Məhkəmə qərarları › İş №1(051)-25/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-25/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-25/2025 28.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində verilmiş ittihama əsasən o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs əmək pensiyası almasına köməklik edəcəyinə yalan vəd verib, sonuncudan xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsindəki “Sahil” parkında yerləşən çayxanada 2900 manat, xx.xx.2023-cü il tarixdə saat 00:03-də ünvan 3 ünvanında yerləşən “Qədiroğlu” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə sistemi terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs onun (Təqsirləndirilən şəxs) adına olan 416973******3869 nömrəli kart hesabına göndərdiyi 1700 manat, xx.xx.2023-cü il tarixdə saat 01:00-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs həmin kart hesabına göndərdiyi 2200 manat, xx.xx.2023-cü il tarixdə saat 00:26-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketdə quraşdırılmış “Mpay” elektron ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs həmin kart hesabına göndərdiyi 1700 manat məbləğdə - ümumilikdə 8500 manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs 8500 manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək, göstərmişdir ki, o, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmişdir. X4 dostlarının vaitəsi ilə tanımışdır. Beləki, onların ortaq tanışları var. 2023-cü ilin yay aylarında Azərlə Bakı şəhəri ərazisində görüşərkən o, əvvəllər hazırda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyini lakin, sonradan işdən çıxdığını bildirərək xidmət illərinə görə əmək pensiyası almaq istədiyini ona bildirərək ondan köməklik etməyini istəmişdir. O da Azərə əmək pensiyasına çıxmağa köməklik edə biləcəyini lakin, bunun müqabilində müəyyən məbləğdə pula ehtiyac olduğunu bildirmişdir. Razılaşmışlar ki, əmək pensiyası almasına köməklik etməyi üçün Azər ona 8500 manat məbləğdə pul verəcəkdir. Azər də onunla razılaşmış, lakin, Azər həmin vaxt üzərində pul olmadığını Mingəçevir şəhərinə getdikdən sonra pulu ona göndərəcəyini bildirmişdir. Həmin vaxt o da Gəncə şəhərinə getməli olduğu üçün birlikdə Mingəçevir şəhərinə getmək barədə razılaşmışlar. Ertəsi gün Azərlə birlikdə Mingəçevir şəhərinə getmişlər. Mingəçevir şəhərində Kür çayının sahilində yerləşən parkda olan zaman Azər zəng edərək qohumu Şıxəli adlı şəxsi də çağırmışdır. Birlikdə çay içən zaman Azər yaşadığı evə gedib geri qayıtmış və ona 2900 manat məbləğdə pul vermişdir. Qalan pulu isə Azərin onun kart hesabına göndərməsi barədə razılaşmışlar. Sonra o, Gəncə şəhərinə getmiş, oradan isə Bakı şəhərinə qayıtmışdır. Həmin günlər yəni 2023-cü ilin avqust ayının son günlərində Azər hissə-hissə olmaqla ümumilikdə 5600 manat məbləğdə pulu onun kart hesabına yükləmişdir. Beləliklə Azər əmək pensiyası almasına köməklik etməyi üçün ona 8500 manat məbləğdə pul vermişdir. O, Azərdən pul aldıqdan sonra bir neçə nəfərlə maraqlanıb Azərin əmək pensiyası almasına heç bir köməklik göstərə bilməyəcəyini bilmişdir. Azərdən aldığı pulu isə öz ehtiyacı üçün sərf etmişdir. Buna görə də hər dəfə Azərlə telefonla əlaqə saxladıqda Azərə müxtəlif bəhanələr gətirərək guya ki, işini tezliklə həll ediləcəyini bildirmişdir. Həqiqətdə o, bununla bağlı heç kəslə əlaqə saxlamamış, bu məqsədlə də heç kəsə hər hansı məbləğdə pul verməmişdir. Azərdən aldığı pulu gündəlik tələbat xərclərinə sərf etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən 2004-cü ilədək ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin struktur bölmələrində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2004-cü ildən işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs da Milli Təhlükəsizlik Nazirliyində işləyibdir. Elfaqla münasibətləri normal olubdur. Son zamanlar işlədiyi illərə görə pensiya almaq istədiyi üçün bu məqsədlə ona köməklik göstərməsi üçün müxtəlif şəxslərə müraciət etmişdir. Lakin, heç kəs ona köməklik göstərməmişdir. 2023-cü ilin avqust ayının sonlarında Bakı şəhərində olarkən təsadüfən Elfaqla görüşmüş, söhbət zamanı Elfaqa pensiya almaq üçün müxtəlif şəxslərə müraciət etdiyini bildirmişdir. Həmin zaman Elfaq ona tanışları vasitəsi ilə onun pensiya almasına köməklik göstərə biləcəyini bildirmişdir. Beləki, pensiya almasına köməklik göstərməsi müqabilində ondan 10000 manat məbləğdə pul istəmişdir. O, isə 10000 manat məbləğdə pulu verə bilməyəcəyini, lakin, 8500 manat məbləğdə pul verə biləcəyini Elfaqa demiş Elfaq da onunla razılaşmışdır. Lakin, həmin zaman Elfaqa üzərində pul olmadığını, pulu Mingəçevir şəhərinə getdikdən sonra verə biləcəyini demişdir. Elfaq da ona ertəsi gün Gəncə şəhərini gedəcəyini bildirmiş, razılaşmışlar ki, birlikdə Mingəçevir şəhərinə getsinlər Mingəçevir şəhərində o, pulu Elfaqa versin. Ertəsi gün yəni, xx.xx.2023-cü ildə Elfaqla birlikdə Mingəçevir şəhərinə gəlmişlər. Mingəçevir şəhərində Kür çayının sahilindəki parkda yerləşən çayxanada Elfaqla birlikdə əyləşib çay içən zaman o, telefon vasitəsi ilə zəng edərək qayını Şıxəlini də yanlarına dəvət etmişdir. Bir qədər sonra Şıxəli də onların yanına gəlmişdir. O, Elfaq və Şıxəliyə çayxanada onu gözləmələrini evə gedib Elfaqa verəcəyi pulun bir hissəsini gətirəcəyini dediyi üçün Elfaqla Şıxəli çayxanada əyləşib onu gözləmişlər o, isə yaşadığı evə gedib evdən 2900 manat məbləğdə pul götürüb geri qayıdaraq həmin çayxanada pulu Elfaqa vermişdir. Bildirmişdir ki, pulun qalan hissəsini isə 2-3 gün müddətində Elfaqa göndərəcəkdir. Bundan sonra Elfaq Gəncə şəhərinə getmişdir. Daha sonra yəni, xx.xx.2023-cü il tarixdə o, Elfaqın ona göndərdiyi Elfaqın adına olan plastik kart hesabına Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemi terminalları vasitəsi ilə 1700 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə isə 1700 manat məbləğdə pul göndərmişdir. Pulu göndərdikdən sonra Elfaqla əlaqə saxlayıb maraqlandıqda pulun kart hesabına keçdiyini və kartdan pulu çıxardığını ona bildirmişdir. Elfaq ona bildirmişdir ki, təxminən 1 ay müddətində pensiya alacağı kartı ona təqdim edəcəkdir. Lakin, sonradan o, Elfaqla əlaqə saxladıqda Elfaq hər dəfə müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyini bildirsə də o, Elfaqın onu aldatdığını başa düşüb Şıxəli ilə birlikdə Bakı şəhərinə gedərək orada Elfaqla görüşüb pulunu geri istəmişdir. Lakin Elfaq yenə də müxtəlif bəhanələr gətirərərk pulu geri qaytarmamış, bu səbəbdən də o, Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə ona dəymiş ziyanı ödədiyindən barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X5 onun qaynıdır. Münasibətləri normaldır. Aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Boş vaxtlarını bir yerdə keçirirlər. Azər 1996-cı ildən 2004-cü ilədək ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin struktur bölmələrində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 2004-cü ildən işdən azad olunub. Təqsirləndirilən şəxs Azərin vasitəsi ilə tanımışdır. Beləki, 2023-cü ilin avqust ayının sonlarında Azər ona zəng edərək bildirmişdir ki, onunla eyni vaxtda Milli Təhlükəsizlik Nazirliyində işləyən Elfaq adlı şəxslə Bakı şəhərində görüşən zaman Elfaq Azərə pensiya almasına köməklik göstərə biləcəyini deyibdir. Bu məqsədlə Elfaq Azərdən 10000 manat məbləğdə pul istəyibdir. Azər isə Elfaqa ümumilikdə 8500 manat məbləğdə pul verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Azər ona zəng edərək Elfaqla Kür çayının sahilində yerləşən çayxanada olduqlarını bildirərək onu da ora dəvət etmişdir. O da həmin çayxanaya getmişdir. Orada Elfaqla görüşmüş, daha sonra Azər Elfaqa verəcəyi pulun bir hissəsini gətirmək üçün yaşadığı evə getmiş, o, isə həmin müddət ərizində Elfaqla birlikdə çayxanada əyləşib çay içmişlər. Bir qədər sonra Azər geri qayıtmış və onun yanında Elfaqa 2900 manat məbləğdə pul vermişdir. Daha sonra Azər eyni məqsədlə xx.xx.2023-cü il tarixdə Elfaqın göndərdiyi Elfaqın adına olan plastik kart hesabına Mingəçevir şəhəri ərazisində yerləşən mağazalarda quraşdırılmış elektron ödəmə sistemi terminalları vasitəsi ilə 1700 manat, xx.xx.2023-cü il tarixdə 2200 manat, xx.xx.2023-cü il tarixdə isə 1700 manat məbləğdə pul göndərmişdir. Lakin, sonradan Azər Elfaqla əlaqə saxladıqda Elfaq hər dəfə müxtəlif bəhanələr gətirərək işin tezliklə düzələcəyini bildirmişdir. Lakin, Elfaqın vəd etdiyi işi həll etmədiyi üçün o, Azərlə birlikdə bir neçə dəfə Bakı şəhərinə gedərək Elfaqla görüşərək ondan pulu geri istəmişlər. Lakin, Elfaq yenə də pulu tezliklə qaytaracağını bildirsə də Azərdən aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən də Azər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İşdə olan sübutlar: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsi tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə həbs edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə xitam olunmuşdur. xx.xx.2024-cü il tarixli Şəmkir Rayon Polis X2 müstəntiqi, polis baş leytenantı X1 tərəfindən qərara alınan “ şəxsin cinayət məsuliyyətindən azad edilərək cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən prokurorla razılaşdırılmış qaydada cinayət məsuliyyətindən azad edilmiş və barəsində aparılan AR CM-nin178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət təqibinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə ona dəymiş ziyanı ödədiyindən barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin 249 saylı qəbzindən görünür ki, cinayət nəticəsində vurulmuş zərərin 25% hissəsi (2153 manat) 26 yanvar 2025-ci il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi: Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 177-ci maddənin qeyd hissəsinin 2-ci bəndi Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— 178.2. Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmənin mövqeyi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4–cü maddəsi ilə başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar