Məhkəmə qərarları › İş №1(051)-24/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-24/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-24/2024 01.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, S.Vurğun küçəsi ev 53-də qeydiyyatda olmaqla Gəncə şəhəri, D.Bünyadzadə küçəsi ev 8-də yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin may ayında Mingəçevir şəhərində taksi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 avtomobili ilə sərnişin qismində gedibgəldiyi müddətdə onunla tanış olmuş, həmin ərəfədə aralarında olan söhbət əsnasında özünü ehtiyyatda olan hərbçi qulluqçu kimi təqdim edib, nüfuzlu və yüksək rütbəli tanışlarının olduğunu bildirərək, Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra sonuncunu 5000 (beş min) manata Mingəçevir şəhərində yerləşən Müdafiə Nazirliyinin 952 saylı Hərbi Hissəsinə zabit qismində işə düzəldəcəyini vəd etmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evdə ilkin olaraq 3000 (üç min) manat, daha sonra eyni vədlə xx.xx.2022-ci il tarixdə həmin ünvanda 2000 (iki min) manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 (beş min) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin payız aylarında Mingəçevir şəhərində tanış olduğu Zərərçəkmiş şəxs1 özünü ehtiyyatda olan hərbi qulluqçu kimi təqdim edib, nüfuzlu tanışlarının vasitəsilə əlilliyə görə verilən və sonradan verilməsi dayandırılan təqaüdləri bərpa etdirməyi və əlilliyə görə təqaüd düzəltməyi bacardığını bildirib, Zərərçəkmiş şəxs1 etibarını qazandıqdan sonra, sonuncunun qohumu Şahid1 əvvəllər İİ-ci qrup əlilliyə görə verilən, lakin sonradan verilməsi dayandırılan təqaüdü bərpa etdirəcəyini vəd verərək, Zərərçəkmiş şəxs1 aldadaraq, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ilə H.Əliyev prospektimin kəsişməsində sonuncuya məxsus avtomobildə 3000 (üç min) manat, eyni vədlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 göndərdiyi, Şahid2 adına olan, 4098-5844-6585-4832 nömrəli «LeoBank» plastik kart hesabına Mingəçevir şəhər ərazisində yerləşən istintaqa bəlli olmayan ödəniş terminalından Zərərçəkmiş şəxs1 göndərdiyi 300 (üç yüz) manat, eyni vədlə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində şəxsən verdiyi 150 (yüz əlli) manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 3450 (üç min dörd yüz əlli) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin may aylarında Ümid adlı şəxs ilə tanış olmuşdur. Belə ki, həmin ərəfələrdə Bakı şəhərində yerləşən avtovağzaldan Mingəçevir şəhəri, Poçtun yaxınlığında yerləşən gül mağazasında işləyən uzaq qohumu olan Gülər Əlizadə adlı şəxsə müxtəlif növdə güllər gətirməklə məşğul olmuşdur. Hərdən isə həmin gül dükanının yaxınlığında dayanmışdır. Ümid adlı şəxs isə həmin gül dükanının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkən tanış olmuşlar. O, mayor rütbəsində ehtiyyatda olan hərbi zabit olmuşdur. Ümid adlı şəxs ilə münasibətləri yaranan zaman ona özünün ehtiyyatda olan hərbi zabit olduğunu söyləmişdir. Daha sonra isə Ümid ona zabit kimi hərbiyə işə düzəlmək istədiyini bildirmişdir. O, da Ümidə onun işə düzəlməsində köməklik edəcəyini söyləmişdir. Ümid adlı şəxs ilə aralarında olan danışığa əsasən Ümid ona 5000 manat pul verməli, o, da həmin pulun müqabilində Mingəçevir şəhərində yerləşən X2 Qüvvələrinə zabit kimi Ümidi işə düzəltməyi vəd etmişdir. 2022-ci ilin may ayında Ümid adlı şəxs ilə birlikdə onların yaşadığı mənzilə getmiş, ilk olaraq mənzildə Ümid ona 3000 manat pul vermiş, eyni zamanda işə qəbulla bağlı zəruri sənədləri, şəxsiyyət vəsiqəsinin surəti, doğum haqqında şəhadətnamə, narkoloji, psixoloji dispanserdən arayış və digər zəruri sənədləri təqdim almışdır. Daha sonra həmin ilin avqust ayında yerdə qalan 2000 manat pulu da, eyni qaydada yaşadıqları mənzildə Ümiddən almışdır. Daha sonra 2022-ci ilin oktyabr ayında Ümidin zabitlik kursu başladığı üçün kursa getmiş, 2023-cü ilin yanvar ayında Ümid kursu bitirdikdən sonra Mingəçevir şəhəri, Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə zabit rütbəsində xidmətə təyin olunmuşdur. Ümidə Mingəçevir şəhəri, Hərbi X2 Qüvvələrinə düzəldəcəyi vədini vermiş, amma Ümid Mingəçevir şəhəri, Hərbi X2 Qüvvələrinin hərbi hissəsinə düzəldəcəyini vəd verdiyi üçün ondan pulunu geri istəmiş və şikayət etmişdir. Bundan başqa qohumu Gülər Əlizadə adlı qohumunun gül dükanına sifariş edilən gülləri gətirmək üçün mütəmadi olaraq Elnur adlı Mingəçevir-Bakı sürücüsü ilə Bakı şəhərinə gedib-gəlmişdir. Söhbət əsnasında Elnur ona baldızı Günel adlı şəxsə əlillik təqaüdü düzəltmək istədiyini bildirmişdir. O, da əlillik təqaüdünün düzəltməyin mümkün oİduğunu, elə bir tanışının olduğunu Elnura bildirmişdir. Elnurla aralarında olan razılığa əsasən Elnur adlı şəxsin baldızı Günelə əlillik təqaüdü düzəltməyin müqabilində Elnur ona 3000 manat pul verməyə razılaşmışdır. 2023cü ilin noyabr ayının əvvələrində Elnur özünə məxsus olan avtomobildə, ikinci dəfə isə dekabr ayının ortalarında əlbəəl olmaqla Elnur baldızı Günelin əlilliyinin bərpası məqsədilə ona ümumilikdə 3450 manat pul vermişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 il müddətdir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs ilə münasibəti Mingəçevir şəhərində yerləşən, musiqi məktəbinin qarşısında olan "Bəxtiyar" aptekin yaxınlığında özünə məxsus olan avtomobil vasitəsilə taksi fəaliyyəti ilə məşğul olan zaman tanışmışlar. Taksi fəlaiyyəti ilə məşğul olduğu yerin yaxınlığında gül satışı ilə məşğul olan qadınının yanında görmüşdür. Belə ki, həmin gül dükanında işləyən qadının yanında olan zaman Təqsirləndirilən şəxs ilə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs həmin gül dükanında işləyən qadının dayısı olaraq tanımışdır. Həmçinin, Təqsirləndirilən şəxs ona özünün polkovnik rütbəsində ehtiyyatda olan hərbiçi olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs nə vaxta kimi taksi fəaliyyəti ilə məşğul olacağını hərbiyə işə düzəlmək istədiyini və buna görə də, ona işə düzəlməsində köməklik edə biləcəyini soruşduqda, Altay Byaramov köməklik edəcəyini, lakin bunun müqabilində ondan 5000 manat pul istəmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ətraflı tanımadığından gül dükanında işləyən qadından Təqsirləndirilən şəxs necə insan olduğunu soruşduqda həmin qadın Təqsirləndirilən şəxs heç nəyə ehtiyacının olmadığını, etibarlı adam olduğunu bildirdikdə o, da Təqsirləndirilən şəxs inanıb və Mingəçevir şəhərində yerləşən hərbi hissələrdən birinə zabit kimi düzəltmək üçün istədiyi 5000 manat pulu hissə-hissə olmaqla, yəni ilkin olaraq 2022-ci ilin may ayının 25-də özünün yaşadığı Mingəçevir şəhər Nizami prospekti ev 21, mənzil 16-da yerləşən yaşadığı evdə 3000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Daha sonra 2022-ci ilin iyun ayının 28-də yenə yaşadığı mənzildə Təqsirləndirilən şəxs 2000 manat pulu əlbəəl özü vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Mingəçevir şəhərində yerləşən hərbi hissələrə işə düzəlmək, həkim komissiyasından keçmək, eyni zamanda zabitlik kursu oxumaq pulsuz olduğunu anladıqdan sonra Təqsirləndirilən şəxs etibarından sui istifadə etməsi ona məxsus olan 5.000 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etməsi məlum olmuşdur. Almış olduğu pulun 3000 və 2000 olmaqla ümumilikdə 5000 manat olmasını, yaşadığı evdə hissə-hissə olmaqla almasını və hərbçi olaraq leytenant rütbəsində işə düzəldəcəyini vəd edərək almasını düzgün bildirmişdir. Təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində ona 5000 manat maddi ziyan dəymişdir. Həmin pulun ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşməçilik olmamışdır. Mingəçevir şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin payız aylarında onun avtomobilinə müştəri qismində əyləşən Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Söhbət zamanı Altay özünü ehtiyyatda olan hərbçi mayor rütbəsində olan şəxs kimi təqdim edərək müxtəlif işlərin görülməsində bacarığı və tanışları olmasını bildirmişdir. Həmçinin Mingəçevir şəhər 20 Yanvar küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən gül dükanı işlədən Gülər adlı qadınla qohum olmalarını bildirmişdir. Gülər də onun müştərisi olduğundan onu da uzun müddətdir ki, tanıyır. O, da Gülərdən Altay barəsində soruşanda Gülər Bayramov onun dayısı olmasını və müxtəlif işləri düzəltməyi bacarmasını bildirmişdir. O, da bundan sonra Altaya inanmağa başlamışdır. Həyat yoldaşının bacısı Şahid1 əvvəllər ona əlillik təyin olunduğu üçün əlillik pensiyası təyin olunaraq pensiya almışdır. Lakin daha sonralar onun pensiyası kəsilmişdir. Himayəsində övladları var, həyat yoldaşı ilə boşanıblar. Onun ailə vəziyyəti yaxşı olmadığından habelə övladı hərbi xidmətdə olduğundan onun kəsilmiş əlillik pensiyasının bərpa olunmasmı arzuladığı üçün Təqsirləndirilən şəxs ilə söhbət edərkən baldızı Günelə əlillik pensiyasını bərpa etdirə biləcəyini soruşmuş, Təqsirləndirilən şəxs da əlillik pensiyası düzəltdirməyə imkanı olmasını, belə ki, həmin sahədə yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə kəsilmiş əliİlik pensiyasını bərpa etdirə biləcəyini demişdir. O, da qarşılığında nə qədər pul lazım olmasını bildirdikdə Təqsirləndirilən şəxs bildirib ki, əlillik pensiyasının bərpası üçün 3500 manat pul verilməlidir. O, da bu barədə baldızı ilə məsləhətləşmiş, lakin Günel pulunun olmadığını, lakin düzələrsə qaytara biləcəyini bildirmişdir. O, da Günelə bildirib ki, həmin tələb olunan 3500 manat pulu özü verəcək əlillik pensiyası düzələcəyi təqdirdə hiss-hissə geri alacaqdır. Günel də razılaşmışdır. Bundan sonra o, tanışlarından borc olaraq 3500 manat pul almışdır. 2022-ci ilin oktyabr ayının 18-də Altay ilə Mingəçevir şəhər H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində görüşüb və avtomobilində baş tutan söhbət zamanı 3000 manat pulu və baldızı Günelə aid sənədlərin surətlərini Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin vaxt aralarında baş tutan danışıqları mobil telefonla yazaraq özündə saxlamışdır. Daha sonra bir neçə gün sonra təxminən oktyabr ayının 22-də Təqsirləndirilən şəxs əlavə pul istədiyi üçün onun göndərdiyi Gülər adlı qadına məxsus kart hesabına 300 manat pul göndərmiş, Altay pul ona çatdığını bildirmişdir. Daha sonra yenə eyni məqsədlə yəni baldızı Günelə kəsilmiş əlillik pensiyasının bərpası məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxsla yenə eyni ünvanda görüşüb ona əlbəəl 150 manat pul vermişdir. Bununla da Günelin əlillik pensiyasının bərpası məqsədilə Təqsirləndirilən şəxs verdiyi pul ümumilikdə 3450 manat olmuşdur. Lakin həmin vaxtdan sonra bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə verdiyi vədinə əməl etməmiş yəni əlillik pensiyası bərpa olunmamış nə də verdiyi ümumilikdə 3450 manat pulu geri qaytarmamışdır. Buna görə də Təqsirləndirilən şəxs polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 bacısının həyat yoldaşıdır. Özü ürəyindən əməliyyat olunmağı ilə bağlı olaraq əvvəllər 2-ci qrup əlilliyi olmuşdur və buna görə də əlillik pensiyası almışdır. Lakin daha sonralar əlillik pensiyası kəsilmişdir. Himayəsində 2 övladı var və ailədə maddi vəziyyəti yaxşı deyil, tez-tez bacısı ilə və ailə üzvləri ilə söhbət edərkən əlillik pensiyasının kəsilməsinin, ailədə maddi vəziyyətini pisləşdirdiyini bildirmişdir. 2022-ci ilin payız aylarında bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs1 onlara gələrkən söhbət edəndə bildirib ki, Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur, həmin şəxs ehtiyyatda olan hərbçi kimi özünü təqdim edərək yüksək vəzifələrdə işləyən tanışlarının olmasını bildirib pul müqabilində kəsilmiş əlilliyi bərpa edə bilir. Elnur bu barədə dedikdə o, əlillik pensiyasının bərpa olunmasında Altay adlı şəxsin köməklik etməsi barədə Altayla danışmasını Elnurdan xahiş etmişdir. Bundan sonra Elnur Altay ilə danışanda ikinci qrup əlillik pensiyası bərpa etmək məqsədilə 3500 manat pul lazım olmasını Altay Elnura bildirmişdir. Elnur da ona bildirdikdə lakin bu zaman həmin məbləğdə pulu verə bilməyəcəyini bildirib əlillik almaqdan imtina etdiyini bildirmişdir. Bu zaman Elnur təklif edib ki, həmin məbləğdə pulu özü taparaq Altaya verəcək, əlillik pensiyası bərpa olunandan sonra isə öz verdiyi 3450 manat pulu Elnur alacaq. Bundan sonra 2022-ci ilin oktyabr ayının 18-28 aralığında Elnur ümumilikdə 3450 manat pulu və ona aid sənədlərin surətlərini Təqsirləndirilən şəxs vermişdir. Bir neçə dəfə də özünə aid xəstəlik və digər zəruri məlumatlar barədə Altayla mobil telefon vasitəsilə danışmış və danışıq zamanı Altay 3450 manat pulu onun əlilliyini bərpa etmək məqsədilə Elnurdan almasını bildirmişdir, tezliklə əlillik pensiyasının bərpa olunacağını ona da vəd etmişdir. Lakin həmin vaxtdan bir neçə ay keçdikdən sonra anlamışdır ki, Təqsirləndirilən şəxs onları aldadır. Bundan sonra Elnur vermiş olduğu 3450 manat pulu Altaydan geri almaq məqsədilə Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 onun pulu olmadığı üçün özü 3450 manat pul borc taparaq Təqsirləndirilən şəxs vermişdir. Daha sonra aldadılmaqlarını bildikdən sonra da Elnur ondan hər hansı vəsait istəməmişdir, ona borclu qalmamış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldadaraq 3450 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Həmçinin, onunla aralarında narazılıq yarandığı üçün barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs tanıyır. ünvan 2 ünvanda yerləşən Şəhidlər Xiyabanının yaxınlığında yerləşən “Gülüm” gül mağazasını işlədir. Mağaza üçün gül lazım olduqda o, müxtəlif taksilər vasitəsilə Bakı şəhərindən gül gətizdirmişdir. Zərərçəkmiş şəxs1 də Mingəçevir-Bakı şəhərlərindən sərnişin daşımaqla məşğuldur. Bir neçə dəfə Zərərçəkmiş şəxs1 avtomobili ilə Bakı şəhərindən Mingəçevir şəhərinə gül gətizdirmiş və tanışlığı bundan ibarətdir. Təqsirləndirilən şəxs da tanıyır. Belə ki, xalası və ailə üzvləri Gəncə şəhərində yaşayır və Təqsirləndirilən şəxs da onlarla Gəncə şəhərində qonşuluqda yaşayıblar və Təqsirləndirilən şəxs buna görə tanımışdır. Arada Mingəçevir şəhərinə gəldikdə isə Təqsirləndirilən şəxs onun yaşadığı evdə bir neçə günlük kirayəşin kimi qalmışdır. Təqsirləndirilən şəxs nə işlə məşğul olmasından onun kimlərlə Mingəçevir şəhərində münasibəti olmasından məlumatı olmamışdır. Sonralar bilib ki, 2022- ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 baldızına əlillik pensiyası düzəltmək adı ilə pul almışdır. Bu barədə Zərərçəkmiş şəxs1 özü ona danışmışdır. Lakin həmin məsələrlə bağlı onun hər hansı iştirakı olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 adlı şəxsdən də hərbçi olaraq işə düzəldəcəyi adı ilə 5000 manat pul almasını o daha sonra Ümid danışdıqda bilmişdir. Altayla Ümid arasında razılaşma, pul sair məsələlərlə bağlı hər hansı məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 ondan Altay haqqında hər hansı məlumat soruşmamışdır və o, Altayı dayısı olaraq təqdim etməmişdir. Təqsirləndirilən şəxs müxtəlif işləri həll etməsi barədə onun məlumatı olmadığı üçün o da bu barədə hər hansı fikir bildirməmiş, Təqsirləndirilən şəxs güvənilməsi üçün barəsində fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ondan müxtəlif vaxtlarda ona məxsus **********854832 nömrəli bank kartını alaraq qardaşı Səfərin ona pul göndərəcəyini bildirib kartı almışdır. Həmin kartın sms bildirişi onun mobil nömrəsinə deyil oğlunun mobil nömrəsinə gəldiyi üçün dəqiq xatırlaya bilmir ki, Təqsirləndirilən şəxs ondan kartı aldıqdan sonra hansı məbləğdə pul həmin karta göndərilmişdir. Təqsirləndirilən şəxs hansı məbləğdə pulu çıxartmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında dəqiq günü xatırlamır həmin vaxtlarda ondan kartı almış və qardaşı Səfərin pul göndərəcəyini bildirib kartdan istifadə etmişdir. Lakin o, Zərərçəkmiş şəxs1 pul alması barədə ümumiyyətlə heçnə deməmişdir. Təqsirləndirilən şəxs kartı qardaşı pul göndərəcəyini bildirib almış və kartdan pulu da özü çıxartmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində hər hansı məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pulu verdikdən bir neçə ay sonra Altay onları aldatmasını başa düşdükdə Ümid və Elnur ayrı-ayrı vaxtlarda onunla Altay barəsində danışıblar həmin vaxt bilmişdir ki, Altay Elnurdan və Ümiddən pul aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən Mingəçevir Şəhər PŞ-nə ünvanlanmış ərizədən görünür ki, baldızı Şahid1 dövlət tərəfindən kəsilmiş pensiyasını bərpa etmək məqsədi ilə, oktyabr ayının 2022-ci ilin oktyabr 18-22 tarixində Təqsirləndirilən şəxs adlı şəxsə 3500 manat pul versə də, həmin şəxs vədinə əməl etməyərək onu aldatmışdır. Həmin şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (i.v.04). xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən Mingəçevir Şəhər PŞ-nə ünvanlanmış ərizədən görünür ki, 2022-ci ilin iyun ayında əvvəllər tanıdığı X1 adlı şəxsə onu hərbi -hissədə zabit kimi işə düzəldəcəyi adı ilə 5000 manat pulunu aldadaraq alıb ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını və pulunun ondan alınaraq qaytarılmasına kömək göstərilməsini xahiş etmişdir (i.v.05). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-dən tutulmuş hesab edilmişdir (i.v.40). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o dərhal saxlanıldığı yerdən azad edilərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.53-54). “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan gorünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.55-56). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən AR CM-nin 220-ci maddəsinin İ hissəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə saxlandığı müddəti nəzərə alaraq məhkəmə zalından azad edilmiş, RF Primorsk Diyar Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmünə əsasən RF CM-nin 228-ci maddəsinin İİ hissəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, RF Primorsk Diyar Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən təyin edilmiş cəza 05 il 09 aya endirilmişdir, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hömünə əsasən AR CMin 341.2.1, 341.2.3, 320.1, 320.2, 220-1 m.1-ci hissəsi, 38-ci maddəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza müddətinin əvvəli xx.xx.2005-ci ildən hesablanmış, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarmış, xx.xx.2011-ci ildə cəzanın sonu ilə azad edilmiş, Gəncə Şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddətinin bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə Səbail RPİ-də barəsində AR CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə AR CPM-nin 40.3 və 73.2-ci maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmişdir( i.v. 64-66). xx.xx.2023-cü il tarixli “9 saylı Domtroyka” evlər üzvü tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 116). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 №-li Qərarına əsasən

1. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər.

2. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər.

3. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.

30. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CMnin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir.

31. Şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış fiziki şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah olunsun. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar