanı əynindəki qara rəgli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar edilmiş və həmin kibrit qutusu açılaraq içərisinə baxış keçirilmişdir. Həmin kibrit qutusunun içərisində olan kütlənin rəngindən və spesfık iyindən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 9.55 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri, Dostluq parkında yerdən tapmış və şəxsi istfadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.Həmçinin üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd bıçaq aşkar edilmişdir. Sorğuya cavab olaraq o, üzərindən aşkar edilmiş bıçağı yaşadığı evdən götürdüyünü və fəhlə kimi işləyən zaman nahar zamanı çörək kəsmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Evlidir. Himayəsində 1 nəfər azyaşlı uşağı vardır. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. xx.xx.2024-ci il tarixdə saat 20 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid2 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, N.Nərimanov küçəsi Dostluq parkının qarşısında görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdik. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X2 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olundu. Həmin bir ədəd kibrit qutusu açıldıqda içərisindən spesifik rəngindən və iyindən narkotik vasitə qurudulmuş marixuana oxşar kütlə olması aşkar olundu. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 9.55 qram oldu Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞnin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1 (bir) ədəd kibrit qutusunda kütlənin qurudulmuş marixuana olduğunu, özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, Dostluq parkında yerdən tapdığını və özünün istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahin oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 01 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində qara rəngli şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda ümumi çəkisi 9,55 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 17/507 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 6,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış tədqiqatın dəyəri 34,55 manatdır. Məhkəmə-ballistik ekspertizasının 04 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/506 saylı Tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1044 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan marixuanadan sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın haradan əldə etməsi və narkotik vasitələrin alveri ilə məşğul olub olmamasının əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün xx.xx.2024-cü il tarixdə əməliyyat tapşırığı verilmiş, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,53 qram narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsi və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə edilməmişdir. İş üzrə maddi sübut kimi tanınma və saxlanca verilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 6,53 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 6,48 qram olan narkotik vasitəqurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞnin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Mingəçevir şəhər rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1027 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1538 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Mingəçevir şəhər MKTK Yataqxana komendantlığı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 240 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır. Mingəçevir şəhər MKTK Yataqxana komendantlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4-də qeydiyyatdadır. Onun haqqında MKTK-nın Yataqxana komendantlığına heç bir şikayət daxil olmayıb. AZE MİS portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər xx.xx.2012-ci il təvəllüdlü Aysun adlı uşaq vardır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş X4 Şöbəsinin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 69 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə ictimai təhlükəli əməli törətdiyi zaman onda ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən o, ictimai təhlükəli əməli törətdikdən sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri mülayim ifadəli olması səbəbindən onun əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda bu xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi mülayim dərəcəli olması səbəbindən onun əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 22.1-ci maddəsinə görə Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını (59.1.4), anlaqlılığı istisna etməyən psixi pozuntusunun olmasını (59.1.9) həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olması və əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan qalıq çəkisi 6,48 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, 65 (altmış beş) manat 15 (on beş) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdən xx.xx.2024–cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 6,48 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat 15 (on beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar